Məhkəmə qərarları › İş №e-2-2(117)-1922/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1922/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1922/2025 03.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “24265,78 manat qalıq əsas borc, müqavilə əsasında ona hesablanmış 1456,87 manat cərimə borcu və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 168 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “24265,78 manat qalıq əsas borc, müqavilə əsasında ona hesablanmış 1456,87 manat cərimə borcu və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 168 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli, alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, satıcı sifariş olunmuş malları təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları alıcıya təhvil verməyi, alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən, cavabdeh tərəfindən sifariş olunan mallar iddiaçı tərəfindən tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 24265,78 manat məbləğində qalıq əsas borcu və müqavilə əsasında ona hesablanmış 1456,87 manat cərimə borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPMnin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2025-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının (Dövlət Vergi Xidməti – onlayn kargüzarlıq) elektron kabineti vasitəsilə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü, 21.2-ci, 385.1-ci, 425.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 448.1-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1922/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddialarını tam şəkildə müdafiə edir. Cavabdehlə aralarında qida və qeyri-qida məhsullarının alqısatqısına dair müqavilə imzalanmışdır. İş üzrə alqı-satqı müqaviləsini və elektron qaimələri məhkəməyə təqdim ediblər. Tələb etdikləri cərimə borcu müqavilənin 7.6 və 7.10-cu bəndinə əsaslanır. Cavabdehdən 24 265,78 manat məbləğində qalıq əsas borcu, müqavilə əsasında ona hesablanmış 1456,87 manat cərimə borcu və 168 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini xahiş etdi.

6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəməyə e-mail vasitəsilə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İşdə olan İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış 02 noyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, alıcı satıcının təqdim etdiyi müxtəlif çeşiddə, adda, qida və qeyri-qida məhsullarını vaxtaşırı satıcıdan sifariş etməyi, malları təhvil almağı və dəyərini bu müqavilədə nəzərdə tutulan qaydada ödəməyi, satıcı isə sifarişi təsdiqlədikdən sonra alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış malları alıcıya təhvil verməyi qəbul edir. 7.10-cu bəndinə əsasən, alıcı satıcıya olan ödənişini müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 1%-i miqdarında cərimə ödəməlidir.

16. 07.12.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövrü əhatə edən 17 ədəd malların təhvil-qəbul aktlarından göründüyü kimi ümumilikdə 24 640,6 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

19. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

20. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.

21. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların verilməsindən və cavabdehin iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir.

22. İşin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

23. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə iddiaçı tərəfin izahatından göründüyü kimi iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş (malların təhvil-qəbul aktlarına və elektron qaimə-fakturalara əsasən), lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Elektron qaimə-fakturalar sadəcə öz-özlüyündə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini və cavabdehin borcunun qalmasını sübut etməsə də, müqavilənin şərtləri, malların təhvil-qəbul aktları və iddiaçının nümayədəsinin məhkəmə iclasında verdiyi izahatı ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya 24265,78 manat dəyərində borcunun qaldığı təsdiq olunur.

24. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 24265,78 manat borcu qalmışdır ki, bu hal iş materialları və iddaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapır.

25. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə cavabdehdən müqavilənin şərtinə uyğun olaraq 1456,87 manat məbləğində dəbbə pulunun tutulmasını tələb edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən tələb edilən əsas borcun 5%-i həcmində, yəni 1213,29 manat məbləğində dəbbə pulunun tutulması ədalətli və ağlabatandır.

26. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...

27. Həmçinin, iş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması və ya artıq ödəniş etməsi barədə məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğlərin uyğunsuzluğu və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

28. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

29. Hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

30. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 24265,78 manat əsas borc, 1213,29 manat cərimə borcu olmaqla, cəmi 25 479,07 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

31. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (167.17 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən 165.59 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 24265,78 manat əsas borc, 1213,29 manat cərimə borcu olmaqla, cəmi 25 479,07 manat pul və 165.59 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar