Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-202/2022 13.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı X1 MMC-nin Cavabdeh qarşı “cavabdehdən 31066,24 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin 183,21 manat məbləğində hissəsinin dövlət rüsumuna aid edilməsi və ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı ödənilmiş 16,79 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1 MMC-nin Cavabdeh qarşı “cavabdehdən 31066,24 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin 183,21 manat məbləğində hissəsinin dövlət rüsumuna aid edilməsi və ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı ödənilmiş 16,79 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, pambığı iş yerindən qoyulmuş plana görə tapşırıq əsasında əkmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 05.08.2009cu il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış, müraciəti əsasında 11.01.2010-cu il tarixdən 11.01.2015-ci il tarixə, 04.12.2015-ci il tarixdən 04.12.2020-ci il tarixədək, 05.12.2020-ci il tarixdən 05.12.2025-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh 03.10.20211-ci il tarixdən Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd İnzibati ərazi Dairəsi nümayəndəsinin müavini vəzifəsindən azad edilərək Başçının Qazıqumlaq kənd İnzibati ərazi Dairəsinin nümayəndəsi vəzifəsinə təyin edilmiş, hazırda həmin vəzifədə işləyir və bu vəzifəyə təyin edildiyi zaman 3-cü dərəcəli dövlət qulluqçusu olmuşdur. Dövlət qulluğu haqqında Qanunun 20.1.2-ci maddəsinə əsasən, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa dövlət qulluqçusunun ixtiyarı yoxdur. Göründüyü kimi, cavabdeh 05.08.2009-cu il tarixdə fərdi sahibkar kimi qeydiyyata alınsa da 11.01.2010-cu il tarixdə 5 il müddətinə fəaliyyətini dayandırmış, həmin dövrdən sonra dövlət qulluğuna qəbul edilmiş, hazırda dövlət qulluqçusu olaraq fəaliyyətini davam etdirir, sahibkarlıq fəaliyyətini dayandırdığı müddət bitdikdən sonra yenidən fəaliyyətini dayandırır ki, hazırda da fəaliyyəti 05.12.2025-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi 08.04.2020 tarixdə bağlanmışdır ki, həmin tarixdə cavabdehin fəaliyyəti vergi orqanlarında dayandırılmış vəziyyətdə olmuşdur. Cavabdeh dövlət quluqçusu kimi sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz ki, məhkəmə iclasında izahatında pambığı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün deyil iş yerindən verilən tapşırıq əsasında əkdiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 27-ci bəndində qeyd olunur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, cavabdeh dövlət qulluqçusu olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və onun sahibkarlıq fəaliyyəti müqavilə bağlandığı zaman dayandırılmış vəziyyətdə olmuşdur. Hətta cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu ehtimal etsək belə vergi orqanlarında fəaliyyəti dayandırılmış vəziyyətdə olduğundan onun belə hərəkətləri qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilir. İstinad olunan “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 27-ci bəndinin tələblərinə əsasən isə qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı X1 MMC-nin Cavabdeh qarşı “cavabdehdən 31066,24 manat məbləğində borcun, 200 manat mediasiya xərcinin 183,21 manat məbləğində hissəsinin dövlət rüsumuna aid edilməsi və ilkin mediasiya sessiyasında iştirak etməməklə bağlı ödənilmiş 16,79 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-202/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-202/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver