Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-22/2023 20.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli 001577 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehdən aldığı Epiray laserconn aparatının və onun müqavilədə qeyd olunan ehtiyat hissələrinin cavabdeh tərəfindən qəbul edilməsi, aparat və ehtiyat hissələrinə görə ödədiyi 24770 manat pulun, 167 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə malı alıcıya verməyi, alıcı isə pul ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.2.3-cü bəndinə əsasən Satıcı Alıcıya aldığı mallara uyğun olaraq zəmanət təqdim edir. Satıcının təqdim etdiyi zəmanət talonunda malların hansı müddətə və hansı şərtlər daxilində verildiyini qeyd edir. Həmin Müqavilənin 3.3.3-cü bəndinə əsasən, əgər Satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşya vermişsə Satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, Satıcıdan öz seçimi ilə Alıcı qiymətinin mütənasib azaldılmasını (3.3.3.1) və Əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (3.3.3.2) tələb etmək hüququ vardır. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, “Satıcı” Müqaviləyə uyğun olaraq “Alıcı” tərəfindən müqaviləsinin əlavəsi olan protokolda göstərilən şərtlərə uyğun ödəniş həyata keçirdəcək və “Satıcı” isə öz növbəsində Malı “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, Satıcı Malı təhvil verərkən X1 aktını təqdim etməli və çatışmazlıqlar yoxdursa, akt imzalamalıdır. Alıcı malları imzalamaqdan imtina etdikdə, Satıcı bütün çatışmazlıqları göstərməklə yazılı formada xəbərdar etməlidir. Akt imzalandığı tarixdən etibarən Mallar Müqavilənin şərtlərinə uyğun vəziyyətdə verilmiş hesab edilir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, hissə-hissə ödəniş şərti ilə satılmış avadanlığın aylıq ödənişi 2 aydan çox müddətdə ödənilmədiyi halda avadanlığa verilmiş zəmanətə xitam verilir və avadanlıq zəmanətdən çıxdıqda isə avtomatik olaraq avadanlığın servisi xidməti dayandırılır. İddiaçı məhkəməyə verdiyi izahatlarında bildirişdir ki, lazer aparatını CavabdehMMCdən almış, həmin aparatı almamışdan əvvəl həmin aparatla işləməklə bağlı kurs keçirilmiş və sertifikat verilmişdir. Aparatı alqıdıqdan sonra xeyli müddət işləmişdir, hər gün təxminən 7-8 nəfər pasiyent qəbul etmiş, lakin həmin pasiyentlər narazılıq etmiş ki, lazer aparatı bədən üzərində tüklərin təmizlənməsi zamanı dərini qızartmış- yandırmışdır. Həmin aparat aldığı vaxtdan qüsurlu olmuşdur. Aparat aldığı vaxt Bakı şəhərində qadın salonunda işləmiş, qıa müddət sonra başqa br salona işləməyə getmiş, aparatı cavabdehin iştirakı ilə aparmış, sonradan Bakı şəhərində klinikaların birinə aparmışdır. Bir müddət işlədikdən sonra aparatı Bakı şəhərində fəaliyyət göstərən mağazaların birinə aparmışdır. İlkin yerdəyişmə istisna olmaqla digər yerdəyişmələri özü tərəfindən həyata keçirmiş, cavabdeh iştirak etməmişdir. Aparatda olan nasazlıq yəni, dərini yandırma ilə bağı cavabdehə müraciət etmiş, onların mütəxəssisləri aparatı yoxlayıb təhvil vermiş, lakin yenidən aparat düzgün işləməmiş, dərini yandırmışdır. Aparatın suyunun dəyişdirilməsi ilə bağlı müraciətlər etmiş və müvafiq distillə edilmiş su alıb dəyişdirilmişdir. Video görüntülərdəki Tərlan adlı şəxs əvvəlki müdirinin tanışıdır. Tərlan AZ Estetik Groupun işçisidir. Əvvəl işlədiyi salonun müdiri də ondan aparat almışdı, oradan tanıyır. O da bu cür aparatların satışı ilə məşğuldur. Ona şirkətdə təlimi başqa aparatda keçiblər. Ona satılan aparat isə başqa aparatdır. Video görüntülərdən də görünür ki, aparatın ad hissəsi belə əl vuran kimi qopur. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirdi ki, Lazercom aparatı müxtəlif şirkətlərin sifarişi əsasında ölkəyə gətirilir. Aparatın adı Beauty Divice-dır. Cavabdehin nümayəndəsinin dediyi kimi LDB 1 deyil. Kəmalə xanım avqust ayının 23-də müraciət edib ki, aparatda problem var. Bundan sonra hüquqi yardımla bağlı ona müraciət edib. O da bununla bağlı Mesa Group sorğu göndərmiş, lakin sorğuya cavab vermədilər. Avqust ayında aparat alınıb, yanvar ayında isə iddiaçı müraciət edib. Onların təqdim etdiyi qiymətləndirmə rəyində yazılıb ki, aparatın mənşəyi məlum deyil və yararsızdır, istifadə edilərəkən insanın dərisini yandırır və insan sağlamlığı üçün zərərlidir. Aparat üç hissədən ibarətdir. Aparatın “Main Sapplies” adlandırılan birinci hissəsi yəni, beyni tamamilə yararsızdır. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd edilən aparat sağlam formada iddiaçıya xx.xx.2021-ci il tarixdə təhvil verilmiş, təhvil verilərkən aparatda heç bir nöqsan olmamışdır. Qeyd edilən aparat həssas və incə aparat olduğundan üzərinə bir damcı su tökülərsə sistemi korlana bilər, ya su dəyişdirilmədən kənara aparılarsa, aparatın əsas hissəsində olan su çıxarılmazsa zədələnib yararsız vəziyyətə düşə bilər. İddiaçının müraciəti əsasında xx.xx.2022-ci il tarixdə aparata baxış keçirilmiş yoxlanılmış, aparatda problemin olmaması ilə bağlı akt tərtib edilmiş, iddiaçı da bununla razılaşmış və akta imza etmişdir. İddiaçı tərəfindən aparatın yerdəyişmələri onun təmsil etdiyi şirkətin müşayiəti ilə aparılmamışdır. Bununla bağlı qarantiya şərtləri pozulmuşdur. video görüntülərdə də aparatın üzərində Model Name LDD1 aparatın adını, Epiray sözü isə Cavabdeh MMC-nin əmtəə nişanını bildirir. Aparatın beynəlxalq sertifikatı da vardır. Aparat gömrükdən keçərkən yoxlamadan keçmişdir. Həmçinin aparat iddiaçıya təqdim edilərkən yoxlanılıb sonra verilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin AZ 031.xx.xx.23762.21 nömrəli Uyğunluq sertifikatından görünür ki, “Epiray Multi DPL4” əmtəə nişanlı kosmetoloji lazer epilyasiya aparatı normativ tələblərə uyğundur. xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsindən və Gömrük Komitəsinin invoysundan görünür ki, Beaty Device” adlı məhsul model LD1, SN 20210621P079 olan aparatın idxalı həyata keçirilmişdir. Təqdim edilən gömrük bəyannaməsi və Commercial İnvoice sənədində qeyd edilən məhsulun modeli, adı və müvafiq kodlar eynidir. xx.xx.2021-ci il tarixdə imzalanmış təhvil-təslim aktından görünür ki, 25020 manat məbləğində Epiray Lazerconn aparatı 250 manat güzəşt olunmaqla 24770 manat müqabilində alıcıya təhvil verilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə avadanlığın texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiası Mərkəzi xx.xx.2023-cü il tarixdə ekspertizanın aparılmasından imtina edilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə yenidən ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xx.xx.2023-cü il tarixdə ekspertiza aparılması üçün “Standartlaşdırma İnstitutu” X2 müvafiq mütəxəssis olmaması səbəbi ilə ekspertizanın aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xx.xx.2020-ci il tarixli əmtəə nişanı haqqında verdiyi Şəhadətnamə ilə “EPİRAY” nişanı Cavabdeh MMC-yə verilmişdir. "xxxx" MMC-nin 328 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus “Epiray Lazerconn” epilyasiya aparatının üzərində istehsalçı zavodun adı və kodu göstərilməmişdir. Epilyasiya aparatı defektlidir və istismara yararsızdır. İstismar zamanı da insanlar üçün təhlükə yarada bilər. xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin talonundan görünür ki, İddiaçı “Su dəyişmə problemi” müraciəti üzrə aparata baxış keçirilmiş, su dəyişdirilərək yoxlanılıb təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli Mesa Service-in talonundan görünür ki, İddiaçı “Dərini yandırır problemi” müraciəti üzrə aparata baxış keçirilmiş, “cihazın dərinin yandırmasında heç bir problemi olmadığı” müəyyən edilmiş və İddiaçı tərəfindən imzalanmışdır. xx.xx.2021-ci il tarixli 1550 nömrəli zəmanət talonundan görünür ki, cihazın başlığına 5 milyon atış sayı və 1 il zəmanət verilir. Zəmanət müddətində cihazın yerdəyişməsi mütləq şəkildə şirkətin servis xidmətinin nəzarəti ilə həyata keçirilməlidir. Cihaz ilk quraşdırıldığı məkandan başqa bir məkana dəyişmə edilərsə, servis xərci 100 AZN təşkil edir. Zəmanət müddətində cihaza şirkət əməkdaşından başqa qeyri bir şəxs müdaxilə edərsə cihaz avtomatik zəmanətdən çıxardılacaq. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: alqı-satqı müqaviləsi, zəmanət saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə 25020 manat məbləğində Epiray Lazerconn aparatı 250 manat güzəşt olunmaqla 24770 manat müqabilində alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə predmetini qəbul edib qarşılığında həmin məbləğdə pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə imzalanmış təhvil-təslim aktından görünür ki, 25020 manat məbləğində Epiray Lazerconn aparatı 250 manat güzəşt olunmaqla 24770 manat müqabilində alıcıya təhvil verilmişdir. Göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur və mübahisə alqı-satqı nəticəsində satılan lazer aparatının lazımi keyfiyyətdə olmaması səbəbindən dərini yandırması ilə bağlıdır. Bu səbəbdən iddiaçı məhsulun və onun avadanlıqlarının cavabdeh tərəfindən qəbul edilməsini və ödədiyi məbləğin geri qaytarılmasını xahiş edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Mübahisə predmeti olan lazer aparatının keyfiyyətinə münasibət olaraq məhkəmə bildirir ki, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli Gömrük bəyannaməsindən və Gömrük invoys sənədində xx.xx.2021-ci il tarixli "xxxx" MMC-nin AZ 031.xx.xx.23762.21 nömrəli Uyğunluq sertifikatından görünür ki, Cavabdeh MMC-nin sifarişi ilə Azərbaycana idxal edilmiş “Beaty Device” adlı məhsul model LD1, SN 20210621P079 olan aparat “Epiray Multi DPL4” əmtəə nişanlı kosmetoloji lazer epilyasiya aparatı standartlara uyğun olduğu müəyyən edilir. Digər tərəfdən mal təqdim edilən lazımi keyfiyyətlə olmasa belə, alıcının malın keyfiyyətini yoxlamaq öhdəliyi və maldan imtina etmək hüququ həm qanunvericiliklə, həm də birbaşa tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən, Satıcı Malı təhvil verərkən Alıcıya təhvil-təslim aktını təqdim etməli və çatışmazlıqlar yoxdursa, akt imzalamalıdır. Akt imzalandığı tarixdən etibarən mallar Müqavilənin şərtlərinə uyğun vəziyyətdə verilmiş hesab edilir. Tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır, bu isə malın iddiaçı tərəfindən təhvil alındığı vaxt qüsurlardan azad olduğunu sübut edir. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahatında etiraf edir ki, 3 dəfə aparatın yerini dəyişdirmiş (ilkin yerindən bir dəfə gözəllik salonuna, ikinci dəfə klinikaya, üçüncü dəfə isə mağazaya aparılmışdır), bunlardan sadəcə biri cavabdeh təşkilatın nümayəndələrinin iştirakı ilə olmuşdur. Bununla bağlı məhkəmə bildirir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə satılmış aparata verilmiş zəmanət talonunun şərtləri iddiaçı tərəfindən pozulmuşdur. xx.xx.2022-ci il tarixli Mesa Service-in talonundan da görünür ki, İddiaçı “Dərini yandırır problemi” müraciəti üzrə aparata Cavabdeh MMC tərəfindən hətta məhsul təhvil alınandan sonra da baxış keçirilmiş, cihazın yandırmasında heç bir problem olmadığı müəyyən edilmişdir. Bu faktı iddiaçı yazdığı ərizəsi ilə də təsdiqləmiş və aparatı işlək vəziyyətdə təhvil almışdır. Həmçinin məhkəmə bildirir ki, məhkəmə tərəfindən qeyd edilən lazer aparatının keyfiyyətinin yoxlanılması ilə bağlı araşdırılma aparılması istiqamətində tədbirlər görülmüş, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində iş üzrə ekspertiza təyin edilmiş, lakin həmin aparat üzrə mütəxəssis olmaması səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır. İddiaçının təşəbbüsü ilə "xxxx" MMC-yə aparata baxışın keçirilməsi ilə bağlı müraciət olunmuşdur. Həmin yoxlamanın nəticəsində verilən 328 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində İddiaçı məxsus “Epiray Lazerconn” epilyasiya aparatının üzərində istehsalçı zavodun adı və kodu göstərilmədiyini, epilyasiya aparatının defektli olduğu və istismara yararsız olduğunu, istismar zamanı da insanlar üçün təhlükə yarada biləcəyini bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş Qiymətləndirmə Mərkəzinin mütəxəssis rəyi sırf aparatın dəridə yanıq əmələ gətirib gətirmədiyinə qiymət verilməsi ilə bağlı deyildir. Bundan əlavə Qiymətləndirmə mütəxəssisinin müvafiq aparatın keyfiyyətinə münasibət bildirməsi, onun bu sahədə bilik və təcrübəsinin olması həmin sənəddə qeyd edilməmişdir. Bundan əlavə, həmin rəydə mütəxəssis istehsalçı zavodun adı və kodunun qeyd edilmədiyi bildirilsə də, təqdim edilmiş sənədlərdə həmin məhsulun mənşəyi məlum olmaqla, Çin Xalq Respublikasında istehsal edildiyi məlum olmuş və ölkəyə daxil olması ilə bağlı müvafiq sənədləşdirmələr aparılmışdır. Qeyd edilən məhsul üzərində rəsmi sənədlə cavabdehə məxsus əmtəə nişanı vurulmuşdur. Bu isə məhkəmə tərəfindən iddiaçının əsaslılığını təsdiqləyən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iddia tələbinin məzmununa münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış Müqavilənin 3.3.3-cü bəndinə əsasən, əgər Satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşya vermişsə Satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, Satıcıdan öz seçimi ilə Alıcı qiymətinin mütənasib azaldılmasını (3.3.3.1) və Əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını (3.3.3.2) tələb etmək hüququ vardır. Həmin Müqavilədə qüsur aşkar edildiyi təqdirdə aparatın qaytarılması və əvəzinin tam ödənilməsi razılaşdırılmamışdır. Lakin iddiaçı və vəkili buna münasibətdə məhkəmə iclasında bildirdilər ki, mübahisə problemi aparatın daşınması zamanı yol verilən hər hansı sınıq və ya dağılma ilə əlaqədar deyildir. Dərini yandırması faktoru əsas gətirilərək bildirilmişdir ki, aparat ilk işlədilməyə başlandığı andan dərini yandırır. Həmçinin, iddiaçının vəkili izahatında bildirmişdir ki, aparatda iddia edilən qüsur aparatın beynini yandırdığından alış qiymətinin azaldılması və ya qüsurların hissəvi şəkildə aradan qaldırılması mümkün deyildir. Aparat tamamilə qüsurla işləyir. İlkin olaraq qeyd edilən aparatın alıcıya təhvil verilən andan hər hansı qüsurun mövcudluğu müəyyən edilmir, əksinə aparat satıldıqdan sonra təxminən 6 ay sonra aparata baxışın keçirildiyi və hər hansı bir nöqsanın olmadığı müəyyən edilmiş və sənədləşdirilmişdir. İddiaçı tərəfindən aparatın qüsurlu olduğunu, dərini yandırdığını və həmin qüsurların aparatın başqa yerlərə aparılması, zəmanət şərtlərində göstərilən şərtlərin məhz cavabdeh tərəfindən pozulmasını təsdiq edən hansı sübut məhkəməyə təqdim edilməmişdir. Çünki bu halların aparatın yerdəyişməsi zamanı suyun boşaldılmaması, qablaşdırılmaması və sair üzündən baş vermə ehtimalları mövcuddur. Məhkəmə tərəfindən aparatın yararlılığı ilə bağlı halların araşdırması, yəni, ekspertizaların təyin edilməsi nəticəsində iddiaçının bildirdiyi faktları təsdiq edən hər hansı bir sübut əldə edilməmişdir. Ona görə də Mülki Məcəllənin 588.1-ci maddəsində qeyd edilir ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Eyni zamanda, 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Mülki Məcəllənin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçı tələbini sübuta yetirə bilmədiyindən iddia tələbi rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilməli dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli 001577 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehdən aldığı Epiray laserconn aparatı və onun müqavilədə qeyd olunan ehtiyat hissələrinin cavabdeh tərəfindən qəbul edilməsi, aparat və ehtiyat hissələrinə görə ödədiyi 24770 manat pulun, 167 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-22/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-22/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver