Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-22/2021 27.01.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, idiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “8600 manat əsas borc, 6188,76 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 24-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh 28500 manat məbləğində kənd təsərrüfatı texnikasını lizinqə götürmüş, müqaviləyə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqaviləyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun 8600 manat əsas borcu qalmışdır ki, cavabdeh də həmin məbləğə 6188,76 manat cərimə hesablamışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanına əsasən “xxxx” ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 24-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən cavabdeh 28500 manat məbləğində kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına ilkin ödəniş etmiş, qalan məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin məhkəməyə məlum olan qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması səbəbindən çatdırılmayaraq geri qaytarılmış, AZEMİS vasitəsilə cavabdehin adına qeydiyyata alınmış telefon nömrəsinə məhkəmə iclasının vaxtı və yeri barədə SMS xəbərdarlıq göndərilmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlığı cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh xx.xx.2018-ci il tarixli 24-GL/17 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və iddiaçıya hazıradək 8600 manat məbləğində borcu aranmışdır. Bundan başqa, məhkəmə 6188,76 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.17-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi iki dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-ci müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafik üzrə ödənişin bir dəfədən artıq aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 6188,76 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 17,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 12,45 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8600 manat əsas borc, 50 manat cərimə borcu və 17,55 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 12,45 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-22/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-22/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver