Məhkəmə qərarları › İş №e-2-2(117)-1869/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1869/2025

05.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1869/2025 05.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 7823.63 manat əsas borcun və məhkəməyə ödənilən 98.23 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndə-cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 7823.63 manat əsas borcun və məhkəməyə ödənilən 98.23 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il əkin mövsümü üçün iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Q/2024/004 nömrəli “Tütünün istehsalına dair” müqavilə imzalanmışdır. Müqavilənin preambulasının 2-ci bəndinə əsasən cavabdehin istifadəsində 8.45 ha torpaq/əkin sahəsi vardır və müqavilənin 1-ci maddəsinə əsasən həmin müqavilənin 1 saylı Əlavəsində göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu tam həcmdə iddiaçıya təhvil verməli, iddiaçı isə tələblərə uyğun olan tütün məhsulunu tam həcmdə qəbul edib dəyərini ödəməlidir. Sözügedən müqavilənin 6.1-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehə malların təhvil-qəbul aktı ilə rəsmiləşdirilən, ümumilikdə 6.636,22 manat dəyərində mallar təqdim etmiş və xidmətlər göstərmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 14.365 manat dəyərində avans da ödənilmişdir. Nəticədə, cavabdehin iddiaçıya 21.001,22 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən 2024-cü il əkin mövsümü üçün ümumi 58.835 kiloqramlıq, müvafiq e-qaimələrlə dəyəri 17.182,65 manat olaraq müəyyənləşdirilən tütün təhvil verilmişdir. Qeyd olunan məbləğdən 13.177,59 manat cavabdehin iddiaçıya olan borcundan silinmiş, qalan məbləğ isə iddiaçıya ödənilmişdir. Beləliklə, cavabdehin iddiaçıya 7.823,63 manat borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixdə borcun ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən hər hansı addım atılmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci, 21.2-ci, 389.1-ci, 390.1-ci, 425.1-ci, 443.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada poçt vasitəsilə xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanı üzrə çatdırılmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

5. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

V. Sübutların tədqiqi:

15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Azərtütün) və Cavabdeh (fermer) arasında xx.xx.2023-cü il tarixdə Q/2024/004 nömrəli “Tütünün istehsalına dair” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndindən göründüyü kimi müqavilənin şərtlərinə uyğun olaraq fermer 2024-cü il məhsul mövsümü üçün əkin sahəsində Azərtütünün nəzarəti və rəhbərliyi altında Əlavə №1-də göstərilən kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun tütünü istehsal edib əldə edilmiş məhsulu (əkin sahəsində yetişdirilmiş və əmtəə keyfiyyətinə malik bütün yaş tütün) tam həcmdə Azərtütünə təhvil verməyi, Azərtütün isə məhsulu bu müqavilənin göstərilən şərtlərinə uyğun olaraq tam həcmdə qəbul edib dəyərini fermerə ödəməyi öz öhdəsinə götürmüşdür.

16. 12.02.2024-cü il tarixli TBL_0012744 nömrəli (816 manat), xx.xx.2024-cü il tarixli TBL_013738 nömrəli (990 manat, 2444 manat, 1664 manat), xx.xx.2024-cü il tarixli TBL_019538 nömrəli (500 manat), xx.xx.2024-cü il tarixli TBL_0110538 nömrəli (222.22 manat) malların təhvil-qəbul aktlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Q/2024/004 nömrəli tütünün istehsalına dair müqaviləyə əsasən cəmi 6636,22 manat məbləğində mallar təhvil verilmişdir.

17. 19.03.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (1690 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (2535 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (845 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (2535 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (2535 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (4225 manat) ödəniş tapşırıqlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2023-cü il tarixli Q/2024/004 nömrəli müqavilə üzrə ümumilikdə 14.365 manat avans köçürülmüşdür.

18. 19.07.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (179.58 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (140.66 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (475.02 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (1000 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (339.41 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (381.38 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (335.17 manat), xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (1086.56 manat) və xx.xx.2024-cü il tarixli bankdaxili #004İNT********** nömrəli (67.28 manat) ödəniş tapşırıqlarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehin hesabına təhvil verilmiş tütün üçün (17.182,65 manat dəyərində olan 58.835 kq, 1-ci, 2-ci növ yaş tütün) ümumilikdə 4005.06 manat pul vəsaiti köçürülmüşdür. (ödənişin təyinatı və əsası: xx.xx.2023-cü il tarixli Q/2024/004 nömrəli müqavilə, MT2407 11271107, MT2407 11711656, MT2408 10469756, MT2408 10918385, MT2408 11404677, MT2409 11158382, MT2409 11671318, MT2410 10647295, MT2410 11150158 elektron qaimə-fakturalara əsasən)

19. İddiaçı ASC (Azərtütün) və Cavabdeh (fermer) arasında bağlanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı borcların əvəzləşdirilməsinə dair aktdan göründüyü kimi 2024-cü il üzrə yaranmış qarşılıqlı borcların 13177.59 manat dəyərində hissəsi əvəzləşdirilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

17. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

18. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə Q/2024/004 nömrəli “Tütünün istehsalına dair” müqavilənin bağlanmasından, iddiaçı tərəfindən cavabdehə həmin müqaviləyə əsasən ümumilikdə 6636,22 manat məbləğində malların verilməsindən, xidmətlərin göstərilməsindən, ümumilikdə 14.365 manat manat pul vəsaitinin avans olaraq cavabdehin hesabına köçürülməsindən, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 17.182,65 manat dəyərində olan 58.835 kq miqdarında 1-ci, 2-ci növ yaş tütünün təhvil verilməsindən, onun 13177.59 manat dəyərində hissəsinin cavabdehin borcuna uyğun olaraq qarşılıqlı əvəzləşdirilməsindən, 4005.06 manat hissəsinin cavabdehin hesabına köçürülməsindən ibarətdir.

19. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

20. Belə ki, iş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli Q/2024/004 nömrəli “Tütünün istehsalına dair” müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 6636,22 manat dəyərində mallar verilmiş/xidmətlər göstərilmiş, 14.365 manat məbləğində pul vəsaiti avans olaraq cavabdehin hesabına köçürülmüş, 17.182,65 manat dəyərində təhvil verilən tütünün 13177.59 manat hissəsi cavabdehin borcu ilə əvəzləşdirilmiş, qalan hissəsi cavabdehin hesabına köçürülmüş, cavabdehin borcundan çıxılmamış, nəticədə cavabdehin həmin müqavilə üzrə 7823.63 manat (6636,22 manat + 14.365 manat - 13177.59 manat) borcu qalmışdır. Qeyd edilən hallar məhkəməyə təqdim edilmiş malların təhvil-qəbul aktları, elektron qaimə-fakturalar, qarşılıqlı borcların əvəzləşdirilməsinə dair akt və ödəniş tapşırıqları ilə öz təsdiqini tapmışdır. İddiaçı tərəf məhkəməyə müraciət edərək həmin müqavilə üzrə 7823.63 manat pulun cavabdeh tərəfindən ödənilmədiyini bildirmişdir.

21. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Eyni zamanda məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehin ünvanı üzrə çatdırılsa da, cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq tütün təhvil verilməsi, artıq ödəniş edilməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

22. Yekun olaraq Cavabdeh 7823.63 manat əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

23. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

24. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

25. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

26. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

Vİİ. Məhkəmə məsrəfləri:

27. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 98.23 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 98.23 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7823.63 manat əsas borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 98.23 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar