Məhkəmə qərarları › İş №e-2-2(117)-227/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-227/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-227/2022 06.05.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “11527,95 manat borc, 123,50 manat dövlət rüsumu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında 12 ay müddətinə bağlanmış 01.12.2019-cu il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh icarəsində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə hər hektardan 35 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər ha üçün 1234 manat vəsait xərclənəcəkdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2 saylı əlavəsi ilə müəyyən olunur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) AŞİB-in vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 01.12.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh 28 hektar sahədə şəkər çuğunduru əkməyi və hər hektardan 35 ton məhsul əldə etməklə, ümumilikdə 980 ton məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə cavabdehə məxsus sahəyə cəmiyyət tərəfindən 19231 manat məbləğində mal və xidmət satılmaqla və 2000 manat pul vəsaiti avans olaraq kart hesabına köçürtməklə toplam 21231 manat dəyərində xərc çəkilmişdir. Cavabdeh tərəfindən isə iddiaçıya cəmi 9703,05 manat dəyərində şəkər çuğunduru təhvil verilmiş, nəticədə cavabdehin cəmiyyətə 11527,95 manat borcu yaranmışdır. Müqavilə şərtlərinə əsasən, cavabdeh müqavilənin 2 saylı əlavəsində göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə borclanacaqdır. Həmin borc (aqrotexniki xidmət ,toxum, gübrə,bitkinin mühafizəsi və digər maddi-texniki vəsaitlərin haqqı) məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılacaq, yerdə qalan məhsulun dəyəri isə hesab-faktura təqdim edildikdən sonra 20 gün ərzində cavabdehin bank hesabına köçürüləcəkdir. Müqavilə şərtlərinə görə təhvil verilmiş məhsulun dəyəri cavabdehin borcunu tam ödəmirsə, yaranmış borc cari ilin sonunadək pretenziya qaydasında iddiaçıya tam ödənilməlidir. Əks halda yaranmış borc məhkəmə qaydasında cavabdehdən tələb olunacaqdır. Cavabdehin borclu olması ödəniş tapşırıqlarında, elektron hesab-fakturalarda və maliyyə arayışlarında təsdiq edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil elekron kabinet vasitəsilə etirazla məhkəməyə müraciət edərək etirazı onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərinə AŞİB əməl etməyərək Şəki rayonu ərazisində yerləşən 15 ha çuğundur əkilmiş ərazidən cəmi 2 ha ərazidən çuğundur çıxarılmasını təmin etmişdir. AŞİB-in aqronomları tərəfindən 2020-ci ilin yanvar və fevral aylarında əkin həyata keçiriləcək torpaqlara baxış keçirilmişdir. Ərazinin daşlıq ərazi olduğu müşahidə edilmiş, “AŞİB”in aqronomu Qüdrət Əsgərovla əkin yerində müzakirələr aparılmış və qərara gəlinmişdir ki, payız aylarında çuğundurun yığım zamanı ərazinin daşlıq ərazi olmasını nəzərə alaraq tək cərgə çuğundur yığımını həyata keçirə biləcək aqreqatdan istifadə edilməklə yığım həyata keçirilsin. Lakin oktyabr ayında yığım zamanı AŞİB-in aqronomları Əsgərov Qüdrətin və Quliyev Fərmanın şahidliyi ilə əraziyə 6 cərgəli çuğundur yığımı üçün ixtisaslaşmış kombayn gətirilmiş, həmin texnika ərazidə çuğundur yığımını həyata keçirə bilməmişdir. Cəmi təxminən 2-3 ha yaxın ərazidə iş görülmüş və çuğundur yığımı mümkünsüzlüyünü texnikanın daşlıq ərazidə işləyə bilməyəcəyini qeyd edərək kombayn operatoru ərazini tərk etmişdir. Ərazi aqronomları ərazidən çuğundurun yığılması üçün əvvəlcə razılaşdırılmış aqreqatın göndəriləcəyini qeyd etsələr də, aqreqatlar əraziyə göndərilməmişdir. Dəfələrlə edilmiş müraciətlərinə və həmin vaxt AŞİB-in aqro şöbəsinin rəhbəri olan Rövşən Əliyev ilə telefon danışıqlarında xahişinə baxmayaraq çuğundur yığımı üçün başqa aqreqat göndərilməmişdir. Ümumilikdə 500 tona yaxın şəkər çuğunduru yerdə qalaraq çürümüşdür. Ölkədə çuğundurun istehsalı ilə bağlı ixtsaslaşmış yeganə müəssisə AŞİB olduğundan yığım üçün aqreqatın başqa yerdən əldə edilməsi mümkünsüz olmuş və yığımı həyata keçirə bilməmişlər. Yerdə qalan çuğundurun yığılmaması səbəbli əkinlərə çəkilmiş vəsait zərərə uğramışdır. Qeyd edilən xüsusatlar AŞİB-in iddiasının tamamilə əsassız olduğunu təsdiq edir. Odur ki, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid qismində 22.04.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X3 ifadəsində bildirmişdir ki, Azərbaycan Şəkər Zavodunda Bərdə bölgə aqranomu işləmiş, Şəkiyə də o nəzarət etmiş və cavabdehin aqronomu olmuşdur. Bir hektar çuğundur əkmək üçün təxminən 800-850 manat vəsait tələb olunur. Cavabdehin ərazisinin daşlı olması ilə bağlı rəhbərliyə məlumat vermiş, lakin şəkər çuğundurunun əkilməsinə icazə verilmişdir. Məhsul yetişdiyi zaman yığılması üçün kombayn göndərilmiş, 2 hektara yaxın ərazi biçilmişdir. Biçilmə zamanı ərazi daşlı olduğu üçün kombayn biçini davam etdirə bilməmişdir. Ümumilikdə cavabdehə məxsus 8 hektar ərazi biçilmişdir. 2 hektar mübahisə predmeti ərazidə, 6 hektar isə Qax rayonu ərazisində. Mübahisə predmeti ərazi daşlı olsa belə məhsul yetişmişdir. Yetişən məhsul çıxarılmadığından batmışdır. Cavabdehlə bağlanmış müqaviləyə əsasən 2 hektar mübahisəli ərazidə, 6 hektarda Qax rayonu ərazisində biçilmişdir. Şahid qismində 22.04.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X4 ifadəsində bildirmişdir ki, torpaq sahələri onların şirkətinə məxsusdur. Həmin əraziyə bitişik onların şirkətə məxsus torpaq səhələri vardır. Həmin torpağa baş çəkərkən görmüşdür. Cavabdehin icarəyə götürdüyü torpaq sahəsinin sahibi olan firmanın rəhbəridir. Cavabdehin icarəyə götürdüyü torpaq sahələrinə çuğundur əkilmişdir. Mübahisə predmeti ərazisində 15 hektar çuğundur əkilmiş, məhsul da yetişmişdir. Ərazi daşlı olduğundan iddiaçı çuğunduru çıxırtmamış, məhsul çürümüşdür. İddiaçı tərəf həmin əraziyə türk kotanı verməmişdir. Ümumiyyətlə cavabdehə iddiaçı tərəfindən heç bir kömək olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2020-ci ildə müqavilə bağlamışlar, ərazidə 15 hektar şəkər çuğunduru əkilmişdir. Müqavilə Cavabdeh ilə bağlansa da işin sahibi X4 olmuşdur. Cəmi 15 hektar ərazidə çuğundur əkilmişdir. Cavabdeh tərəfin iddia ettiyi 2-3 hektar yox, qaimə-fakturalardan da görünür ki, 8 hektar çuğundur çıxarılmış və 9703,05 manat dəyərində çuğundur təhvil verilmişdir. İşin sahibi olan X4 o dövrdə İddiaçı rəhbəri olan Rövşən müəllimlə görüşdükdən sonra şəkər çıxarmaqdan imtina etmiş və yayınmışdır. Sonra AŞİB tərəfindən sahəyə İran istehsalı olan kotan göndərilmişdir. Cavabdeh tərəf çuğundurun çıxarılmasına etinasız yanaşmış və çıxarmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2-3 hektar torpaq sahəsində çuğundur biçilmişdir. Aqreqat verilmədiyi üçün məhsul batmışdır. Cavabdeh tərəf olaraq dəfələrlə şifahi müraciətlər etsələr də, lakin heç bir nəticəsi olmamışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət və satınalma müqaviləsi, müqaviləyə 1 saylı və 2 saylı əlavələr, elektron qaimələr, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh arasında 12 ay müddətinə bağlanmış 01.12.2019-cu il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh icarəsində olan Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər ha üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə tərəflər Şəki rayonu Orta Zəyzid kəndində yerləşən 50 ha torpaq sahəsində şəkər çuğundurunun əkilməsi ilə bağlı razılaşsalar da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MMC ilə Qax rayonu Almalı kəndində yerləşən 7,189 ha və Şəki şəhəri Olimpiya idman kompleksi ətrafında 45 ha torpaq sahələrini icarəyə götürmüş və tərəflər arasında bağlanmış müqavilənin icrası məhz icarəyə götürülmüş torpaq sahələrində baş tutmuşdur. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı 01.12.2019-cu il tarixli müqavilənin 1 saylı və 2 saylı əlavələri ilə müəyyən olunmuşdur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) AŞİB-in vəzifə öhdəliyi olmaqla, sonuncu tərəfindən bu xidmətə görə 1 ha torpaq sahəsi üçün 150 manat xidmət xərci müəyyənləşdirilmişdir. Göstərilmiş aqrotexniki tədbirlərə aid hər bir xidmətə görə AŞİB tərəfindən təmin edilən məbləğ məhsul zavoda təhvil verilərkən məhsulun haqqından çıxılmalı, qalan məbləğ cavabdehə ödənilməlidir. Göründüyü kimi, müqaviləyə 2 saylı əlavədə nəzərdə tutulmuş aqrotexniki xidmətlər, o cümlədən 19-cu bəndində qeyd olunmuş mexaniki üsulla məhsulla yığımını təmin etmək AŞİB-nin, həmin xidmətlərə görə müəyyən edilmiş haqqın müqavilə ilə müəyyənləşdirilmiş şəkildə ödənilməsini təmin etmək isə cavabdehin öhdəliyi olmuşdur. Buna baxmayaraq işin faktiki halları və məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Şəkər Zavodunda Bərdə bölgə aqranomu işləmiş X1 ifadəsi ilə müəyyən olunmuşur ki, iddiaçı cəmiyyət müqavilə üzrə öhdəliyini qismən yerinə yetirmiş, məhsul əkinindən əvvəl əkin sahəsinin daşlı olmasından məlumatlı olmasına və sahədə məhsul yetişməsinə baxmayaraq məhsul yığımını tam həyata keçirməmiş və məhsul çürüyərək batmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirərək şəkər çuğunduru əkmiş, becərməsinə baxmayaraq, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək əvvəldən torpaqda müayinə aparmaqla şəkər çuğunduru əkilməsi üçün təsərrüfat imkanlarını nəzərdən keçirib rəy verdiyindən, məhsul bitdikdən sonra isə torpağın daşlı olmasını bildirərək məhsul yığımından imtina etdiyindən və iddiaçının təqsiri ucbatından məhsul çürüyərək batdığından iddiaçı hazırki iddia tələbində haqlı deyildir və şərtlərini yerinə yetirmədiyi müqavilə üzrə cavabdehdən hazırki iddia tələbi üzrə pulun tutulmasını tələb edə bilməz. Eyni zamanda məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasında cavabdehin şəkər çıxarmaqdan imtina etməsi, yayınması və çuğundurun çıxarılmasına etinasız yanaşması barədə izahatına münasibətdə qeyd edir ki, əvvəla məhsulun yığımının həyata keçirilməsi tərəflər arasında bağlanmış müqavilə üzrə AŞİB-nin öhdəliyi olduğundan sonuncu öhdəliklərini yerinə yetirmək, xidmətlərin qarşılığında ödədiyi pulu almaq və gəlir əldə etmək üçün məhsul yığımında maraqlı olmalı idi. Bundan başqa cavabdehin həmin daşlı torpaq sahəsindən məhsul yığımı ilə bağlı hər hansı səy göstərməsi, aqreqat gətirməsi və s. iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında ərazinin daşlı olması ilə bağlı cavabdehə İran istehsalı kotanın verildiyini və cavabdehin yığımı həyata keçirməkdən imtina etdiyini bildirsə də məhkəmə sonuncunun bu dəlillərini qəbul etməyərək qeyd edir ki, cavabdehə iddiaçı tərəfindən məhsulun yığılmasına səy göstərməsinə dair iş materiallarında sübut mövcud deyildir. Bundan başqa hətta kotanın verilməsi həqiqət olmuş olsa belə iddiaçının nümayəndəsinin bildirdiklərinin əsasızlığı eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2 saylı əlavəsi ilə bir daha təsdiq olunur. Belə ki, müqavilənin 2 saylı əlavəsi ilə müəyyən olunmuşdur ki, yazlıq şəkər çuğundurunun yetişdirilməsi və zavoda təhvil verilməsi üzrə texnoloji xəritəyə əsasən məhsul yığımı, mexaniki üsulla (yarpaq biçimi, çıxarılma və yükləmə) AŞİB-in vəzifə öhdəliyi olmuşdur. Müqavilə şərtlərinə əsasən iddiaçı məhsulu özü yığmalı, çıxarılmalı və yükləmə işlərini həyata keçirməli olduğu halda məsulun çıxarılması ilə bağlı məsuliyyətini cavabdehə ötürməyə çalışır ki, bu da tərəflər arasında bağlanmış müqavilə şərtlərinə ziddir və bununla bağlı cavabdehin təqsiri yoxdur. Əksinə məhkəmə araşdırması zamanı məhsulun əkildiyi, biçilməsi zamanı iddiaçının əməkdaşı olmuş (01.05.2013-18.02.2021-cı illərdə işləmişdir) və şahid qismində 22.04.2022-ci il tarixli məhkəmə iclasında dinlənilmiş X1 ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisə ərazidə kombayn vasitəsi ilə 2 ha yaxın ərazidə biçin işləri aparılmışdır. Bundan sonra ərazinin daşlı olması ilə bağlı kombayn tərəfindən biçin işlərinin aparılmasından imtina edilmiş və Qax rayonu Almalı kəndində cavabdeh tərəfindən əkilmiş 6 ha məhsulun biçini aparılmışdır. Bu səbəbdən də cavabdehə 8 ha torpaq sahəsinin biçilməsi ilə bağlı elektron qaimə təqdim edilmişdir. İşin araşdırılması zamanı məhsulun yetişməsi və iddiaçının məhsulun yığılmasında imtinası şahid X1 ifadəsi ilə təsdiqini tapmışdır. Şahidin iddiaçının həmin dövrdə əməkdaşı olması və Şəki rayonu ərazisində məsul şəxs olması, eyni zamanda mübahisəli əraziyə nəzarət etməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, sonuncunun iddiaçı ilə 01.05.2013-18.02.2021-cı illərdə əmək münasibətlərində olması adına olan ******* nömrəli əmək kitabçası ilə təsdiqini tapmışdır. Eyni zamanda iddia tərəfi məhsulun yetişməsini mübahisələndirilməmiş və borcun yaranmasının səbəblərini cavabdehin məhsulu toplamaqdan imtina etməsi ilə əsaslandırmışdır. İddiaçının iddia dəlillərinə məhkəmə tərəfindən qiymət verilmiş, şahid ifadəsi işin araşdırılması zamanı müəyyən edilmiş halları təsdiq etdiyindən və şahidin işin nəticəsində marağı olmadığından onun ifadəsi məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. Digər şahid X2 ifadəsi digər şahidin ifadəsinə uyğun olsa da məhkəmə sonuncunun ifadəsini sübut qismində qəbul etmir. Belə ki, iddiaçının nümayəndəsinin müqavilənin cavabdehlə bağlanmasına baxmayaraq işin sahibinin X2 olmasına dair iddia dəlilləri bir başa sübutlarla təsdiqini tapmasa da məhkəmə şahidin işin nəticəsindən maraqlı olması ehtimalını nəzərə alaraq onun ifadəsini faktı təsdiq edən sübut kimi qəbul etməmişdir. Göründüyü kimi, mübahisəli ərazidə 15 ha şəkər çuğundurunun əkilməsinə, məhsulun yetişməsinə və həmin ərazidə 2 ha ərazinin iddiaçı tərəfindən biçilməsinə baxmayaraq iddiaçı müqavilə öhdəliklərini tam yerinə yetirməyərək 13 ha ərazidə biçin işlərini aparılmamış və yetişmiş məhsul məhv olmuşdur ki, bu halın baş verməsi iddiaçının təqsirindən baş verməsi aşkardır. Bu səbəbədn də məhkəmə hesab edir ki, iddiaçı müqavilə öhdəliklərini yerinə yetirmədiyindən onun irəli sürdüyü iddia tələbi əsassızdır və rədd olunmalıdır. Sonda məhkəmə onu da qeyd edir ki, məhkəmənin hazırki mövqeyi Azərbaycan Respulikası Ali Məhkəmənin 22.02.2022-ci il tarixli 2-2(102)-133/2022 nömrəli qərarında nümayiş etdirdiyi mövqeyə uyğundur. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 123,50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11527,95 manat borc, 123,50 manat məbləğində ödənilmiş dövlət rüsumu və 200 manat mediasiya rüsumunun tutulması” tələbinə dair iddiasın rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar