Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-211/2024 28.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMM-in nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMM-in Cavabdeh MMC-yə qarşı “20000 manat əsas borcun, 2000 manat dəbbə pulunun, 156 manat dövlət rüsumunun və 320 manat vəkil xərcinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMM ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 18/AS/2023 saylı alğı-satqı müqaviləsinə əsasən satıcı alıcının müntəzəm sifarişlərinə uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən malları alıcıya satmağı, alıcı isə bunun müqabilində haqq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, assortimenti, spesifikasiyası və qiyməti hər dəfə bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə göstəriləcək. 3.2.1-ci bəndinə əsasən satıcı malları alıcının təyin etdiyi vaxtda və yerdə müvafiq qaiməfaktura və ya ikitərəfli təhvil-təslim aktı əsasında təhvil verir. 5.2-ci bəndinə əsasən alıcı alınan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1 %-i məbləğində (ümumi dəyərin 10 %-ni keçməmək şərtilə) əlavə cərimə ödəyir. Satıcı müqaviləyə 1 nömrəli Əlavədə qeyd olunan 6980 manat dəyərində malları, müqaviləyə 2 nömrəli Əlavədə qeyd olunan 13126 manat dəyərində malları, müqaviləyə 3 nömrəli Əlavədə qeyd olunan 20000 manat dəyərində malları, müqaviləyə 4 nömrəli Əlavədə qeyd olunan 30214 manat dəyərində malları alıcıya təhvil-təslim aktlarına əsasən təhvil vermişdir. Malın təhvil verilməsi ilə bağlı tərəflər arasında müqaviləyə tərəflərin imza və möhürləri əks olunmuş 1 nömrəli Əlavə əsasında xx.xx.2023-cü il tarixdə, 2 nömrəli Əlavə əsasında xx.xx.2023-cü il tarixdə, 3 və 4 nömrəli Əlavələr əsasında xx.xx.2023-cü il tarixdə təhvil-təslim aktları tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə 20000 manat əsas borcunun və 2000 manat cərimə borcunun olduğu göstərilmişdir. Hesabdan çıxarışdan müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə müqaviləyə 1 nömrəli Əlavədə göstərilən malların dəyəri olan 6980 manat, xx.xx.2023-cü il tarixdə müqaviləyə 2 nömrəli Əlavədə göstərilən malların dəyəri olan 13126 manat və xx.xx.2023cü il tarixdə müqaviləyə 4 nömrəli Əlavədə göstərilən malların dəyəri olan 30214 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini tam yerinə yetirməmiş, müqaviləyə 3 nömrəli əlavədə adı göstərilən 20000 manat həcmində malların dəyərini ödəməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMM ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023 il tarixli, 18/AS/2023 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncuya bitki mühafizə vasitələri satılmışdır (müqaviləyə ƏLAVƏ № 1, tarix xx.xx.2023 il, ƏLAVƏ № 2, tarix xx.xx.2023, ƏLAVƏ №3, tarix xx.xx.2023, ƏLAVƏ № 4, xx.xx.2023). Həmin müqavilənin 3 nömrəli Əlavəsi üzrə cavabdeh tərəfindən ödənilməli olan 20000 manat məbləğində pul vəsaiti bugünə kimi ödənilməmişdir. Bundan başqa cavabdeh tərəfindən ödəniş gecikdirildiyi üçün müqavilənin 5.2-ci bəndinə uyğun olaraq 2000 (iki min) manat cərimə borcu hesablanmışdır. Beləliklə, cavabdehin İddiaçı MMM-ə olan borcu ümumilikdə 22000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada cavabdehlə mübahisəni məhkəmədənkənar həll etmək üçün xx.xx.2024-ci il tarixdə cavabdehin müvafiq icra hakimiyyətində olan elektron kabinetinə pretenziya göndərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə aralarında dərman preparatlarının satışı ilə bağlı müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən müqaviləyə 4 əlavəyə uyğun 4 alğı-satqı baş tutmuşdur. Cavabdeh 3 alğı-satqının pulunu ödəmişdir. 20000 manat dəyərində olan alğı-satqının pulunu isə ödəməmişdir. Ödəməmənin səbəbi kimi müəssisənin köhnə rəhbərliyinin çıxarılması və müəssisəyə yeni direktorun təyin edilməsidir. Mallar şəxsən onun tərəfindən müəssisənin direktoruna təhvil verilmişdir. Bununla bağlı malların təhvil-təslim aktı və elektron qaimələr məhkəməyə təqdim edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, müqaviləyə 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli Əlavələr, təhvil-təslim aktları, maliyyə arayışı, hesabdan çıxarış, elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMM ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023 il tarixli, 18/AS/2023 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı alıcının müntəzəm sifarişlərinə uyğun olaraq bu müqavilənin ayrılmaz tərkib hissəsi olan müvafiq əlavələrdə göstərilən malları alıcıya satmağı, alıcı isə bunun müqabilində haqq ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqaviləyə 1 nömrəli Əlavədə qeyd olunan 6980 manat dəyərində malları, müqaviləyə 2 nömrəli Əlavədə qeyd olunan 13126 manat dəyərində malları, müqaviləyə 3 nömrəli Əlavədə qeyd olunan 20000 manat dəyərində malları, müqaviləyə 4 nömrəli Əlavədə qeyd olunan 30214 manat dəyərində malları alıcıya təhvil vermiş və malların təhvil verilməsi ilə bağlı tərəflər arasında müqaviləyə tərəflərin imza və möhürləri əks olunmuş 1 nömrəli Əlavə əsasında xx.xx.2023-cü il tarixdə, 2 nömrəli Əlavə əsasında xx.xx.2023-cü il tarixdə, 3 və 4 nömrəli Əlavələr əsasında xx.xx.2023-cü il tarixdə təhviltəslim aktları tərtib edilmişdir. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək müqaviləyə Əlavələrdə adları qeyd olunan malları alıcıya təhvil vermiş, alıcı isə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 20000 manat borcu qalmışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2023-cü il tarixdə müqaviləyə 1 nömrəli Əlavədə göstərilən malların dəyəri olan 6980 manat, xx.xx.2023-cü il tarixdə müqaviləyə 2 nömrəli Əlavədə göstərilən malların dəyəri olan 13126 manat və xx.xx.2023-cü il tarixdə müqaviləyə 4 nömrəli Əlavədə göstərilən malların dəyəri olan 30214 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, lakin müqaviləyə 3 nömrəli əlavədə göstərilmiş 20000 manat həcmində malların dəyəri ödənilməmiş qalmışdır. Bu hal xx.xx.2023-cü il tarixli maliyyə arayışı və 3 nömrəli Əlavə əsasında qəbul edilmiş təhvil-təslim aktı ilə təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etmədiyindən ödənilməmiş 20000 manat əsas borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 2000 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2-ci bəndinə əsasən alıcı alınan malların dəyərinin ödənilməsinin gecikməsinin hər gününə görə ümumi dəyərin 0,1 %-i məbləğində (ümumi dəyərin 10 %-ni keçməmək şərtilə) əlavə cərimə ödəyir. Cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh hüquqi şəxsdən əsas borc məbləğinin 5 %-i həddində hesablanmış 1000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bununla yanaşı məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 320 manat vəkil pulunun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, bu hissə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının məhkəmə araşdırmasında vəkillə təmsil olunmasını, sonuncunun keçirilmiş məhkəmə iclaslarında iştirak etməməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 320 manat deyil, 150 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 156 manat olmalıdır ki, iddiaçı tərəfindən 156 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə cəriməyə münasibətdə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən 156 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 20000 manat əsas borc, 1000 manat dəbbə pulu, 150 manat hüquqi yardımla bağlı xidmət haqqı, 156 manat dövlət rüsumu tutularaq İddiaçı MMM-ə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-211/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-211/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver