Məhkəmə qərarları › İş №e-2-2(117)-194/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-194/2025

27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-194/2025 27.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 10706.40 manat borc və ödənilmiş 122.12 manat dövlət rüsumu olmaqla, cəmi 10828.52 manat məbləğin iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, ST24/243 nömrəli məhsulların alqı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinə əsasən cavabdeh tərəfindən iddiaçıdan müxtəlif “mallar” alınsa da, həmin “mallar”ın dəyərinin 10,706.40 manat məbləğində hissəsi hazırkı vaxtadək ödənilməmişdir. Göstərilən məbləğdə “mallar”ın cavabdeh tərəfindən qəbul edilməsini malların təhvilqəbul aktları da sübut edir. Ödənişin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə: xx.xx.2024-cü il tarixli, 10907154 saylı; xx.xx.2024-cü il tarixli, 11366380 saylı; xx.xx.2024cü il tarixli, 11477393 saylı; xx.xx.2024-cü il tarixli, 11678471 saylı; xx.xx.2024-cü il tarixli, 11982981 saylı; xx.xx.2024-cü il tarixli, 10213864 saylı; xx.xx.2024-cü il tarixli, 10795168 saylı elektron qaimələr göndərilmişdir. Ödənişin edilməsi ilə bağlı dəfələrlə nümayəndə vasitəsilə cavabdehlə əlaqə saxlanılmış və həmin borc məbləğinin qısa müddətdə ödənilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Daha sonra cavabdehin elektron kabinetinə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin məktubu rəsmi şəkildə qəbul etsə də borcunu ödəməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli ST24/243 nömrəli məhsulların alqı-satqı müqaviləsinə əsasən, “şirkət” mülkiyyətində olan müxtəlif növ malları “müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “müştəri” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “şirkət”ə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.3-cü bəndinə əsasən, “şirkət” bu müqavilə qüvvəyə mindikdən sonra “müştəri”nin müraciəti əsasında onun sifarişini, bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla məhsulları “müştəri”yə əvvəlcədən köçürmə yolu ilə ödəmə və ya nisyə satış qaydasında faktura əsasında verir və “müştəri”nin özü və ya səlahiyyətli nümayəndəsi qaimə-fakturanı imzalamaqla onları qəbul edir. 2.6-cı bəndinə əsasən, geri qaytarma olan məhsullar qanunvericiliyə uyğun olaraq məhsulların qaytarılmasına dair akt əsasında məhsulun təqdim edildiyi qiymət üzərindən geri alınacaq. 3.1-ci bəndinə əsasən, satılmış məhsulun dəyəri “müştəri” tərəfindən “şirkət”in hesabına ödənilir. Ödənilmiş pul vəsaitinin “şirkət”in hesabında oturduğu gün ödəniş günü hesab olunur. 5.15-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və həmin tarixdən etibarən 1 il ərzində qüvvədə olur. Bu müqavilənin müddətinin bitməsinə 1 ay qalmış tərəflər yazılı surətdə müqavilənin xitam olunması təşəbbüsü ilə çıxış etməzlərsə, müqavilə eyni şərtlərlə hər dəfə təkrarən növbəti təqvim illəri üzrə avtomatik olaraq uzadılmış sayılacaq. İş materiallarına xx.xx.2024-cü il tarixli 10907154 saylı, xx.xx.2024-cü il tarixli 11366380 saylı, xx.xx.2024-cü il tarixli 11477393 saylı, xx.xx.2024-cü il tarixli 11678471 saylı, xx.xx.2024-cü il tarixli 11982981 saylı, xx.xx.2024-cü il tarixli 10213864 saylı, xx.xx.2024-cü il tarixli 10795168 saylı “malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalar əlavə edilmişdir. İş materiallarına xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktları əlavə edilmişdir. Qeyd edilən aktların hər biri cavabdehin nümayəndəsi tərəfindən imzalanaraq təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışında qeyd edilmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə ödənişin həyata keçirilməsi üçün göndərilmiş xx.xx.2024-cü il tarixli 11982981 saylı, xx.xx.2024-cü il tarixli 10213864 saylı, xx.xx.2024-cü il tarixli 10795168 saylı elektron qaimələr üzrə tam şəkildə ödəniş edilməmiş və bu səbəbdən cavabdehin bu qaimələr üzrə ümumilikdə 10706.40 manat borcu qalmışdır. İddiaçı tərəf öhdəliklərini yerinə yetirərək müqavilə üzrə müəyyənləşdirilən məhsulları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş 10706.40 manat borcu yaranmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimə-fakturalar, təhvil-qəbul aktları, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli ST24/243 nömrəli məhsulların alqı-satqı müqaviləsinə əsasən “şirkət” mülkiyyətində olan müxtəlif növ malları “müştəri”yə satmaqla onun mülkiyyətinə verməyi, “müştəri” isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini “şirkət”ə ödəməyi və öz adından həmin məhsulları yalnız işlətməkdə olduğu market və ya marketlər zəncirində üçüncü şəxslərə satmağı öhdəsinə götürmüşdür. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsində, pretenziya məktubu və arayışda müqavilənin tarixi xx.xx.2023-cü il qeyd edilsə də, qeyd edilən müqavilənin mətnində müqavilənin tarixi xx.xx.2024-cü il qeyd edilmiş, eyni zamanda müqavilənin nömrəsi müqavilədə qeyd edilən nömrə ilə eynidir. Məhkəmə hesab edir ki, digər sənədlərdə qeyd edilən tarix texniki səhv olaraq qəbul edilməli və müqavilənin özündə birbaşa qeyd edilmiş tarix əsas götürülməlidir. Belə ki, iş materialları birlikdə təhlil edildikdə aydın olur ki, qeyd edilən müqavilə tərəflər arasında 2024-cü il tarixdə bağlanmışdır. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirərək mallar cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 10706.40 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun ödənilməmiş 10706.40 manat borcu qalmışdır ki, bu hal elektron qaimə fakturalar əsasında tərtib edilmiş maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışında cavabdehin xx.xx.2024-cü il tarixli 11982981 saylı elektron qaimə üzrə 2654.17 manat, xx.xx.2024-cü il tarixli 10213864 saylı elektron qaimə üzrə 4476.33 manat, xx.xx.2024-cü il tarixli 10795168 saylı elektron qaimə üzrə 3575.90 manat olmaqla cəmi 10706.4 manat məbləğində ödənilməmiş borcunun qaldığı qeyd edilmişdir. Eyni zamanda həmin elektron qaimələr xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli malların təhvil-qəbul aktları qarşılıqlı təhlil edildikdə öz təsdiqini tapır. Məhkəmə təqdim edilmiş qeyd edilən elektron qaimələrə münasibətdə qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlə, yəni malların təhvilqəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən 10706.40 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 122.12 manat olmalıdır. İddiaçı tərəfindən dövlət rüsumu tam şəkildə ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli olan 122.12 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10706.40 manat məbləğində borc və 122.12 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar