Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1911/2025 12.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli “758-GL/16” nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 1 324 manat qalıq borc, 1 144,33 manat hesablanmış cərimə olmaqla, cəmi 2 468,33 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2016-cı il tarixli “758-GL/16” nömrəli müqavilənin ləğv edilməsi və həmin müqavilə üzrə 1 324 manat qalıq borc, 1 144,33 manat hesablanmış cərimə olmaqla, cəmi 2 468,33 manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat pul vəsaitinin tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 758- GL/16 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 15 859 manat olan və spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndinə əsasən, lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edə bilər. xx.xx.2016-cı il tarixli 758-GL/16 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından (Əlavə№ 1) görünür ki, "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh 1 ədəd 37 500 manat dəyərində olan Traktor Belarus-1221 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 15 000 manat müəyyən edərək 8 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2024-cü ilədək) və 1 ədəd 2 900 manat dəyərində olan Kotan 5 gövdəli AG-14-5 markalı texnikanın güzəştdən sonrakı qalıq məbləğini 859 manat müəyyən edərək 2 il ödəmə müddəti (xx.xx.2016-cı ildən xx.xx.2018-ci ildədək) müəyyənləşdirilməsinə razılaşmışlar. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə xx.xx.2014-cü il tarixli akta əsasən 37 500 manat dəyərində şassi nömrəsi 0004817, mühərrik nömrəsi 136185 olan Traktor Belarus-1221, xx.xx.2014-cü il tarixli akta əsasən 2 900 manat dəyərində şassi nömrəsi 135069 olan Kotan 5 gövdəli AG-14-5 markalı texnikalar lizinq alan Cavabdeh təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh müqavilə məbləğindən 14 535 manat ödəniş etmiş, 1324 manat qalıq borc, 1144.33 manat cərimə borcu hesablanmışdır. Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçı məhkəməyə müraciət edərək müqavilənin ləğv edilməsini, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun və hesablanmış cərimə borcunun cavabdehdən tutularaq onun hesabına ödənilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, akt, maliyyə arayışı, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-4.3. Əşya sublizinqə verildikdə satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq alana keçir. 747-4.4. Lizinq obyektinin sublizinqə verilməsi zamanı hökmən lizinq verənin yazılı razılığı olmalıdır. 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə "xxxx" ASCnin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və onun kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki "xxxx" ASC (Aqroservis ASC) ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 758-GL/16 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin şərtinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilkin olaraq iddia tələbinin “xx.xx.2016-cı il tarixdə 758-GL/16 nömrəli müqavilənin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müqaviləyə əlavə olaraq ödəniş qrafikinin imzalandığı və cavabdehin iddiaçıya olan borcunu xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək ödəyib bitirməyi öhdəsinə götürdüyü müəyyən edilir. Qeyd edilən müqavilənin xx.xx.2024-cü il tarixindən artıq müddətinin bitdiyi üçün məhkəmə hesab edir ki, müqavilə həmin tarixdən ləğv edilmiş hesab olunmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin 1 324 manat qalıq borcun və onun əsasında hesablanmış 1 144,33 manat cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, məhkəməyə təqdim edilmiş iş materialları və müqavilənin şərtləri əsasında iddia tələbi qalıq borcuna münasibətdə tam təmin edilməli, cərimə borcuna münasibətdə isə qalıq borcun 5%-i həcmində, yəni 66.2 manat hissəsində təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Eyni zamanda, tələb edilən borc məbləği ilə razılaşmamasına dair hər hansı bir vəsatətlə çıxış etməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, xx.xx.2016-cı il tarixli “758-GL/16” nömrəli müqavilə xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməli və cavabdehdən 1 324 manat qalıq borc, 66.2 manat cərimə borcu olmaqla, cəmi 1390.2 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 576.28 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin, hüquqi yardım göstərilməsi haqqında müqavilənin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 400 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəf dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddianın təmin edilən hissəsinə uyğun ödənilməli olan 30.80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixli “758-GL/16” nömrəli müqavilə xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli “758-GL/16” nömrəli müqavilə üzrə 1 324 manat qalıq borcu, 66.2 manat cərimə borcu olmaqla, cəmi 1390.2 manat pul və hüquqi yardım üçün ödənilmiş 400 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 30.80 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov