Məhkəmə qərarları › İş №e-2-2(117)-1928/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1928/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1928/2025 06.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 2417.92 manat əsas borc və 44.18 manat ödənilmiş rüsum olmaqla, ümumilikdə 2462.10 manat borcun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə-iddiaçı) Cavabdeh (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “təbii qazdan istifadəyə görə yaranmış 2417.92 manat əsas borc və 44.18 manat ödənilmiş rüsum olmaqla, ümumilikdə 2462.10 manat borcun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Qəbələ rayonunda yerləşən və cavabdehə məxsus qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00008 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisəyə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdehə məxsus qeyriyaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00008 saylı qaz hesabında 2417.92 manat həcmində borcu yaranmışdır. Belə ki, **********00008 saylı qaz hesabı üzrə göstərilən borc G4 markalı 42675482 nömrəli sayğacın 16890 m3 mexaniki göstəricisi ilə yaranmışdır. Tələb olunan borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Cavabdehə borcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tam ödəniş edilməmişdir. Bundan əlavə cavabdehə sonuncu dəfə borcun könüllü ödənilməsi üçün onlayn kargüzarlıq vasitəsilə elektron pretenziya qaydasında pretenziya göndərilsə də, həmin pretenziyalar rəsmi qəbul edilmiş keçən dövr ərzində tam ödəniş edilməmiş, borc daha da artmış və ona görə də iddiaçı tərəf hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi AR Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü, 14.2-ci, 16.1-ci, 385.1-ci, 448-ci, AR Mülki Prosessual Məcəlləsinin 4-cü, 149-150-ci, 284-cü, AR Mənzil Məcəlləsinin 135.1-ci, 136.4-cü, 139.1-ci maddələri, AR “Qaz təchizatı haqqında” Qanunun 13.10-cu bəndi, AR Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli 356 nömrəli Fərmanının 9-cü bəndi, AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci, 5.5-ci bəndləri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1928/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

5. Məhkəmə tərəfindən xx.xx.2026-cı il tarixdə iddiaçıya sorğu ünvanlanaraq qeyd edilən məbləğlərə aid akt və sənədlərin mümkün qədər qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

6. İddiaçı xx.xx.2026-cı il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2417.92 manat borcun tutulmasına dair iddia tələbi irəli sürülsə də, tələb olunan borc məbləği ödənilməmiş, əksinə borc daha da artmış və cavabdehin hesabında xx.xx.2026-cı il tarixə 2905.56 manat, xx.xx.2026-cı il tarixə 3279.06 manat borc yaranmışdır. Tərəflər arasında sonuncu dəfə qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı xx.xx.2026-cı il tarixdə imzalanmış, həmin aktda da xx.xx.2026-cı il tarixə olan borc 2905.56 manat olaraq təsdiq edilmiş və tərəf həmin borcu təsdiq etməklə mübahisələndirməmişdir. Cavabdehin qaz hesabında sonuncu dəfə borcunun olmaması 2024-cü ilin iyul ayına təsadüf etmiş, hazırda təqdim edilən 2020 və 2024-cü ilərdə tərtib edilmiş aktlar həmin tarixdən əvvələ aiddir. Həmçinin, sonuncu dəfə akt əsasında hesablanmış 1829 manat borc isə 2025-ci ilin aprel ayında ödənilmişdir. Ona görə də hazırda tələb olunan 2417.92 manat borc yalnız sayğac göstəricisinə əsasən aparılmış hesabat üzrə yaranmış borc məbləğidir və mübahisəsizdir. Bundan əlavə olaraq cavabdeh tərəfindən 2020, 2024 və 2025-ci illərdə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar bugünədək mübahisələndirilməmiş, pretenziya qaydasında müəssisəyə müraciəti daxil olmamış, əksinə aktlar əsasında aparılmış hesabat üzrə borc məbləğləri cavabdeh tərəfindən ödənilmiş və bugünədək tərtib edilmiş üzləşmə aktları mübahisələndirilməmişdir. Eyni zamanda hazırkı borc tələbi ilə məhkəməyə müraciət edilənədək tərəfə təqdim edilmiş pretenziyalar cavabsız qalmış, məhkəməyə müraciət etdikdən sonra məhkəmə tərəfindən cavabdeh lazımı qaydada xəbərdarlıq edilməsinə və tələblə bağlı sənədlər təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən məhkəməyə tələbə qarşı etiraz və münasibəti daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 2417.92 manat məbləğində əsas borcun, 44.18 manat ödənilmiş rüsumun, ümumilikdə 2462.10 manat borcun məcburi qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər.

II. Tərəflərin mövqeləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada poçt vasitəsilə cavabdehin ünvanı üzrə göndərilsə də, “bu ünvanda yaşamır”, “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra həmin sənədlər cavabdehə və ya onun ailə üzvlərinə rəsmi qaydada çatıdırılması üçün elektron qaydada Qəbələ Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Buna baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

- 11-ci maddəsinin 6-cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

- 5.1-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. - 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

V. Sübutların tədqiqi:

14. İddiaçı (paylayıcı) və Cavabdeh (istehlakçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-0695/21 nömrəli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürür.

15. 15.12.2025-ci il tarixli “Abonentin saldosu”ndan görünür ki, Cavabdeh (abonent kodu **********00008) 12/2025-ci il tarixinə ümumilikdə 2417.92 manat məbləğində borcu mövcuddur. Həmçinin, cavabdehin abonent hesabında “Qalıq və Aktlar” hissəsində 05/2020 tarixinə 1296 manat, 01/2024 tarixinə 1620 manat, 04/2025 tarixinə 1829 manat məbləğində hesablanmış borc olduğu müəyyən edilir.

16. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından cavabdehin müvafiq il üzrə xx.xx.2025-ci il tarixə 2905.53 manat qalıq borcunun qaldığı müəyyən edilmiş və həmin aktın doğruluğu tərəflərin nümayəndələrinin imzaları ilə təsdiqlənmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

17. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

18. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

19. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

20. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında cavabdehə məxsus qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair müqavilənin bağlanmasından, cavabdehə abonent kodunun (**********00008) verilməsindən ibarətdir.

21. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməməsi halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında Qəbələ rayonunda yerləşən cavabdehə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli AMX-0695/21 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam şəkildə ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir.

23. Abonent hesabında “Qalıq və Aktlar” hissəsində müəyyən edilən 05/2020 tarixinə 1296 manat, 01/2024 tarixinə 1620 manat və 04/2025 tarixinə 1829 manat məbləğində hesablanmış borclara münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilmiş abonent saldosundan, iddiaçının ərizəsindən və digər iş materiallarından göründüyü kimi qeyd edilən borclar cavabdeh tərəfindən ödənilmiş və mübahisələndirilməmiş, iddiaçı tərəfindən hazırkı iş üzrə tələb edilən 2417.92 manat qalıq borc isə təbii qazdan istifadəyə görə yaranmışdır. Qeyd edilən borc məbləğinin mövcudluğu abonent saldosu və üzləşdirmə aktı qarşılıqlı təhlil edildikdə öz təsdiqini tapır.

24. Bununla bağlı cavabdeh qeyd edilən sübutların əksi olaraq məhkəməyə etirazını təqdim etməmiş, qeyd edilən tələbə münasibət bildirməmiş, gələcəkdə mübahisələndirmə ehtimalı ilə bağlı olan hallarla bağlı mülahizələrini təqdim etməmişdir.

25. Belə ki, göründüyü kimi iddiaçı cavabdehdən təbii qazdan istifadəyə görə 2417.92 manat məbləğində borc tələb etməkdə haqlıdır.

26. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən borc məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapır. Eyni zamanda məhkəmə bildirişi və sənədləri rəsmi qaydada cavabdehə çatdırılsa da, cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

27. Yekun olaraq Cavabdeh 2417.92 manat əsas borc tutularaq İddiaçınə ödənilməlidir.

28. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir.

29. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Vİİ. Məhkəmə məsrəfləri:

30. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 44.18 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 44.18 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİİİ Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 2417.92 manat əsas borc və 44.18 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar