Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-195/2025 20.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “cavabdehdən 13973 manat əsas borc, 2000 manat zərər, 251 manat dəbbə pulu, 850 manat vəkil xidmət haqqı olmaqla, ümumilikdə 17074 manat pulun və ödənilmiş 142 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı “cavabdehdən 13973 manat əsas borc, 2000 manat zərər, 251 manat dəbbə pulu, 850 manat vəkil xidmət haqqı olmaqla, ümumilikdə 17074 manat pulun və ödənilmiş 142 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1996-cı il tarixdən kənd təsərrüfatı sahəsində dərman preparatlarının satışı ilə məşğul olmaqla, sahibkarlıq fəyaliyyəti ilə məşğul olur. O, kənd təsərrüfatı sahəsində istifadə olunan dərman preparatlarını xarici dövlətlərdən alaraq Azərbaycan Respublikasına gətirir və satışını həyata keçirir. Tərəflər arasında 04 mart 2024-cü il tarixli, 1/24-094 saylı müqavilə və müqavilənin tərkib hissəsi olan 1 saylı və 2 saylı Əlavə imzalanmışdır. Cavabdehə ümumilikdə 30548 manat dəyərində məhsul verilmişdir. Həmin məbləğdən cavabdeh 16575 ödəmiş və hazırda 13973 manat borcu qalmışdır. Dəfələrlə cavabdehə iddiaçıya olan 13973 manat borcunu ödəməsi bildirilsə də, cavabdeh bu günə qədər borcunu ödəməmişdir. Borcun ödənilməsi ilə əlaqədar qanunvericiliyin tələbinə əsasən cavadehə müraciət göndərilmiş, lakin cavabdeh yenə də borcunu ödəməmişdir. Hazırda cavabdeh 13973 manat məbləğində borcunu ödəmədiyindən məhkəməyə müraciət edirlər. Eyni zamanda cavabdeh məsulların alışı üzrə 13973 manat məbləğində pulu qanunsuz olaraq özündə saxlamaqla iddiaçıya zərər vurmuşdur. Bu zərəri 2000 manat olaraq müəyyənləşdirmişlər. Bundan başqa müqavilənin 8.3-cü bəndinə əsasən razılaşdırılan ödəniş müddətinin pozulmasına görə hər gecikmə gününə görə gecikdirilən məbləğin 0,01% məbləğində dəbbə pulu ödənilməsi razılaşdırılmışdır. Belə olan təqdirdə cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış ödəniş müddəti pozulduğuna görə 13973 manat məbləğinin hər gecikmə günü üçün 251 manat dəbbə pulu hesablanmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1/24- 094 AZ nömrəli “bitki mühafizə vasitələrinin satışı”na dair müqavilənin: 2.1-ci bəndinin tələbinə görə bu müqavilənin şərtlərinə əsasən, satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən 1 saylı əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin malları çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 3.4-cü bəndinin tələbinə görə satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təslim aktı (qaimə-faktura) əsasında həyata keçirəcək. 3.6-cı bəndinin tələbinə görə malların alıcıya çatdırılması, təhvil verilməsi müddətləri və yeri 1 saylı əlavədə müəyyən edilir. 5.3.1-ci bəndinin tələbinə görə alıcı, hazırkı müqavilənin şərtlərinə uyğun təchiz olunmuş malları qəbul etməyi və həmin malların dəyərini müqavilə ilə müəyyən olunmuş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 8.3-cü bəndinin tələbinə görə alıcı malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0.01% məbləğində dəbbə pulu ödəyəcək. 11.1-ci bəndinin tələbinə görə bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. Müqaviləyə 1 saylı Əlavədən göründüyü kimi tərəflər “Reqqi SC” adlı məhsulların ümumi dəyərini 16 575 manat müəyyənləşdirmiş və həmin məhsulların ümumi dəyərinin 50%-i müqavilə imzalandıqda, qalan 50%-i isə mal təhvilindən 40 gün sonra həyata keçiriləcəyi barədə razılaşmışlar. Əlavə hər iki tərəfin nümayəndələrinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. Müqaviləyə 2 saylı Əlavədən göründüyü kimi tərəflər “Dublon Gold WG” və “Tabu Neo SC” adlı məhsulların ümumi dəyərini 13 973 manat müəyyənləşdirmiş və həmin məhsulların ümumi dəyərinin 100%-i mal təhvilindən sonra 10 gün ərzində həyata keçiriləcəyi barədə razılaşmışlar. Əlavə hər iki tərəfin nümayəndəsinin imzaları və möhürləri ilə təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 899065 nömrəli və xx.xx.2024cü il tarixli 800857 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalardan göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə müvafiq olaraq 16 575 manat və 13 973 manat məbləğlərində məhsul verilmişdir. Həmin elektron qaimə-fakturalardan görünür ki, həmin məhsullar Cavabdeh MMC-nin möhürü və nümayəndəsinin imzası ilə təsdiqlənərək təhvil alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından göründüyü kimi tərəflər arasında bağlanmış müqaviləyə əsasən, iddiaçı tərəfindən cavabdehə EBDZ899065 və EBEB800857 nömrəli elektron qaimələrə uyğun olaraq dərman preparatlarının satışı həyata keçirilmiş, cavabdeh isə EBDZ899065 nömrəli qaimə əsasında yaranmış 16 575 manat məbləğində borcunu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində ödəmiş, lakin EBEB800857 nömrəli qaimə əsasında yaranmış 13 973 manat məbləğində borcundan heç bir ödəniş etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən öhdəlikləri yerinə yetirilərək malların cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 13 973 manat məbləğində borcu yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun olaraq izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, müqaviləyə 1 və 2 saylı əlavələr, elektron qaimə-fakturalar, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçı tərəfin izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 1/24-094 AZ nömrəli “bitki mühafizə vasitələrinin satışı”na dair müqaviləyə əsasən, satıcı müqavilənin əlavəsi hesab edilən və alıcı tərəfindən rəsmiləşdirilən əlavədə göstərilən malları razılaşdırılmış miqdarda, müddətdə və qiymətlə istifadə məqsədləri üçün yararlı halda alıcıya satmağı, alıcı isə həmin mallar çatdırıldıqdan sonra təhvil alıb dəyərini müvafiq əlavədə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 13 973 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalar (təhvil təslim sənədi), maliyyə arayışının qarşılıqlı araşdırılması zamanı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 3.1. Vergi ödəyicisi elektron qaimə-fakturanı elektron formada göndərir. 3.2. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 800857 nömrəli elektron qaiməfakturaya əsasən ümumilikdə 13 973 manat məbləğində məhsul cavabdehə verilmiş, həmin qaimə-faktura cavabdehin nümayəndəsinin imzası və möhürü ilə təsdiqlənərək təhvil alınmışdır. Buradan görünür ki, cavabdehin 13 973 manat məbləğində məhsulu iddiaçıdan təhvil alması öz təsdiqini tapmışdır. Bundan başqa maliyyə arayışından görünür ki, cavabdeh iki dəfə 8287.50 manat ödəniş etməklə xx.xx.2024-cü il tarixli 899065 nömrəli elektron qaimə-faktura üzrə borcunu tamamlamış, lakin digər qaimə-faktura üzrə yaranmış borcundan heç bir ödəniş etməmiş və iddiaçı hazırkı iddia tələbi ilə cavabdehdən xx.xx.2024-cü il tarixli qaimə-faktura əsasında yaranmış 13 973 manat məbləğində borcun tutulmasını tələb edir. Eyni zamanda məhkəməyə cavabdehin etirazı və ya vəsatəti daxil olmamış, həmçinin iddia tələbinin əksini sübut edən hər hansısa sübut təqdim edilməmişdir. Qeyd edilən xx.xx.2024-cü il tarixli 800857 nömrəli elektron qaimə-faktura hazırkı mübahisə üzrə qanunvericiliyin tələbinə uyğun olaraq həm elektron qaydada göndərilən sənəd kimi, eyni zamanda məhsulu-yükü qəbul edən şəxs tərəfindən fiziki olaraq imza və möhür edildiyinə görə təhvil-təslim aktı olaraq məhkəmə tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin “cavabdehdən 13 973 manat əsas borcun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməli və cavabdehdən 13 973 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə olaraq iddia tələbinin “cavabdehdən 2000 manat məbləğində zərərin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq dəymiş zərərə görə faiz məbləği hesablanarkən may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları olmaqla ümumilikdə 8 ay nəzərə alınmalı və həmin tarixlərə uyğun olaraq bank uçot dərəcəsi əsas götürülməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş müqaviləyə 2 saylı əlavədən göründüyü kimi tərəflər ödənişin tam şəkildə mal təhvilindən sonra 10 gün ərzində həyata keçirilməsi barədə razılaşmışlar, elektron qaimə-fakturalarla həmin məhsulların xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən təhvil alındığı müəyyənləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin tarixdən sonra 10 gün müddəti də nəzərə alınmaqla bundan sonra məhkəməyə müraciət edilən tarix aralığına kimi faiz məbləği hesablanmalıdır. Bundan başqa məhkəmə araşdırması zamanı AR Mərkəzi Bankı tərəfindən uçot faiz dərəcəsinin xx.xx.2024-cü il tarixindən illik 7.25% təyin edildiyi müəyyənləşdirilmişdir. İddiaçının məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etməsini nəzərə alsaq iddiaçıya 8 ay müddət üçün dəymiş zərərin məbləği hesablanaraq cavabdehdən tutulmalıdır. Nəticə olaraq iddiaçı dəymiş zərərə görə ((13 973 x 7,25%)/12) x 8= 675.36 manat məbləğində pul tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilən zərər tələbinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən bu əsasla 675.36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “251 manat dəbbə pulunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinin tələbinə görə alıcı malların dəyəri olan pul məbləğinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə 0.01% məbləğində dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, iddiaçının 251 manat məbləğində dəbbə pulu tələb etməsi ədalətli, ağlabatan və qanunidir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Yekun olaraq məhkəmə o qənaətə gəlmişdir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə yaranmış 13 973 manat məbləğində əsas borc, 675.36 manat dəymiş zərərin dəyəri, 251 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 850 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, tərəfin məhkəmədə iştirakı və fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 300 manat pulun tutulması əsaslı, ədalətli və qanunidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 141.22 manat olmalıdır. İddiaçı tərəfindən 142 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb edilmişdir. İddia tələbi qismən təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilməli olan 141.22 manat dövlət rüsumunun 125,71 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 15.51 manat hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 13973 manat əsas borc, 675.36 manat dəymiş zərərin dəyəri, 251 manat dəbbə pulu, 300 manat vəkil xidmət haqqı və 125.71 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov