Məhkəmə qərarları › İş №e-2-2(117)-1901/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1901/2025

26.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1901/2025 26.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehdən 4903.4 manat əsas borcun, 995 manat hüquqi yardıma görə ödənilmiş pulun və 80 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci il tarixli SGS01/18062025 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı tərəfindən, yəni iddiaçı tərəfindən mallar “e-qaimə” vasitəsi ilə alıcıya satılır, alıcı isə həmin malı qəbul edərək və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya razılaşdırılmış müddətə ödəməlidir. Müqavilənin 2.2-ci maddəsinə əsasən sifarişçi tərəfindən göstərilən xidmətlərə və ya təqdim olunan məhsullara görə ödəniş aşağıdakı qaydada həyata keçirilir. Ümumi məbləğin 50%-i müqavilənin imzalanmasından sonra, avans formasında sifarişçi tərəfindən satıcının hesabına köçürülməlidir, qalan 50% isə məbləğ təqdim olunan malların təhvil verilməsindən sonra 15 təqvim günü müddətində sifarişçi tərəfindən satıcının bank hesabına ödənməlidir. Lakin göstərilən müqavilənin müddəalları alıcı tərəfindən kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2025- ci il tarixində 000740 məhsul koduna malik ƏDV məbləği daxil 1581,2 manat dəyərində “yumru düyü”; 002187 məhsul koduna malik ƏDV məbləği daxil 4566,6 manat dəyərində “günəbaxan yağı”; 000018 məhsul koduna malik ƏDV məbləği daxil 2690,4 manat dəyərində “qarabaşaq”; 000012 məhsul koduna malik ƏDV məbləği daxil 3870,4 manat dəyərində “qırmızı mərci”-ni cavabdehə təqdim etmişdir. Bu hal xx.xx.2025-ci il tarixli 003987 qaimə №-li təhvil təslim aktı ilə də təsdiq olunur. xx.xx.2025ci il tarixində iddiaçı 000432 məhsul koduna malik ƏDV məbləği daxil 1463,2 manat dəyərində “şəkər tozu”-nu cavabdehə təqdim etmişdir. Eyni qaydada göstərilən hal xx.xx.2025-ci il tarixli 004189 №-li təhvil-təslim aktı ilə də sübut olunur. xx.xx.2025-ci il tarixində iddiaçı 000432 məhsul koduna malik 731,6 manat dəyərində malı cavabdehə təqdim etmişdir. Göstərilən hal xx.xx.2025-ci il tarixli 004383 qaimə №-li təhvil-təslim aktı ilə də öz təsdiqini tapır. Bundan əlavə yuxarıda göstərilən hallar ardıcıl olaraq 10526720 №-li, 10530974 №-li, 11268846 №-li Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura aktları da ilə də sübuta yetirilir. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli SGS01/18062025 saylı müqavilənin 2.2-ci maddəsi kobud şəkildə pozulmuşdur. Belə ki, ümumilikdə cavabdeh tərəfindən iddiaçıya 14.903,4 manat dəyərində məbləğ ödənməli idi. (1581,2+4566,6+2690,4+3870,4+1463,2+731,6=14.903,4). Lakin cavabdeh tərəfindən yalnız 10.000 manat ödəniş edilmiş yerdə qalan 4.903,4 manat bugünə qədər də ödənilməmişdir. Halbuki göstərilən müqavilənin 2.2-ci maddəsinə əsasən qalıq pul məbləği 15 təqvim günü ərzində ödənməli idi. Göstərilənlərdən aydın olur ki, cavabdeh tərəf müqavilənin göstərişlərinə əməl etməyərək öz öhdəliklərini icra etməmişdir. xx.xx.2025-ci il tarixli SGS01/18062025 saylı müqavilənin 5-ci maddəsinə əsasən mübahisəllərin həlli kimi danışıqlar yolu, əgər mübahisə danışıqlıqlar yolu ilə həll edilməsə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilməlidir. Göstərilənlərə əsasən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 386.1-ci, 399.1-ci, 425.1-ci, 442-ci, 445.2.1-ci, 445.2.2-ci, 567-ci, 596.2-ci, 597.1-ci, 598.2-ci, 598.3-cü, 600.1-ci, 600.4-cü, 600.5-ci, 601.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1901/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanı üzrə göndərilmiş, həmin sənədlər “ünvan düzgün deyil”, “tapılmadı” qeydləri ilə məhkəməyə geri qaytarılmış, bundan sonra həmin sənədlər cavabdehə rəsmi qaydada çatdırılması üçün elektron qaydada Yevlax rayon İcra Hakimiyyətinə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İddiaçı MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli SGS01/18062025 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya e-qaimə vasitəsilə (bundan sonra “Mal”) satmağı, alıcı isə həmin malı qəbul etməyi, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya bu müqavilə ilə razılaşdırılmış müddətdə ödəyir. 2.2-ci bəndinə əsasən sifarişçi tərəfindən göstərilən xidmətlərə və ya təqdim olunan məhsullara görə ödəniş aşağıdakı qaydada həyata keçirilir: ümumi məbləğin 50%-i müqavilənin imzalanmasından (və ya sifarişin təsdiqlənməsindən) sonra, avans formasında sifarişçi tərəfindən satıcının hesabına köçürülməli, qalan 50% məbləğ təqdim olunan malların (və ya xidmətlərin) təhvil verilməsindən sonra 15 təqvim günü müddətində sifarişçi tərəfindən satıcının bank hesabına ödənməlidir.

16. xx.xx.2025-ci il tarixli 003987 nömrəli (12708.6 manat), xx.xx.2025-ci il tarixli 004189 nömrəli (1463.2 manat) və xx.xx.2025-ci il tarixli qaimələrlə iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi tərəflərin nümayəndələrinin imzaları ilə təsdiqlənmişdir.

17. 07.07.2025-ci il tarixli MT2507 seriyalı 10526720 nömrəli (12708.6 manat), 10530974 nömrəli (1463.2 manat), xx.xx.2025-ci il tarixli MT2507 seriyalı 11268846 nömrəli (731.6 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar iddiaçı tərəfindən elektron qaydada cavabdehə göndərilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

20. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

21. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında xx.xx.2025-ci il tarixdə müqavilənin bağlanmasından və həmin müqavilə əsasında tərəflər arasında alqı-satqı münasibətlərinin yaranmasından ibarətdir.

22. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya olan borcunun tam şəkildə ödənilib-ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

23. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra iddiaçı tərəfindən cavabdehə məhsullar təhvil verilmişdir (malların təhvil-qəbul aktları və elektron qaiməfakturalar qarşılıqlı təhlil edildikdə təsdiq olunur). İddiaçı tərəf cavabdehin aldığı malların dəyərini tam şəkildə ödəmədiyini və nəticədə 4.903,4 manat qalıq borcunun qaldığını bildirmişdir. Göründüyü kimi iddiaçı tərəf öz iddiasını əsaslandıraraq ilkin sübutlarını təqdim etmiş, lakin məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetinə yerləşdirilərək rəsmi qaydada ona çatdırılsa da, cavabdeh qeyd edilən halların əksini sübut edəcək hər hansısa sübutunu, etirazını məhkəməyə təqdim etməmiş və hazırkı işə heç bir münasibət bildirməmişdir. Məhkəmə tərəfindən də iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir.

24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

25. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, Cavabdeh MMC-dən 4903.4 manat məbləğində borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

26. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 69.04 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir.

27. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı elektron qaimə-fakturanın iş materiallarına əlavə edilməsi, işə sadələşdirilmiş icraat qaydasında baxılması, sənədlərin ilkin olaraq hazırlanması hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımın dəyəri olaraq 300 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslı, ədalətli və qanunidir.

Vİİİ Nəticə:

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dın 4903.4 manat borc, 300 manat hüquqi yardıma görə ödənilmiş pul və 69.04 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar