Məhkəmə qərarları › İş №e-2-2(117)-1880/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1880/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1880/2025 22.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “1337 manat borcun və 33.37 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “1337 manat borcun və 33.37 manat məbləğində dövlət rüsumunun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Yevlax filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 18/21-089 saylı alğı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Varvara kəndi ərazisində 2,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 1337 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 222,00 manat məbləğində şum, 51,00 manat məbləğində mala çəkmə, 80,00 manat məbləğində kanal çəkmə, 42,00 manat məbləğində çiyid səpini, 48,00 manat məbləğində kultivasiya, 510,00 manat məbləğində gübrə, 384,00 manat məbləğində lifsiz çiyid, ümumilikdə, 1337,00 manat məbləğində dəyərində işlər, xidmətlər görülmüş, avans verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da xam-pambıq təhvil verməmiş, çəkilmiş xərclərdən hazırkı dövrə kimi 1337,00 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçı MMC (alıcı) ilə Cavabdeh (satıcı) arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-089 nömrəli “Xam pambığın alqı-satqısına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı mülkiyyət hüququ ilə özünə məxsus olan/istifadəsində olan Yevlax rayonu, Varvara kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, Alıcı isə məhsulu qəbul etməyi və onun dəyərini Satıcının borclarını çıxmaq şərtilə Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilələrin 7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 1337 manat borcu qalmışdır. İddiaçı tərəf müqavilə üzrə yaranmış öhdəliklərini yerinə yetirmiş olsa da, cavabdeh tərəf öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. İş materiallarına əlavə olunmuş “İş və xidmətlərin yerinə yetirilməsi” aktından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixə qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmış və həmin aktdan göründüyü kimi ümumilikdə 1337 manat məbləğində iş və xidmətlər yerinə yetirilmiş və ödənilməmişdir. Bu akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehin rəsmi qeydiyyatda olduğu Mingəçevir şəhəri N saylı H/H-yə göndərilmiş, lakin N saylı hərbi hissə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2021-ci il tarixdə hərbi hissədən ehtiyata buraxıldığını bildirmiş, bundan sonra qeyd edilən sənədlər cavabdehə rəsmi qaydada çatdırılması üçün xx.xx.2026-cı il tarixdə məhkəmə tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətinə elektron qaydada göndərilmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: müqavilə, iş və xidmətlərin görülməsi barədə akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, müqavilədən göründüyü kimi mahiyyət etibarı ilə tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 2 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli 18/21-089 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı mülkiyyət hüququ ilə özünə məxsus olan/ istifadəsində olan Yevlax rayonu, Varvara kəndində yerləşən 2 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini satıcının borclarını çıxmaq şərtilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən pambığın becərilməsinə görə ümumilikdə 1337 manat məbləğində iş və xidmətlər yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən həmin yaranmış borcdan heç bir ödəniş edilməmiş və nəticədə cavabdehin müqavilə üzrə 1337 manat ödənilməmiş borcu qalmışdır. Qeyd edilənlər xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və hər iki tərəfin özü və ya nümayəndəsi vasitəsilə imzalanaraq təsdiqlənmiş “İş və xidmətlərin yerinə yetirilməsi” aktı ilə öz təsdiqini tapır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oluğundan təmin edilərək 1337 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh məhkəmə icraatı barədə məlumatlı olsa da, iddia barədə hər hansı bir etiraz və ya vəsatət təqdim etməmiş, iddia tələbi ilə razı olmadığını bildirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparılmamış, iddiaçının təqdim etdiyi sübutlarla kifayətlənmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının iddia tələbinə uyğun olaraq ödədiyi 33.37 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1337 manat borc və 33.37 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar