Məhkəmə qərarları › İş №e-2-2(117)-188/2020

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-188/2020

22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-188/2020 22.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “6061 manat əsas borc və 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2657-GL/15 nömrəli lizinq (güzəşt) müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 17912 manat olan kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə cəmi 11605 manat pul ödəmiş və onun 6061 manat əsas borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2657-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 17912 manat olan kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına ilkin ödəniş etmiş, qalan məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı ASC-dən lizinqə traktor götürmüş, həmin vaxt mexaniki dəstənin müdiri işləmişdir. Rəhbərlik tərəfindən qərar verilmişdir ki, traktorla görülən işlərin müqabilində ödəniləcək məbləğ müqavilə üzrə borcun ödənilməsinə yönəldilsin. Bu barədə aktlar tərtib edilmişdir. Lakin rəhbərlik dəyişildikdən sonra ona 6061 manat borc yazılmışdır. Dəfələrlə İddiaçı ASC-yə getməsinə baxmayaraq köhnə işçiləri tapa bilməmişdir. Onun borcu yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafikləri, maliyyə arayışı, əmr və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada lizinq predmetini cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh xx.xx.2015-ci il tarixli 2657-GL/15 nömrəli lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımıca yerinə yetirməmiş və iddiaçıya 6061 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli və 6061 manat borc cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bundan başqa məhkəmə cavabdehin borcu olmamasına dair sübut kimi məhkəməyə təqdim etdiyi kserosurət şəklində olan İddiaçı ASC-yə ünvanlanmış 2011 və 2012-ci il tarixli məlumatlara münasibətdə qeyd edir ki, həmin sənədlər kserosurət olduğundan sübut kimi qəbul olunmur. Bundan başqa həmin sənədlərdən görünür ki, sənədlər cavabdehin lizinqə götürdüyü texnikanın işləməsi nəticəsində ona ödənilməli olan vəsaitin lizinq ödənişinə yönəldilməsi ilə bağlıdır. Həmin məlumatların tarixindən görünür ki, məlumatlar 2011 və 2012-ci illərdə yazılaraq imzalanmışdır ki, hazırda mübahisə predmeti olan borc məbləği xx.xx.2015-ci il tarixli 2657-GL/15 nömrəli lizinq müqaviləsi üzrə yaranmış borc məbləğidir. 2011 və 2012ci illərdə mövcud olmayan müqavilə üzrə ödəniş edilməsi və ya hansısa vəsaitin lizinq predmetinə yönəldilməsindən isə söhbət gedə bilməz. Bu səbəbdən də cavabdehin məhkəməyə təqdim etdiyi sübutlar hazırki mübahisənin həllinə təsir etmədiyindən həmin sənədlərin əsllərinin və ya müvafiq qaydada təsdiq olunmuş surətlərinin əldə edilməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin etiraz dəlilləri əsassız, idiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə icraat əmr icraatı qaydasında başlandığından və sonra iddia icraatına keçildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş qalan 10 manat dövlət rüsumu isə cavabdehdən dövlət gəlirinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 6061 manat əsas borc, 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh ödənilməmiş 10 manat dövlət rüsumu Dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar