Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-234/2025 22.04.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverd qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AKZNG00-000495 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh 1761.76 manat faiz borcu, 1641.82 manat dəbbə borcu, o cümlədən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat olmaqla cəmi 3458.58 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024 tarixli AKZNG00-000495 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin lizinq müqaviləsinin dəyəri 5000 AZN təşkil etmişdir. Lizinq müqaviləsinin predmeti “VAZ” markalı “21074” model, 2007-ci il istehsalı, ağ rəngli, 20AE817 dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili olmuşdur. Cavabdeh tərəfindən həmin müqavilənin şərtləri pozularaq lizinq ödənişləri vaxtında edilməmiş, lizinq predmeti olan avtomobil lizinq verənin tələbinə əsasən dövri yoxlanış üçün təqdim edilməmişdir. Beləliklə cavabdehin İddiaçı MMC-yə 1761.76 AZN faiz borcu, 1641.82 AZN dəbbə borcu yaranmışdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdiyini və təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edərək izahatında bildirmişdir ki, o, 1300 manat ilkin ödəniş edib maşını alıb. 2 ay ərzində 345 manat, 80 manat, 50 manat məbləğində ödəniş edib. İddiaçının tələbi qəbul etmir. İddiaçıya veriləsi pulu və borcu yoxdur. Maşını əlindən alıb adlarına keçiriblər.
5. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-cı maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
7. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli İddiaçınə məxsus minik avtomobilinin lizinqə verilməsi barədə “Daxili Lizinq müqaviləsi” bağlanmışdır. Həmin müqavilənin predmentinə əsasən lizinq verən (İddiaçı) lizinq alana (Cavabdeh) bu müqavilədə nəzərdə tutulan dəyəri 5000 manat təşkil edən minik avtomobilini 24 ay müddətində ödəmək şərti ilə lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə öz növbəsində müqavilədə və ona əlavədə göstərilən müddətdə dəyərinin lizinq verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 12.10-cu maddəsinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinin qalıq əsas məbləğinə gündəlik 0,1 % həcmində əlavə məbləğ hesablanır.
8. Tərəflər arasında xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli “Daxili Lizinq müqaviləsi”-nə 1 nömrəli əlavə imzalanmışdır. Həmin əlavəyə əsasən lizinqə verilən “VAZ 21074” markalı, ili 2007, ağ rəngli, mühərriki 21***-*******, ban nömrəsi XTA**********4545, qeydiyyat nömrəsi ** UP *** markalı avtomobilin satış qiyməti 5000 manat müəyyən edilmişdir.
9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli “Daxili Lizinq müqaviləsi”-nə 3 nömrəli əlavəyə əsasən lizinq predmenti olan avtomobilin lizinq ödəniş qrafikinə əsasən cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 344,94 manat, sonuncu ay isə 345,08 manat ödəməyi öhdəsinə götürümüşdür.
10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli “Daxili Lizinq müqaviləsi”-nə 2 nömrəli əlavə təhvil-təslim aktından görünür ki, VAZ 21074” markalı, ili 2007, ağ rəngli, mühərriki 21***-*******, ban nömrəsi XTA**********4545, qeydiyyat nömrəsi ** UP *** markalı avtomobil Cavabdeh təhvil verilmişdir.
11. İddiaçı tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya AKZNG00-000495 nömrəli “Daxili Lizinq müqaviləsi” əsasında 1761,76 manat faiz və 1641,82 manat məbləğində cərimə borcu vardır.
12. İddiaçı tərəfindən göndərilmiş xx.xx.2025-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh qeyd olunan lizinq müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli İddiaçınə məxsus minik avtomobilinin lizinqə verilməsi barədə “Daxili Lizinq müqaviləsi” bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan avtomobil cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya faiz borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia faiz borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli daxili lizinq müqaviləsi üzrə 1761,76 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 12.10-cu bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən gecikdirilən lizinq ödənişi məbləğinin qalıq əsas məbləğinə gündəlik 0,1 % həcmində əlavə məbləğ hesablanır.
18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli AKZNG00-000495 nömrəli “Daxili Lizinq müqaviləsi” əsasında 50 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
20. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq ödənilmiş 38,11 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
21. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
Vİİ. Nəticə:
22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024 tarixli, AKZNG00-000495 saylı daxili lizinq müqaviləsi üzrə 1761,76 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla cəmi 1811,76 manat məbləğində borc və dövlət rüsumuna görə 38,11 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elnarə Hüseynova