Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-239/2020 02.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı cavabdeh X2 qarşı “16320,20 manat əsas borc, 2000 manat zərər olmaqla ümumilikdə 18320,20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “16320,20 manat əsas borc, 2000 manat zərər olmaqla ümumilikdə 18320,20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın çatdırılmasına dair mötəbər sübutları iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırkı mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iş materiallarına çatdırılma barədə sübut kimi əlavə edilmiş Azərpoçtun saytından çıxarışa münasibətdə məhkəmə qeyd edir ki, həmin çıxarışla hansı sənədin (pretenziya məktubu, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və s.) çatdırılması müəyyən edilmir. Bu səbəbdən həmin çıxarış sübut kimi qəbul edilmir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Məhkəməyə müraciət edəcəyi təqdirdə iddianın hüquqi əsasını təşkil edən sənədlər (tərəflər arasında bağlanmış dərman preparatlarının alqı-satqısı barədə müqavilə, dərman preparatlarının cavabdeh tərəfindən alınmasına dair və digər sübutlar) iş materiallarına əlavə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı “16320,20 manat əsas borc, 2000 manat zərər olmaqla ümumilikdə 18320,20 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-239/2020
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-239/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver