Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1870/2025 19.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh “X2” ASC-yə qarşı “cavabdehdən 92 607,88 manat əsas borc, 18 521,58 manat cərimə borcu və 402 manat dövlət rüsumu olmaqla, cəmi 111 531,46 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehdən 92 607,88 manat əsas borc, 18 521,58 manat cərimə borcu və 402 manat dövlət rüsumu olmaqla, cəmi 111 531,46 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 22 iyun 2018-ci il tarixli HT050-18 saylı alqı-satqı müqaviləsi əsasında e-qaimələrə əsasən cəmi 1.581.666,41 manat (ƏDV daxil) dəyərində mallar cavabdehə satılmış, 11.152,42 manat (ƏDV daxil) dəyərində mallar geri qaytarılmış və 1.477.906,11 manat (ƏDV daxil) dəyərində ödəmə edilmiş, lakin MT**********28 (xx.xx.2024), MT**********28 (xx.xx.2024), MT**********67 (xx.xx.2025), MT**********22 (xx.xx.2025), MT**********04 (xx.xx.2025), MT**********24 (xx.xx.2025), MT**********80 (xx.xx.2025), MT**********64 (xx.xx.2025), MT**********31 (xx.xx.2025), MQ**********48 (xx.xx.2025), MT**********14 (xx.xx.2025), MT**********07 (xx.xx.2025) eqaimələr üzrə cəmi 92.607,88 manat (ƏDV daxil) məbləğin ödənişi edilməmişdir. Müqavilənin 5.1.-ci maddəsinə və həmin müqavilənin əlavələri olan X3 əsasən malların dəyəri, mallar təhvil verildikdən sonra 30 gün ərzində 100% ödənilməlidir. Lakin dəfələrlə şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq 92.607,88 manat (ƏDV daxil) məbləğ bu günədək ödənilməmişdir. Eyni zamanda Müqavilənin 8.4-cü maddəsinə əsasən “Malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin Malını dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.” olduğunu nəzərə alaraq cavabdeh vaxtında ödəmə etmədiyi üçün iddiaçıya 18.521,58 manat əlavə cərimə ödəməlidir. İddiaçı tərəf hazırkı mərhələdə öz pozulmuş hüquqlarının aradan qaldırılmasının qarşısının alınmasının yeganə üsulu kimi məhkəmənin qanunvericiliyin ona verdiyi səlahiyyətindən istifadə edərək ədaləti bərpa edə bilmək imkanını qəbul edir və buna görə də yuxarıda şərh olunanları diqqətə çəkərək işin faktiki və hüquqi hallarına əsasən və MPM-in 149-150-ci maddələrinə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir.
3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1870/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. II. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh ilə aralarında metal məmulatların alqı-satqısına dair müqavilə imzalanmışdır. Cavabdeh şirkətlə 2018-ci ildən etibarən əməkdaşlıq edirlər. İlk zamanlar götürülən malların dəyərini ödəyirdilər. Lakin 2025-ci ildən ödəməni gecikdirməyə başladılar. 2025-ci ilin dekabr ayından etibarən qarşı tərəfin borclarını ödəmədikləri nəzərə alınaraq məhkəməyə müraciət etmişlər. Cavabdeh borcunu qəbul edir. İş üzrə ƏDV daxil 92 607,88 manat, müqavilənin 8.4-cü maddəsinə əsasən ödənişlərin gecikdirilməsi üçün yaranan cərimə məbləği 18 521,58 manat və məhkəmə xərcləri üçün ödədikləri 402 manat olmaqla cavabdehin cəmi 111 531,46 manat öhdəliyi vardır. Malı satan şirkət ƏDV-ni çıxartmalıdır. İlk öncə topdan və ya pərakəndə şəkildə ƏDV alınır. Daha sonra isə ƏDV bəyannaməsi verərək dövlətin hesabına köçürür.
5. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia edilən əsas borcla, yəni təxminən 70 000 manatla razı olsalarda, həmin borca əlavə hesablanan ƏDV məbləği ilə və cərimə borcu ilə razı deyillər. Bunları nəzərə alaraq cavabdehin ümumi borcunun azaldılmasını xahiş edirlər.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
15. İşdə olan İddiaçı MMC (satıcı) və “X2” ASC (alıcı) arasında bağlanmış 22 iyun 2018-ci il tarixli HT050-18 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya onun sifarişi əsasında bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “X1”nda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə həmin malı qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. 8.4-cü bəndinə əsasən, malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0.1%-i miqdarında (lakin malın 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir.
16. xx.xx.2025-ci il (3525,07 manat), xx.xx.2025-ci il (4492,26 manat), xx.xx.2025-ci il (39084,73 manat), xx.xx.2025-ci il (7427,86 manat), xx.xx.2025-ci il (306.21 manat), xx.xx.2025-ci il (9513,8 manat), xx.xx.2025-ci il (1982,4 manat), xx.xx.2025-ci il (1203,77 manat), xx.xx.2025-ci il (21627,77 manat), xx.xx.2025-ci il (72,22 manat), xx.xx.2025-ci il (7340,43 manat), xx.xx.2025-ci il (72,22 manat), xx.xx.2025-ci il (988.13 manat və xx.xx.2025-ci il (874,79 manat) tarixli malların təhvil-qəbul aktlarından iddiaçı tərəfindən cavabdehə ümumilikdə 98511,66 manat dəyərində mal təhvil verildiyi öz təsdiqini tapır. (Qeyd edilən aktlara uyğun olaraq X1 iş materiallarına əlavə edilmişdir)
17. 03.07.2018-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan 94 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1 581 667,35 manat dəyərində malların verilməsi barədə elektron qaydada qaimə göndərilmişdir.
18. 21.11.2023-cü il tarixli 2 ədəd və xx.xx.2025-ci il (4846.97 manat) tarixli 1 ədəd Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan cavabdeh tərəfindən ümumilikdə 11 152,42 manat dəyərində malların iddiaçıya geri qaytarılması barədə elektron qaydada qaimə göndərilmişdir.
19. Paşa Bank ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2018-ci il – xx.xx.2025-ci il tarix aralığında ümumilikdə 1 245 726,19 manat vəsait daxil olduğu qeyd edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
23. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.
24. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların verilməsindən və cavabdeh tərəfindən iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir. Cavabdeh əlavə dəyər vergisi istisna olmaqla əsas borca aid hissədə iddianı mübahisələndirməmişdir.
25. İşin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
26. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə tərəflərin izahatlarından göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş (elektron qaimə-fakturalara, malların təhvil-qəbul aktlarına əsasən), cavabdeh həmin malların bir hissəsini geri qaytarmış (elektron qaimə fakturalara əsasən), bir hissəsi üçün ödəniş etmiş, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçıya ödənilməmiş borcu qalmışdır. Elektron qaimə-fakturalar sadəcə öz-özlüyündə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini və cavabdehin borcunun qalmasını sübut etməsə də, müqavilənin şərtləri, qiymətlərin razılaşdırılması protokolları, malların təhvil-qəbul aktları və tərəflərin məhkəmə iclasında verdiyi izahatları ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya 92 607,88 manat dəyərində borcunun qaldığı təsdiq olunur.
27. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia edilən əsas borcla, yəni təxminən 70 000 manatla razı olsalarda, həmin borca əlavə hesablanan ƏDV məbləği ilə və cərimə borcu ilə razı olmadıqlarını bildirmişdir. Lakin qiymətlərin razılaşdırılması prokollarından və eyni zamanda malların təhvil-qəbul aktlarından da göründüyü kimi cavabdeh malları təhvil almış və onların ƏDV daxil olmaqla razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
28. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə cavabdehdən müqavilənin şərtinə əsasən 18 521,58 manat məbləğində cərimənin tutulmasını tələb edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən əsas borcun 4%-i həcmində, yəni 3704.32 manat məbləğində cərimə borcunun tutulması ədalətli və ağlabatandır.
29. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...
30. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 92 607,88 manat əsas borcu, 3704.32 manat cərimə borcu qalmışdır ki, bu hal iş materialları və tərəflərin nümayəndələrinin izahatları ilə öz təsdiqini tapır.
31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
32. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 92 607,88 manat əsas borc, 3704.32 manat cərimə borcu olmaqla, cəmi 96 312,2 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
33. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (401.13 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə 347.65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “X2” ASC-dən 92 607,88 manat əsas borc, 3704.32 manat cərimə borcu olmaqla, cəmi 96 312,2 manat borc və ödənilmiş 347.65 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov