Məhkəmə qərarları › İş №e-2-2(117)-1945/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1945/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1945/2025 25.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı və CavabdehMəhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh ləğvetmə prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 22000 manat vəsaitin və 156 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 22000 manat vəsaitin və 156 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “X12 Kompleksi” MMC ilə bağlanmış 30 yanvar 2019-cu il tarixli “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqı müqaviləsinə” əsasən, cavabdehin verdiyi toxum əsasında 9,15 ha torpaq sahəsində tütün yetişdirməyi öhdəsinə götürmüş, cavabdeh isə yetişdirilmiş tütünü almağı öz öhdəsinə götürmüşdür. Tütün bitkisinin becərilməsi üçün torpaq sahəsinin hər hektarına 2500-3000 (iki min beş yüz – üç min) manat arası vəsait tələb olunduğundan, 07 mart 2019-cu il tarixdə "xxxx" QSC (borc verən), “X12 Kompleksi” MMC-nin nümayəndəsi X14 (alıcı), X12 Kompleksi” MMC-nin tabeliyində fəaliyyət göstərən X8 və Emalı Məntəqəsi və onunla (borc alan) TM-077/19 nömrəli kredit müqavilə bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq 9,15 ha torpaq sahəsinə tütün əkməyi üçün "xxxx" QSC (borc verən) mənə (borc alan) 14300 (on dörd min üç yüz) manat kredit vermişdir. Götürülmüş kreditdən sonra, cavabdeh ona yalnız 9,15 ha torpaq sahəsində tütün yetişdirilməsi üçün “GL-939” sortunun toxumunun ştillərini optimal müddətdə əkməyimə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəkildə vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Cavabdeh tərəfindən yenidən dəyəri onun tərəfimdən ödənilməklə “GL9-39” sortunun toxumu verilmiş, lakin, həmin toxum da optimal müddətdə əkməyinə və müvafiq qulluq işlərinin aparılmasına baxmayaraq, tütün kütləvi şəkildə vaxtında cücərməmiş, zəif və seyrək bitiş alınmış və yekunda ştillərin açıq sahəyə keçirilməsi xeyli gecikmişdir. Bundan sonra, cavabdeh tərəfindən ona dəyəri özü tərəfindən ödənilməklə hazır cücərdilmiş ştillər verilmiş, lakin, həmin ştillərin də əksəriyyəti bitməmiş və yaxud boyu az artmışdır ki, nəticədə, hər hektardan ən azı 13 (on üç) ton (9,15 ha torpaq sahəsindən cəmi 118 ton (13x9,15)) məsul götürməli olduğu halda, ümumilikdə 9,15 ha torpaq sahəsindən təqribən 30 (otuz) ton tütün yığıb “X12 Kompleksi” MMC-yə tütün vermişdir. Həmin tütünün dəyəri isə təqribən 7500 (yeddi min beş yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ona və digər zərərçəkmiş şəxslərə ünvanlanmış 28 yanvar 2020-ci il tarixli, 03/13-08-14-143 nömrəli məktubda “GL939” və “NG 291” Dövlət Reyestri”ndə qeydiyyatda olmayan Amerika Birləşmiş ştatları mənşəli toxum olması bildirilmişdir. Keyfiyyətsiz tütün toxumu verilməsi səbəbindən o hər hektardan götürməli olduğu ən azı 13 (on üç) ton tütündən məhrum olmuşdur ki, bunun da ümumi dəyəri 29500 (iyirmi doqquz beş yüz) manat təşkil edir. Baş verənlərin nəticəsi olaraq, o, "xxxx" QSC ilə aralarında bağlanmış “Kredit müqaviləsi”nə əsasən götürdüyü krediti ödəyə bilməmiş və nəticədə əlavə olaraq da cərimə (dəbbə) edilmişdir. Nəticədə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 22000 (iyirmi iki min) manat maddi ziyan dəymişdir. Həmçinin digər zərərçəkmiş şəxslər X2, X9, X10, X11 və X3 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin vurduğu ziyanın əvəzinin ödənilməsi barədə iddia üzrə yekunda Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)- 124/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-412/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iddiaçı bildirmişdir ki, ona dəymiş ziyanın ödənilməsi məqsədi ilə Cavabdeh MMC-yə müraciət etsə də, sonuncu onun müraciətini cavablandırmamışdır. Baş verənlərin nəticəsi olaraq, o, götürdüyü krediti ödəyə bilməmiş və nəticədə əlavə olaraq da cərimə (dəbbə) hesablanmışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona əldən çıxmış fayda kimi 22000 manat maddi ziyan dəymişdir.

3. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli məhkəmə aktına və AR Ali Məhkəməsinin xx.xx.2024-cü tarixli 2-2(102)-412/2024 nömrəli qərarına əsaslanaraq bildirmişdir ki, qeyd edilən qərarlardan sonra cavabdeh tərəfindən ona verilən toxumun keyfiyyətsiz olması ona aydın olmuşdur.

4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1ci, 21.2-ci, 389.1-ci, 425.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 448.3-cü, 1097.1-ci maddələri göstərilmişdir.

5. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı dəymiş ziyanın əvəzi olaraq 22000 (iyirmi iki min) manat pulu Cavabdeh MMC-dən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra. –MM) 373.2-ci maddəsinə əsasən, Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İddiaçının bildirdiyi və etiraza qoşma kimi əlavə etdikləri fayldan da görünür ki, tərəflər arasında müqavilə 2019-cu ilin 30 yanvar tarixində imzalansa da o, iddia ərizəsini məhkəməyə 2025-ci ilin dekabr ayının 24-də təqdim etmişdir. Nəticə etibarilə qanunvericiliyin iddia müddəti ilə bağlı tələbləri pozulmuş və iddia ərizəsi iddia müddəti buraxılmaqla məhkəməyə təqdim edilmişdir. MM-nin 377.1-ci maddəsinə əsasən: “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Cari iş üzrə tütün toxumu 2019-cu ildə alınmış; məhsul 2019-cu il mövsümündə becərilmiş; məhsulun uğursuz olduğunu elə həmin il faktiki olaraq bilinmişdir. MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia tələbinə iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş edir.

6. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X12 Kompleksi” MMC özəlləşdirilməyə açıq elan edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli sərəncamına əsasən, “X12 Kompleksi” MMC özəlləşməyə açıq elan edilmiş, "xxxx" ASC “X12 Kompleksi” MMC-nin əmlakının qorunub saxlanılmasını təmin etməsi qərara alınmışdır. “X12 Kompleksi” MMC ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktına əsasən “X12 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olmuşdur.

7. "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmişdir. Hazırda Cavabdeh MMC ləğvetmə prosesindədir.

İİ. Tərəflərin mövqeləri:

8. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə etdi və cavabdehin hərəkətləri nəticəsində ağır maddi duruma düşdüyün, nəticədə ağır xəstəliyə düçar olmuş ailə üzvlərinə köməklik edə bilmədiyini bildirdi. Ona verilən toxum keyfiyyətsiz olmuş və nəticədə ziyan dəymişdir. Digər zərərçəkənlərin məhkəmədə iddiası uğurlu olandan sonra o da məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hüququnun pozulduğunu bildiyi an da qeyd edilən iddianın təmin edən və yekunda Ali Məhkəmdə qüvvədə qalan məhkəmə qərarıdır.

9. Cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etirazına uyğun izahat verərək iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini xahiş etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. - 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. - 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

- 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. - 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. - 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. - 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. - 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. - 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. - 586.3. Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi:

14.“X13 Kompleksi” MMC (alıcı) direktor X7 şəxsində, "xxxx" MMC-nin X8 və emalı məntəqəsinin (tədarükçü) müdiri X4 şəxsində və yaşıl tütün istehsalçısı İddiaçı (fermer) şəxsində “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı- satqısına dair xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. 2.1.1-ci bəndinə görə mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsində öz işçi qüvvəsi ilə müvafiq aqrotexniki tələblərə əməl etməklə tütün əkinini həyata keçirir və hər hektardan 13 tondan az olmamaqla yaşıl tütün istehsal edib “alıcı”ya təhvil verir. 15.Həmin müqavilənin 7.3-cü bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2019-cu il tarixədək qüvvədədir.

16. Tütün bitkisinin becərilməsi üçün "xxxx" QSC BOKT, "xxxx" MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X8 və Emalı Məntəqəsinin müdiri Mohuma Hüşənov (tədarükçü), İddiaçı iştirakı ilə xx.xx.2019-cu il tarixli TM-077/19 nömrəli Kredit müqaviləsi bağlanmış və müqavilənin 1.1-ci bəndinin “a” yarımbəndinə müvafiq olaraq "xxxx" QSC və borc alan İddiaçı xx.xx.2019-cu il tarixədək 14300 manat kredit verilməsi barədə razılaşmışlar.

17. Müqavilənin 1.2-ci bəndinə görə bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü Qax rayonu, Qaxbaş və Qan inqiloy kəndləri ərazisində 8,55 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə “Yaşıl tütün yarpağı.Texniki şərtlər.” OST- 46 151- 84 standartının tələblərinə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, tədarükçünün tabe olduğu alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürür.

18. Müqavilənin 2.2.2-ci bəndinin “k” yarımbəndinə görə borcalan tütün istehsalı üzrə bütün aqro-texniki qaydalara ciddi riayət etmək və bir hektardan minimum 15 ton məhsul istehsal etməyə nail olmaq öhdəliyini daşıyır.

19. Müqavilənin 2.4-cü bəndin d. bəndinə əsasən Müqavilə üzrə Alıcı olan "xxxx" Borcalana (iddiaçıya) təqdim etdiyi texnika, kamera, ştil və yaxud toxum, kimyəvi preparatların, mineral gübrələrin dəyərini və daşınma xərclərini tədarük zamanı əvəzləşdirmək vəzifəsi qeyd edilmişdir.

20. Müqavilənin 3.1-ci bəndinə görə tədarükçü əmtəə növünə görə qüvvədə olan standarta əsasən yaşıl tütün yarpağını borcalandan 1-ci növ üzrə 0.25 manat/kq, 2-ci növ üzrə 0.17 manat/kq, 3-cü növ üzrə 0.10 manat/kq, dib yarpaq 0.08 manat/kq qiymətə qəbul edir.

21. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(117)-38/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “7137,99 manat əsas borc, 922,01 manat faiz borcunun və 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir.

22. İş materiallarına iddiaçılar X2, X9, X10, X11 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-124/2023 nömrəli məhkəmə aktı əlavə edilmişdir.

23. İş materiallarına iddiaçılar X2, X9, X10, X11 və X1 cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)- 412/2024 nömrəli qərarı əlavə edilmişdir.

Vİ. Məhkəmənin mövqeyi:

24. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

25. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

26. Məhkəmə hazırkı mübahisə üzrə tərəflərin mübahisələndirilmədiyi hallara tərəflər arasında müvafiq müqavilələrin bağlanması, həmin müqavilələr əsasında tütünün yetişdirilməsi zamanı iddiaçıya ziyan vurulması, cavabdehin hüquqi varisi olduğu şəxs tərəfindən dövlət qeydiyyatında olmayan toxumun iddiaçıya təqdim edilməsi halı məhkəmə qərarında araşdırılmış sübutlarla öz əksini tapması aiddir.

27. İddia tələbi üzrə mübahisələndirilən hal cavabdehin iddiaçıya vurulmuş ziyana görə məsuliyyət daşıyıb-daşımaması haldır.

28. İşdən müəyyən edilmişdir ki, “X12 Kompleksi” MMC-nin hüquqi varisi "xxxx" MMC olması, sonradan "xxxx" MMC-nin təsisçisinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh MMC-yə qoşularaq fəaliyyətinə xitam verilməsi qərara alınmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin fəaliyyətinə xitam verilməsi haqqında qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş, nəticədə Cavabdeh MMC "xxxx" MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş, hazırda Cavabdeh MMC ləğvetmə prosesindədir. Bu faktı cavabdehin nümayəndəsi mübahisələndirməmişdir.

29. “X13 Kompleksi” MMC, "xxxx" MMC-nin X8 və emalı məntəqəsi və istehsalçı İddiaçı arasında bağlanmış “2019-cu il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur.

30. Həmçinin tütün bitkisinin becərilməsi üçün "xxxx" QSC BOKT, "xxxx" MMC-nin nümayəndəsi, həmin MMC-nin tabeliyində fəaliyyət göstərən X8 və Emalı Məntəqəsi, fermer İddiaçı iştirakı ilə xx.xx.2019-cu il tarixli TM-077/19 nömrəli Kredit müqaviləsi xx.xx.2019-cu il tarixədək bağlanmışdır.

31. Qanunvericiliyin yuxarıda sadalanan tələblərinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

32. Tərəflər arasında hər iki müqavilənin müddəti xx.xx.2019-cu il tarixədək bağlanmış, müqavilə üzrə öhdəliklərin icrası müddəti qeyd edilən müddətlərlə üst-üstə düşür. İddiaçı tərəf cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, artıq əkilmiş tütün ştillərinin bitiş vermədiyi və məhsuldarlıq əldə etmədiyi vaxtdan bilmişdir. Qeyd edilən müddətdən də başlayaraq iddia müddətinin axımı başlamış, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması ilə bağlı sübutlar təqdim edilməmişdir.

33. İddiaçı hazırkı tələblə xx.xx.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, 2023-cü ilin 01 yanvar tarixində iddia müddəti bitmişdir. İddiaçı idda edir ki, digər zərərçəkən şəxslərin iddiaları Ali məhkəmə instansiyası tərəfindən təmin edildikdən sonra iddiasının uğurlu olacağını bilmiş və bu səbəbdən məhkəməyə gec müraciət etmişdir. Məhkəmə qeyd edir ki, bu arqument iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Eyni zamanda, iddia müddətinin axımının dayandırılması üçün qanunvericilikdə konkret əsaslar qeyd edilmişdir. İddiaçının irəli sürdüyü faktlar iddia müddətinin axımının dayandırılmasına səbəb deyildir. Belə ki, qanunvericiliyin tələbinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

35. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

36. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

37. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

38. Məhkəmənin qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarınıı əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını verməyinə baxmayaraq, cavabdeh tərəfin qanunvericiliyin tələbinə əsasən iddia müddtinin tətbiq edilməsi barədə ərizəsi iddia tələbinin rədd edilməsi üçün qanuni əsas olmuşdur.

39. Beləliklə, məhkəmə yekun olaraq o nəticəyə gəlmişdir ki, iddia tələbi yuxarıda qeyd edilən işin faktiki halları və həmin hallara tətbiq edilən qanunvericiliyin tələbləri əsas tutularaq təmin edilməməlidir.

Vİİ. Məhkəmə məsrəfləri:

40. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 156 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir.

Vİİİ Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdeh ləğvetmə prosesində olan Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “cavabdeh tərəfindən vurulmuş ziyanın əvəzi olaraq 22000 manat vəsaitin və 156 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar