Məhkəmə qərarları › İş №e-2-2(117)-206/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-206/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-206/2025 08.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-dən AL/ML/0443 saylı 02 iyun 2020-ci il tarixli lizinq müqaviləsinə əsasən, qrafik üzrə ödənilməmiş 181505 manat əsas, cərimə borcu kimi 46416.68 manat olmaqla ümumilikdə 227921.68 manat pulun, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 18 saylı Vəkil Bürosuna ödənilmiş 1800 manat pulun, dövlət rüsumunun əvəzi kimi 517.92 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında olan AL/ML/0443 saylı 02.iyun 2020-ci il tarixli Lizinq müqaviləsinə əsasən, 4000 tonluq xurma saxlamaq üçün 1 ədəd soyuducu kompleksi dəyəri ******* azn (Bir milyon dörd yüz altmış iki min iyirmi manat) 60 ay müddətində ödənilmək şərti ilə cavabdehə lizinq vasitəsi ilə satılmışdır. Müqavilənin 1.3-cü bəndinə əsasən lizinq obyektinin ümumi qiyməti ******* (Bir milyon dörd yüz altmış iki min iyirmi manat) manat təşkil etmişdir. Müqavilənin; 2.2 bəndinə əsasən 921072.6 manat lizinq ödənişlərinin ümumi məbləği; 2.2.1 bəndinə əsasən, 292404 manat avans məbləği nəzərdə tutulmuşdur; 2.2.2-ci bəndinə əsasən AKİA tərəfindən 548808 manat güzəşt məbləği; 2.2.3 maddəsinə əsasən 584808 manat lizinq məbləği; 2.2.4 bəndinə əsasən 43860.6 manat lizinq şirkətinin komisiyası olmuşdur. Anbarın quraşdırılması ilə bağlı cavabdeh tərəfindən müqavilə əsasında müəyyən edilmiş qrafik üzrə xx.xx.2025-ci il tarixədək 526338 manat ödəniş edilməli olduğu halda və 344833 manat ödəniş edilmiş, qrafik üzrə 181505 manat əsas borc və müqavilənin 15.2-15.3 bəndlərinin pozulmasına görə gecikdirilən hər gün üçün 0.1% cərimə hesablanmaqla 46416.68 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb edilməsinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Bununla bağlı cavabdehə xx.xx.2025-cü il tarixdə elektron kabinet və elektron hökumət “online kargüzarlıq” vasitəsi ilə rəsmi preteneziya ünvanlanmış lakin pretenziyada qeyd olunan müddət keçməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəlikləri icra etməmişdir. Əlavə olaraq hüquqi yardımın göstərilməsi məqsədi ilə İddiaçı MMC ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndəla xx.xx.2025-ci il tarixli EM-1181VK-0543/25 saylı müqavilə imzalanmış və 1800 yüz manat hüquqi yardıma görə məbləğ Bakışəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, lizinq verən İddiaçı MMC ilə cavabdeh lizinq alan Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmentinə əsasən, lizinq verən İddiaçı MMC lizinq alan Cavabdeh MMC-yə 1 ədəd, 4000 tonluq, dəyəri 1 462 020 manat olan soyuducunu lizinq alanın mülkiyyətinə və istifadəsinə verməyi, lizinq alan isə öz növbəsində həmin avadanlığı qəbul edib dəyərini bu müqaviləyə bağlanan əlavə 2 də göstərilmiş şərtlərdə və müddətdə lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən lizinq predmentinin ümumi dəyəri müəyyən edilmiş müvafiq güzəşt məbləğlərini çıxmaq şərt ilə 584808 manat təşkil etmişdir. Həmin müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə bağlanmış və etibarsız olmamışdır.

8. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsinə əlavə olaraq bağlanmış 1 nömrəli əlavəyə əsasən müqaviləyə uyğun olaraq lizinq predmentinin 60 ay müddətində lizinqə verilməsi öz əksini tapmış, aylıq lizinq ödənişi isə hər ay 9747 manat, sonuncu ay isə 9735 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

9. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsinə əlavə olaraq bağlanmış 2 nömrəli əlavə mövcuddur. Əlavədə müqaviləyə uyğun olaraq lizinq predmenti olan avadanlıqların adı, ümumi qiyməti və texniki göstəriciləri əks olunmuşdur. həmin əlavədə iddiamı və cavabdeh tərəfindən imzalanmışdır.

10. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsi əsasında tərtib edilən xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, iddiaçı lizinq predmenti olan 20 kameradan ibarət olan, 4000 tonluq soyuducu anbarı cavabdehə təhvil verilmişdir.

11. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsi əsasında tərtib edilən iş və xidmətlərin göstərilməsi barədə təhvil-təslim aktından görünür ki, iddiaçı lizinq predmenti olan soyuducu anbarı cavabdehə məxsus ərazidə quraşdırma işləri aparmışdır. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

12. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsi əsasında tərtib edilən “sifarişçinin obyektində soyutma təchizatı sistemləri üzrə kompelktləşdirici hissələrin və materialların göndərilməsi, montaj-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsinin təhvil-təslim” aktından görünür ki, iddiaçı lizinq predmenti olan soyuducu anbarı cavabdehə məxsus ərazidə quraşdırma işləri aparmış və həmin aktda soyuducu anbarın müxtəlif hissələrinin qiymətləri öz əksini tapmışdır. Həmin akt iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.

13. İddiaçı MMC tərəfindən təqdim edilmiş 345564 nömrəli xx.xx.2021-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış elektron qaimədə xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsi əsasında yaranmış ******* manat borc öz əksini tapmışdır.

14. İddiaçı MMC-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli hesabdan çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli lizinq müqaviləsi əsasında iddiaçı tərəfə müvafiq 344833 manat məbləğində ödənişlər edilmiş və cavabdehin iddiaçıya 181505 manat gecikdirilmiş borcu qalmışdır.

15. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi barədə müqavilədən görünür ki, İddiaçı MMC Bakı şəhər 18 Saylı Vəkil Bürosunun vəkili tərəfindən hüquqi xidmətlərin göstərilməsi xidmətinin dəyəri 1800 manat müəyyən edilmişdir.

16. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-yə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

V. Məhkəmənin mövqeyi:

18. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.

19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinq verən İddiaçı MMC ilə cavabdeh lizinq alan Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli İddiaçı MMC məxsus soyuducu avadanlığı lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan 20 kameradan ibarət soyuducu anbar kompleksi cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli müqavilə üzrə 181505 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

20. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 15.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb edə bilər.

21. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli AL/ML/0443 müqavilə üzrə 9075,25 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

23. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 1800 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə tələb qismən təmin edilməlidir.

24. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

25. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclasında iştirak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, həmçinin iddiaçı hüquqi şəxsin öz hüquqşünası vasitəsilə məhkəmədə təmsil olunmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc tələbdə olunduğu kimi 1800 manat deyil, 600 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 517,92 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 480,58 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

27. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

28. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli AL/ML/0443 nömrəli müqaviləyə əsasən 181505 manat əsas borc, 9075,25 manat cərimə borcu olmaqla cəmi 190580,25 manat borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 600 manat pul və iş üzrə ödənilmiş 480,58 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar