Məhkəmə qərarları › İş №e-2-2(117)-217/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-217/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-217/2024 02.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə yaranmış 46248,4 manat əsas borcun və ödənilmiş 275,6 manat rüsum xərclərinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ağdaş rayonu, Kükəl kəndində yerləşən və cavabdehin istifadəsində olan qeyriyaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli AMX-1523/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmış və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında xx.xx.2023-cü il tarixə 61870,40 manat borcu yaranmışdır. Bu hal qarşılıqlı üzləşmə aktı və abonentin saldosu ilə təsdiq edilir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Ağdaş rayonunda yerləşən və Cavabdeh istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən müəssisənin təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli AMX- 1523/20 saylı“Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh istifadəsindəki qeyri yaşayış sahəsi uzun müddət təbii qazdan istifadə edilməsinə baxmayaraq istehlak edilmiş qazın dəyəri tam ödənilmədiyindən istehlakçının **********00000 saylı saylı qaz hesabında 61870.40 manat həcmində olmuşdur. Belə ki, **********00000 saylı saylı qaz hesabı üzrə göstərilən borc G-250 markalı 80106326 nömrəli sayğacın ******* m mexaniki və ******* m elektron göstəricisi ilə yaranmışdır. Borclunun qaz hesabında debitor borcun yaranması ilə bağlı qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktları ilə təsdiqlənmiş və mübahisələndirilmir. Tələb olunan 61870.40 manat borc yalnız sayğac göstəricisinə görə aparılmış hesabata əsasən yaranmışdır. Bundan əlavə tərəflər arasında xx.xx.2023cü il tarixdə imzalanmış debitor borcun ödənilməsi haqqında Razılaşma protokoluna əsasən Cavabdeh tələb olunan borcun ödənilməsi ilə bağlı əlavə öhdəlik götürsə də yenə də borc ödənilməmişdir. Cavabdehnəborcun könüllü ödənilməsi tələbi ilə müxtəlif tarixlərdə xəbərdarlıq məktubları göndərilsə də, tələb olunan tam ödəniş edilməmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, keçən müddət ərzində Cavabdeh tələb olunan borcun 15622 manat hissəsini ödədiyindən hazırda əsas borc məbləği 46248.40 manat təşkil edir. Ona görə də iddia tələbi həmin hissədə azaldılmalıdır. Odur ki, iddia tələbinin azaldılmasına dair ərizənin icraata götürülməsini, Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 46248.40 manat məbləğində əsas borcun, 275.60 manat ödənilmiş rüsum xərcləri, ümumilikdə 46524 manat məcburi qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin iclas protokolunun qərardadına əsasən ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, razılaşdırma protokolu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi Ağdaş rayonu, Kükəl kəndində yerləşən və cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli AMX-1523/20 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmış və Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 nömrəli abonent kodu verilmişdir. Tərəflərin iştirakı ilə tərtib edilmiş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2023-cü il tarixə 61870,40 manat ödənilməmiş borcu mövcud olmuşdur. Buna baxmayaraq abonentin saldosundan müəyyən olunur ki, iddiaçının bildirdiyi kimi üzləşmə aktının tərtib edildiyi tarixdən sonra cavabdeh tərəfindən 2024-cü ilin mart ayında 15622 manat ödəniş edilmiş, qalan 46248,40 manat borc ödənilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə 46248,40 manat borc cavabdehdən tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 228,74 manat təşkil edir. İddia tələbi təmin edildiyindən ödənilməmiş 228,74 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir ki, iddiaçı tərəfindən 75,60 manat dövlət rüsumu ödənilmiş, qalan 153,14 manat dövlət rüsumu ödənilməmiş qalmışdır. Buna görə də ödənilməmiş 153,14 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmiş və iddiaçı həmin xərci ödədiyi 75,60 manat dövlət rüsumu ilə birlikdə (275,60 manat) rüsum xərcləri olaraq tələb etmişdir. Bu səbəbdən həmin məbləğlər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 46248,40 manat əsas borc, 275,60 manat ödənilmiş rüsum xərcləri tutularaq İddiaçı İB-yə ödənilsin. Ödənilməmiş 153,14 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar