Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-22/2020 12.03.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “28655,89 manat əsas borc, gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 2579 manat olmaqla cəmi 31234,89 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/2018 nömrəli diler satış müqaviləsinə əsasən diler Cavabdeh müqavilənin predmetinə daxil olan malları öz adına və hesabına satmağı və malların dəyərini 60 gün müddətində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.2.6-cı bəndinə əsasən diler malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün İddiaçı MMC-yə vaxtında ödəmədiyi məbləğin 0,1 %-i məbləğində cərimə ödəyir. Diler Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və ödənilməmiş borcu qalmışdır ki, iddiaçı həmin məbləğə cərimə hesablamışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə Cavabdeh ödənilməmiş 28601,70 manat əsas borcu vardır. Qeyd olunan akt tərəflərin imzaları və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə diler satış müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC müxtəlif vaxtlarda Cavabdeh mal satmışdır. Cavabdeh aldığı malların dəyəri olan 28655.89 manat borcu İddiaçı MMC-yə ödəməmişdir. Müqavilənin 5.2.5-ci bəndində göstərilmişdir ki, alıcı aldığı malın dəyərini 60 gün müddətində ödəməlidir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqla qalan borcu ödəmələri barədə müraciət etmişlər, lakin, cavabdeh borcu ödəməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış diler müqaviləsi, qaimələr, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan özvəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/2018 nömrəli diler satış müqaviləsinə əsasən diler Cavabdeh müqavilənin predmetinə daxil olan malları öz adına və hesabına satmağı və mlların dəyərini 60 gün müddətində İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış üzləşmə aktından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə Cavabdeh ödənilməmiş 28601,70 manat əsas borcu vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 28655,89 manat deyil, üzləşmə aktında qeyd olunan 28601,70 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə 2579 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh malın dəyərini müqavilə üzrə müəyyən edilmiş 60 gün müddətində iddiaçıya ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də, dəbbədə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 2579 manat deyil, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 27,76 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 2,24 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28601,70 (iyirmi səkkiz min altı yüz bir manat yetmiş qəpik) manat əsas borc, 300 (üç yüz) manat cərimə borcu olmaqla cəmi 28901,70 (iyirmi səkkiz min doqquz yüz bir manat yetmiş qəpik) manat borc və ödənilmiş 27,76 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 2,24 (iki manta iyirmi dörd qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-22/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-22/2020
12.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver