Məhkəmə qərarları › İş №e-2-2(117)-1887/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1887/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1887/2025 05.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Vəlicanov Albəy Rafiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “2025-ci il 30 aprel tarixli OL-Q- 006-25 nömrəli operativ lizinq müqaviləsinə əsasən 5300 manat əsas borc, 1750 manat cərimə, 2025-ci il 30 aprel tarixli RP/01 nömrəli razılaşma protokoluna əsasən 4500 manat əsas borc, 124,65 manat dövlət rüsumu olmaqla, cəmi 11674,65 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı “2025-ci il 30 aprel tarixli OL-Q-006-25 nömrəli operativ lizinq müqaviləsinə əsasən 5300 manat əsas borc, 1750 manat cərimə, 2025-ci il 30 aprel tarixli RP/01 nömrəli razılaşma protokoluna əsasən 4500 manat əsas borc, 124,65 manat dövlət rüsumu olmaqla, cəmi 11674,65 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, operativ lizinq müqaviləsinə əsasən 1 ədəd DEUTZ FAHR 6205 markalı, 1 ədəd DEUTZ FAHR 6040 markalı taxılyığan kombaynları və 30 aprel 2025-ci il tarixli RP/01 nömrəli razılaşma protokoluna əsasən 1 ədəd 5 gövdəli kotanı, 1 ədəd PKKMP-4-40P markalı kotanı, 1 ədəd Tigabo markalı ağır diskli mala ona istifadəyə verilmiş, həmin müqavilənin və razılaşma protokolunun şərtlərinə əsasən, cavabdeh texnikalardan istifadəyə görə müəyyən edilmiş 22000 manat məbləği ödəməli olduğu halda, həmin texnikaların istifadəsinə görə 12200 manat ödəniş etmiş və cavabdehin cəmiyyətə hazırda 9800 manat borcu vardır. Cavabdeh ödənişləri texnikaların istifadə müddəti ərzində müqavilənin 1.2-ci bəndinə və razılaşma protokolunun 1-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh iddiaçı ilə bağladığı müqavilədə və razılaşma protokolunda nəzərdə tutulmuş ödənişlərinin vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq, müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə dəyərinin 0,1 faizi həcmində cərimə ödənilməsini təmin edir. Buna əsasən, hazırkı dövrədək olan cərimənin məbləği 1750 manat təşkil etmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli OL-Q-006-25 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqavilənin: 1-ci bəndinin 1 və 2-ci hissələrinə əsasən, lizinqə verən kənd təsərrüfatı texnikasını mülkiyyət hüququnun lizinq alana keçməməsi şərtilə 1 ədəd 9000 manat dəyərində olan ********** şassi nöməli, DEUTZ-FAHR 6205 markalı, 1 ədəd 8500 manat dəyərində olan ********** şassi nömrəli, DEUTZ-FAHR 6040 markalı taxılyığan kombaynları xx.xx.2025xx.xx.2025-ci il tarixləri arasında dövr ərzində müvəqqəti istifadəyə verməyi, lizinq alan isə texnikalardan istifadəyə görə lizinq verənə bu müqavilə ilə müəyyən edilmiş ödənişin həyata keçirilməsini öhdəsinə götürmüşdür. 2.2.17-ci bəndinə əsasən cavabdeh (lizinq alan) müqavilə müddəti bitdikdən sonra texnikanı parka təhvil verməsinə baxmayaraq bu müqavilə üzrə yaranmış öhdəliyini yerinə yetirmədiyi halda, borc öhdəliyi ilə yanaşı, gecikdirilmiş hər gün üçün ümumi müqavilə məbləğinin 0.1% miqdarında cərimə ödənilməsini təmin edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli OL-Q-006-25 nömrəli aktlara əsasən 1 ədəd ********** şassi nömrəli, DEUTZ-FAHR 6040 markalı, 1 ədəd **********8 şassi nömrəli, DEUTZ-FAHR 6205 markalı taxılyığan kombaynlar "xxxx" ASC-nin Bərdə RN-nin Ağdərə rayon bölməsinin rəhbəri X2 tərəfindən Cavabdeh saz vəziyyətdə təhvil verilmiş, xx.xx.2025-ci il tarixli XMQ/006-25 nömrəli akta əsasən isə həmin texnikalar cavabdeh tərəfindən saz vəziyyətdə geri qaytarılmışdır. 30 aprel 2025-ci il tarixli RP/01 nömrəli razılaşma protokoluna əsasən cavabdeh 1 ədəd 5 gövdəli kotan (inventar № 1124, şassi № 11PLW0209), 1 ədəd PKKMP-4-40P markalı kotan (inventar № 387, şassi № 438), 1 ədəd Tigabo markalı ağır diskli mala (inventar № 936) üzrə 4500 manat öhdəliyini 2025-ci ilin iyun ayında 2250 manat, 2025-ci ilin iyul ayında 1125 manat və 2025-ci ilin avqust ayında 1125 manat olmaqla iddiaçının hesabına ödəməyi üzərinə götürmüş və bununla bağlı iltizam sənədi imzalamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən müqavilə üzrə 17 500 manatdan 12 200 manat ödəniş edilmiş, 5300 manat ödənilməmiş borcu qalmış və həmin borca 1750 manat cərimə borcu hesablanmışdır. Cavabdeh müqavilə və razılaşma protokolu üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun iddiaçıya ödənilməmiş borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh taxılyığan kombaynı icarəyə götürmüşdür. Həmin müqavilənin və razılaşma protokolunun şərtlərinə əsasən, texnikalardan istifadəyə görə müəyyən edilmiş 22 000 manat məbləği ödəməli olduğu halda, həmin texnikaların istifadəsinə görə 12200 manat ödəniş edilmişdir. Cavabdehin hazırda 9800 manat borcu vardır. Qoşqularla bağlı iltizam və razılaşma protokolu olduğundan maliyyə arayışı tərtib etməmişlər. Lizinq müqaviləsinə əsasən 5300 manat əsas borcun, 1750 manat cərimənin, razılaşma protokoluna əsasən 4500 manat əsas borcun və 124.65 manat dövlət rüsumunu, cəmi 11674.65 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, razılaşma protokolu, iltizam, maliyyə arayışı, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən eyni tarixli aktlarla 1 ədəd 8500 manat dəyərində olan ********** şassi nömrəli, DEUTZ-FAHR 6040 markalı, 1 ədəd 9000 manat dəyərində olan **********8 şassi nömrəli, DEUTZ-FAHR 6205 markalı taxılyığan kombaynlar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, bundan sonra xx.xx.2025-ci il tarixli aktla isə həmin texnikalar cavabdeh tərəfindən iddiaçıya geri qaytarımışdır. Bundan əlavə olaraq cavabdeh xx.xx.2025-ci il tarixli razılaşma protokoluna və iltizama əsasən onun istifadəsinə verilmiş 1 ədəd 5 gövdəli kotan, 1 ədəd PKKMP-4-40P markalı kotan, 1 ədəd Tigabo markalı ağır diskli mala üzrə ümumilikdə 4500 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. Həmçinin, iddiaçının nümayəndəsinin izahatından müəyyən edilir ki, cavabdeh müqavilə və razılaşma protokolu üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə ödəməli olduğu məbləğdən 12200 manat ödəmiş, lakin onun 5300 manat ödənilməmiş borcu qalmış, həmin borca müqavilənin şərtlərinə uyğun olaraq 1750 manat cərimə borcu hesablanmış, razılaşma protokolu üzrə 4500 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirakını təmin etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. İddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlar, eyni zamanda iddiaçı tərəfin nümayəndəsinin izahatı qarşılıqlı təhlil edildikdə təsdiqini tapır. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabadehdən hazırkı iş üzrə müqaviləyə əsasən 5300 manat əsas borc və həmin borcun 5%-i həcmində, yəni 265 manat məbləğində cərimə borcu, razılaşma protokoluna əsasən 4500 manat əsas borc tələb etməkdə haqlıdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən həmin hissəyə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 108.62 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30 aprel 2025-ci il tarixli OL-Q-006-25 nömrəli operativ lizinq müqaviləsinə əsasən 5300 manat pul, 265 manat cərimə, 30 aprel 2025-ci il tarixli RP/01 nömrəli razılaşma protokoluna əsasən 4500 manat pul olmaqla, cəmi 10065 manat pul və 108.62 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar