Məhkəmə qərarları › İş №e-2-2(117)-1906/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1906/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1906/2025 12.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilələrin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli “1199- GL/17” nömrəli müqavilə üzrə 3 493 manat qalıq borc, 4 433,54 manat cərimə borcu və xx.xx.2017-ci il tarixli “2195-GL/17” nömrəli müqavilə üzrə 537 manat qalıq borc, 1 033,19 manat cərimə borcunun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli və xx.xx.2017ci il tarixli 2195-GL/17 nömrəli müqavilələrin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2017-ci il tarixli “1199- GL/17” nömrəli müqavilə üzrə 3 493 manat qalıq borc, 4 433,54 manat cərimə borcu və xx.xx.2017-ci il tarixli “2195-GL/17” nömrəli müqavilə üzrə 537 manat qalıq borc, 1 033,19 manat cərimə borcunun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1199- GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrin: 1.1-ci bəndinə əsasən, lizinq verən müvafiq olaraq ümumi məbləği 8 380 manat və 2150 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh 1 ədəd 26 000 manat dəyərində olan Traktor Belarus-82.1 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 8 380 manat müəyyən edərək 7 il ödəmə müddəti (xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilədək) müəyyənləşdirilməsinə razılaşmışlar. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2014-cü il tarixli akta əsasən 26 000 manat dəyərində şassi nömrəsi 0004289, mühərrik nömrəsi 818883 olan Traktor Belarus-82.1 markalı texnika lizinq alan Cavabdeh təhvil verilmişdir. xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh 1 ədəd 6 100 manat dəyərində olan Taxılsəpən gübrəsəpənlə AGHBM-N24 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 2150 manat müəyyən edərək 3 il ödəmə müddəti (xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək) müəyyənləşdirilməsinə razılaşmışlar. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli müqavilə məbləğindən 4 887 manat ödəniş etmiş, 3493 manat qalıq borcu qalmış, 4433.54 manat cərimə borcu hesablanmış, xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilə məbləğindən 1613 manat ödəniş etmiş, 537 manat qalıq borcu qalmış, 1033.19 manat cərimə borcu hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 6777 nömrəli (100 manat), xx.xx.2026-cı il tarixli 13228 nömrəli (437 manat) qəbzlərin surətindən göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya olan borcundan ümumilikdə 537 manat ödəniş edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcunu qəbul etmir, iddia əsassızdır. 3000 manat ödəyərək kombayn götürmüş, lakin kombayn yararsız olub və geri təhvil verib. İddiaçının nümayəndəsi texnikanın yararsız olması ilə bağlı akt yazaraq imzalamışdır. Daha öncədən qarşı tərəfə 1000 manat da ödəmiş, Onların hal-hazırda ona 4000 manat borcu vardır. Bunu təsdiq edən aktlar da var, sübutları məhkəməyə təqdim etmək və bu məsələ ilə bağlı iddia da qaldırmaq istəyir. Texnikanın yarasızlığına görə 743 kq taxıl yerət tökülmüş, ona böyük ölçüdə zərər dəymişdir. Hazırkı borcunu ödəməməyinin səbəbi onların ona 4000 manat borcunun olmasıdır. Bütün bu halları nəzərdən keçirərək hər iki müqavilə üzrə cərimə borcunun silinməsini xahiş edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilələr, akt, maliyyə arayışı, qəbzlər, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərdə kənd təsərrüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq iddia tələbinin “xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli və xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müqaviləyə əlavə olaraq ödəniş qrafikinin imzalandığı və cavabdehin iddiaçıya olan borcunu müvafiq olaraq xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək və xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixədək ödəyib bitirməyi öhdəsinə götürdüyü müəyyən edilir. Qeyd edilən müqavilələrin müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2020-ci tarixlərində artıq müddətinin bitdiyi üçün məhkəmə hesab edir ki, müqavilələr həmin tarixlərdən ləğv edilmiş hesab olunmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli “1199- GL/17” nömrəli müqavilə üzrə 3 493 manat qalıq borcun və onun əsasında hesablanmış 4 433,54 manat cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, məhkəməyə təqdim edilmiş iş materialları və müqavilənin şərtləri əsasında iddia tələbi qalıq borcuna münasibətdə tam təmin edilməli, cərimə borcuna münasibətdə isə qalıq borcun 5%-i həcmində, yəni 174.65 manat manat hissəsində təmin edilməlidir. Bundan əlavə olaraq məhkəmə iddia tələbinin xx.xx.2017-ci il tarixli “2195-GL/17” nömrəli müqavilə üzrə 537 manat qalıq borcun və onun əsasında hesablanmış 1 033,19 manat cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərin surətindən müəyyən edildiyi kimi cavabdeh qalıq borcunu tam şəkildə ödədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Lakin cavabdehin qeyd edilən borcu vaxtında ödəməməsi səbəbindən iddiaçıya müəyyən qədər zərərin dəyməsi faktı mövcuddur ki, bu səbəbdən iddia cərimə borcu hissəsində qismən, yəni əsas borcun 5%-i həcmində (26.85 manat) təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Qeyd edilənlərdən əlavə olaraq cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini əsas borc hissəsində qəbul etmiş, sadəcə cərimə borclarını qəbul etmədiyini bildirmiş, bundan sonra məhkəmə baxış iclasında isə qeyd edilən izahatın əksini verərək iddia tələbi ilə razı olmadığını, texnikanın xarab olduğu üçün geri qaytardığını, iddiaçı tərəfin ona borcu olduğunu, ona qarşı iddia ilə məhkəməyə müraciət edəcəyini, bu barədə sübutlarını məhkəməyə təqdim etmək istədiyini bildirmişdir. Lakin iddiaçı tərəfindən sənədlər məhkəmə baxış iclasında təqdim edildiyindən, 12 fevral 2026-cı il məhkəmə protokol qərarı ilə cavabdeh tərəfindən təqdim edilən sənədlərin sübut kimi qəbul edilməməsi qərara alınmışdır. Belə ki, MPM-nin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli müqavilə xx.xx.2024-cü il tarixdən və xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilə xx.xx.2020-ci il tarixdən ləğv edilmiş hesab edilməli, cavabdehdən xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli müqavilə üzrə 3 493 manat qalıq borc, 174.65 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilə üzrə 26.85 manat cərimə borcu olmaqla, cəmi 3694.5 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 576.28 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin, hüquqi yardım göstərilməsi haqqında müqavilənin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 400 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilən hissəsinə uyğun ödənilməli olan 44.73 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli müqavilə xx.xx.2024-cü il tarixdən və xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilə xx.xx.2020-ci il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli 1199-GL/17 nömrəli müqavilə üzrə 3 493 manat qalıq borc, 174.65 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 2195-GL/17 nömrəli müqavilə üzrə 26.85 manat cərimə borcu olmaqla, cəmi 3694.5 manat və hüquqi yardım üçün ödənilmiş 400 manat pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 44.73 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar