Məhkəmə qərarları › İş №e-2-2(117)-1941/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1941/2025

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1941/2025 17.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 16945.3 manat məbləğində pulun və 56 manat dövlət rüsumunun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən iddiaçının xeyrinə 16945.3 manat məbləğində pulun və 56 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 10 yanvar 2021-ci il tarixli 365/2021 nömrəli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydasında həyata keçirilmişdir. Müqaviləyə əsasən, iddiaçı Norm sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırılmış vaxtda iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli elektron qaimə və əmtəə nəqliyyat qaimələrinə əsasən müəyyən edilmişdir ki, cavabdehə 21 363,65 manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə 4418,35 manat pul ödəmiş, qalıq 16945.30 manat isə bu günə kimi ödənilməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya cəmi 16945.30 manat borcu mövcuddur. Cavabdehə dəfələrlə şifahi və son olaraq xx.xx.2025-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 329.2-ci, 329.3-cü, 385.1-ci, 387.2-ci, 398.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 445.2-ci, 448.1-ci maddələri göstərilmişdir.

4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1941/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini, təhviltəslim aktlarını və digər sənədləri məhkəməyə təqdim etdiklərini bildirdi.

6. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcu var və qəbul edir. İddiaçının tələb etdiyi 16945.3 manat öhdəliyə etiraz etmir. İşi ilə bağlı problem yaşadığı üçün borcunu ödəməkdə çətinlik çəkir. Lakin hissə-hissə ödəniş edəcək. Əgər ödəyə bilməsə, şəxsi obyektini sataraq öhdəliyi yerinə yetirəcək.

İİİ. Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

V. Sübutların tədqiqi:

15. İşdə olan İddiaçı ASC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış 10 yanvar 2021-ci il tarixli 365/2021 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi sayılan hər bir əmtəə-nəqliyyat qaiməsində göstərilən Norm sement hazır məhsulları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək müvafiq əmtəə-nəqliyyat qaiməsində və müqavilədə malın müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürür. 2.3-cü bəndinə əsasən, alıcı əmttə-nəqliyyat qaiməsi üzrə qəbul etdiyi malların dəyərini alqı-satqıda əvvəlcədən, nisyə alqı-satqı zamanı isə malın alıcı tərəfindən öz anbarında təhvil alındığı andan etibarən 15 iş günü ərzində satıcıya tam ödənilməsini təmin etməlidir.

16. xx.xx.2024-cü il EBEB seriyalı 746108 nömrəli (4003.92 manat), xx.xx.2024-cü il MT2406 seriyalı 10340590 nömrəli (4256.08 manat), xx.xx.2024-cü il MT2408 seriyalı 10258532 nömrəli (4055.9 manat), xx.xx.2024-cü il MT2409 seriyalı 10688392 nömrəli (4367.89 manat), xx.xx.2024-cü il MT2410 11530668 (4679.88 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan iddiaçı tərəfindən cavabdehə ümumilikdə 21363.67 manat dəyərində olan malların verilməsi barədə elektron qaydada qaimə göndərilmişdir.

17. 01.01.2024-xx.xx.2024-cü il aralığında dövrü əhatə edən yoxlama aktından cavabdehin son qalıq borcunun 20640.3 manat qaldığı və həmin borcun doğruluğu iddiaçı tərəfin nümayəndələrinin və cavabdehin imzaları ilə təsdiqləndiyi müəyyən edilir.

18. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ümumilikdə satılmış 128057.68 manat dəyərində məhsulun 111111.79 manat hissəsi ödənilmiş, 16945.30 manat borcu qalmışdır. Vİ. Məhkəmənin mövqeyi:

19. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

20. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

21. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

22. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.

23. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmasından, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə nisyə malların verilməsindən və cavabdehin iddiaçıya yaranmış borcunun tam şəkildə ödənilməməsindən ibarətdir.

24. İşin mübahisələndirilən halına isə cavabdehin iddiaçıya olan borcunun hansı məbləğdə qalması halı aiddir. Cavabdeh borcu mübahisələndirməmişdir.

25. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə tərəflərin izahatlarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Elektron qaimə-fakturalar sadəcə öz-özlüyündə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini və cavabdehin borcunun qalmasını sübut etməsə də, müqavilənin şərtləri, yoxlama aktı və tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya 16945.3 manat dəyərində borcunun qaldığı təsdiq olunur.

26. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 16945.3 manat borcu qalmışdır ki, bu hal iş materialları və cavabdehin məhkəmə iclasında öz borcunu etiraf etməsi ilə öz təsdiqini tapır.

27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

28. Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə iddiaçı tərəfindən tələb edilən borcun mövcudluğunu etiraf etmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.

29. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehdən 16945.3 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

30. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (140.84 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən 140.84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş hissədə iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 16945.3 manat pul və 140.84 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar