Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-235/2024 15.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “412 manat əsas borc, 20 manat mediasiya xərci və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0263/2020 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri qiymətlərin razılaşdırılma protokolunda göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malları qəbul edir və dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.1-ci bəndinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələrinə aid edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında cavabdehin qeyd edilən tarixə 412 manat əsas və 82,40 manat faiz borcunun olduğu göstərilmişdir. Satıcı xx.xx.2020-ci il tarixli, 239548 nömrəli elektron qaimə ilə ümumi məbləği 282 manat dəyərində olan, xx.xx.2020-ci il tarixli, 497737 nömrəli elektron qaimə ilə ümumi məbləği 64 manat dəyərində olan, xx.xx.2020-ci il tarixli, 901934 nömrəli elektron qaimə ilə ümumi məbləği 62 manat dəyərində olan, xx.xx.2020-ci il tarixli, 399678 nömrəli elektron qaimə ilə ümumi məbləği 61 manat dəyərində olan, xx.xx.2020-ci il tarixli, 686018 nömrəli elektron qaimə ilə ümumi məbləği 95 manat dəyərində olan, xx.xx.2020-ci il tarixli, 856415 nömrəli elektron qaimə ilə ümumi məbləği 168 manat dəyərində olan, xx.xx.2020ci il tarixli, 350014 nömrəli elektron qaimə ilə ümumi məbləği 62 manat dəyərində olan, xx.xx.2020-ci il tarixli, 850002 nömrəli elektron qaimə ilə ümumi məbləği 62 manat dəyərində olan, xx.xx.2021-ci il tarixli, 663431 nömrəli elektron qaimə ilə ümumi məbləği 156 manat dəyərində olmaqla, cəmi 1012 manat dəyərində mallara dair alıcıya elektron qaimə təqdim etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli KOD 0263/2020 saylı məhsulların (malların) alqı-satqı müqaviləsi və həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) imzalanmışdır. Həmin müqaviləyə 01 saylı əlavə (Qiymətlərin razılaşdırma protokolu) və elektron qaimələrə (əlavə olunur) əsasən Cavabdeh qaimələrdə göstərilən miqdarda 1012 manat dəyərində pivə məhsulları satılmış, cavabdeh 600 manat ödəniş etmişdir. Lakin cavabdeh qalan 412 manat məbləğində borcu ödəməmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh İddiaçı MMC-yə 412 manat əsas borcu vardır. Cavabdehə pretenziya məktubunun göndərilməsinə və mediasiyaya müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və bildiriş xx.xx.2024-cü il tarixində cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Qiymətlərin razılaşdırılma protokolu, Elektron qaimələr, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 0263/2020 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC adı, miqdarı, ölçü vahidi, qiyməti və digər zəruri xüsusiyyətləri qiymətlərin razılaşdırılma protokolunda gösətrilən malları alıcı Cavabdeh satmağı, alıcı isə həmin malları qəbul edir və dəyərini bu müqavilənin 4-cü maddəsində göstərilən şərtlərlə təhvil aldıqdan sonra 35 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.1-ci bəndinə əsasən malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək alıcının vəzifələrinə aid edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışında cavabdehin qeyd edilən tarixə 412 manat əsas və 82,40 manat faiz borcunun olduğu göstərilsə də məhkəmə bu halı qəbul etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən mallar təhvil verilməli və malların dəyəri təhvil verildiyi andan 35 gün ərzində ödənilməlidir. İddiaçı məhkəməyə malların təhvil verilməsini təsdiq edən sənəd təqdim etməmiş, yalnız iddia tələbinin sübutu qismində elekron qaimələri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi, elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını birbaşa təsdiq edən sənəd deyildir ki, həmin qaimələr müqavilənin şərtlərinə uyğun qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, mal alıcıya 2 nüsxədə tərtib edilməklə təhvil-təslim aktı əsasında təhvil verilir. Göründüyü kimi müqavilənin şərtləri malların təhvil-təslim edilməli omasını nəzərdə tutmuş və məhkəməyə belə bir təhvil-təslim aktları məhkəmənin xx.xx.2024-cü il tarixli müraciətinə baxmayaraq təqdim edilməmişdir. Lakin buna baxmayaraq məhkəmə araşdrması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə fakturaların bir qismi cavabdeh tərəfindən qəbul edilərək imzalanmışdır ki, xx.xx.2020-ci il tarixli, 239548 nömrəli, xx.xx.2020-ci il tarixli, 497737 nömrəli, xx.xx.2020-ci il tarixli, 901934 nömrəli, xx.xx.2020ci il tarixli, 399678 nömrəli, xx.xx.2020-ci il tarixli, 686018 nömrəli, xx.xx.2020-ci il tarixli, 850002 nömrəli, xx.xx.2021-ci il tarixli, 663431 nömrəli elektron qaimələrdən göründüyü kimi həmin qaimələrlə cavabdehə 782 manat dəyərində pivə məhsulu cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfindən elektron qaimələrin imzalanması ona dəlalət edir ki, adı qaimələrdə göstərilmiş malar cavabdehə təhvil verilmişdir. Bu səbəbdən də məhkəmə həmin qaimələri malların təhvil verilməsinin təsdiq edən sübut kimi qəbul edir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, xx.xx.2020-ci il tarixli, 856415 nömrəli və xx.xx.2020-ci il tarixli, 350014 nömrəli elektron qaimələrdə təhvil aldım bölməsində cavadehin deyil Zümrüd Əliyevanın adı göstərilmiş və imzalanmışdır ki, qaimələri imzalamış şəxsin cavabdehə aidiyyəti barədə sübut mövcud deyildir. Göründüyü kimi həmin qaimələrdə göstərilən 230 manat dəyərində mallar cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən qəbul edilmiş və imzalanmışdır. Bu səbəbdən məhkəmə həmin elektron qaimələri malların cavabdehə təhvil verilməsinin sübutu qismində qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqıdan irəli gələn münasibətlər mövcud olmuş, tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış və tərəflərin yaratmaq istədikləri həqiqi hüquqi nəticəyə uyğun olmuşdur. İddiaçı tərəfindən, tərəflər arsında bağlanmış müqaviləyə əsasən iddia etdiyi kimi, 1012 manat dəyərində deyil 782 manat dəyərində mallar cavabdehə təhvil verilmiş və iddiaçının iddia ərizəsində cavabdeh tərəfindən 600 manat ödəniş edildiyinə dair etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 182 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə isə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməli dövlət rüsumunun 16,75 manatı iddiaçıdan, 13,25 manatı isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənildiyindən ödəməli olduğu 16,75 manat rüsumdan 10 manat çıxılmaqla qalan 6,75 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 20 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 20 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 182 manat əsas borc, 20 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 20 manat dövlət rüsumunun 6,75 manatı İddiaçı MMC-dən, 13,25 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-235/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-235/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver