Məhkəmə qərarları › İş №e-2-2(117)-24/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-24/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-24/2024 18.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “056-S nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 9938 manat borc məbləği və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xxxx MMC-nin sifarişi əsasında xx.xx.2022-ci il tarixdə T.C X18 X5 X11 X7 Müdürlüyü tərəfindən keçirilmiş müayinə nəticəsində 25000 kq. soya toxumuna Sertifikalı 1 Tohumluq Sertifikası verilmişdir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X16” MMC xxxx MMC-dən vahidin dəyəri 3,8 manat olan 76000 manat dəyərində 20000 kq. “ADEL” soya toxumunu satın almışdır. “X16” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Padar kəndi ərazisində 9 ha sahədə soya paxlası əkininin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsidir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 27 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.3-cü bəndi üzrə icraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblər”ə cavab verməlidir. 2.1-ci bəndi üzrə keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 27000 manat təşkil edir. 2.2-ci bəndi üzrə məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən edilir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər, 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4050 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1350 manat məbləğində avans, Gp seriyalı 36 nömrəli malların təhvil-qəbul aktı ilə dəyəri 2497,50 manat olan 1350 kq. amofos, dəyəri 1752,30 manat olan 1350 kq. nitra amofos, dəyəri 1080 manat olan 900 kq. amonium nitrat, dəyəri 441,62 manat olan 920 kq. karbomit, dəyəri 2375 manat olan 625 kq. toxum olmaqla ümumi dəyəri 8146,42 manatlıq toxum, gübrə və s. cavabdehə təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 8146,42 manat dəyərində toxum, gübrə, dərman vasitələrinə dair elektron qaimə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan alınmış dərman və toxumdan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “mal və materialın anbara qaytarılması” haqqında 96 və 118 nömrəli sənədlərlə dəyəri 475 manat olan 125 kq. toxum, dəyəri 1017,50 manat olan 550 kq. amofos, dəyəri 973,5 manat olan 750 kq. nitra amofos, dəyəri 422,42 maat olan 880 kq. karbamit, dəyəri 720 manat olan 600 kq. ammonium nitrat olmaqla ümumi dəyəri 3608,42 manat dəyərində materialları iddiaçının anbarına qaytarılmış və qaytarma sənədi tərəflərin imzası ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən geri qaytarılmış ümumi dəyəri 3608,42 manat olan gübrə və toxumlara dair iddiaçıya xx.xx.2022-ci il tarixli 477233 və 472978 nömrəli elektron qaimələr verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə satmalı idi. Lakin cavabdeh müqavilənin öhdəliyini icra etməmiş iddiaçıdan aldığı 13546,42 manat (5400 avans + 8146,42 materialların dəyəri) avans və avadanlıqlardan 3608,42 manat dəyərində malları geri qaytarmış, ümumiyyətlə soya bitkisi təhvil verməmiş və nəticədə iddiaçıya ödənilməmiş 9938 manat borcu qalmışdır. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X16” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “X16” (hazırkı adı İddiaçı) MMC arasında soya paxlası istehsalı və alqısatqısı barədə 056-S saylı 12 may 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh Oğuz rayonu, Padar kəndində 9 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3 ton olmaqla cəmi 27 ton məhsulun istehsal edilərək sifarişçi “X16” MMC-yə təhvil verməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən sifarişçi tərəfindən Cavabdeh 4538 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 5400 manat ödəniş daxil olmaqla, ümumilikdə 9938 manat məbləğində vəsait verilmişdir. Lakin icraçı üzərinə düşən öhdəlikləri icra etməmiş və Sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş məhsulu təhvil verməmişdir. Bununla da müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı MMC-yə 9938 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. Qeyd edilən borcun və ödənilmiş mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, həqiqətən də onunla iddiaçı arasında 056-S saylı 12 may 2022-ci il tarixli soya paxlası istehsalı və alqısatqısı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ona 9 ha torpaq sahəsində torpaq sahəsində səpilməsi üçün 500 kq soya toxumu, 6727 manat dəyərində gübrə verilmiş, tərəfindən verilmiş toxumun 125 kq hissəsi, gübrənin isə 3608,42 manatlıq hissəsi iddiaçıya qaytarılmışdır. Səpin aparıldıqdan sonra torpaq sahəsində toxumdan bitiş olmamışdır. O, bu barədə dərhal iddiaçını məlumatlandırmışdır. İddiaçının nümayəndələri yerində gəlib torpaq sahəsinə baxış keçirmiş, ümumiyyətlə bitiş olmadığını özləri də görmüşlər. Aldığı gübrənin bir hissəsini toxumla birlikdə torpaq sahəsinə səpmişdir. Bitiş olmadığına görə bitişdən sonra səpilməli olan gübrəni iddiaçıya qaytarmışdır. Gübrə və toxum səpini barədə iddiaçı tərəfindən ona hər hansı irad tutulmamışdır. Soya səpilmiş 7 ha torpaq sahəsində heç bir bitiş olmamasında onun heç bir təqsiri olmamışdır. Hesab edir ki, bitişin olmaması səpilmiş toxumun keyfiyyəti ilə bağlıdır. Həmin toxumu da ona iddiaçı özü vermişdir. Bu hal tək onda deyil, Oğuz rayonunda iddiaçı ilə müqavilə bağlamış və ondan toxum alıb səpmiş digər fermerlərdə də eyni qaydada nəticələnmişdir. Onu da qeyd etmək istəyir ki, səpin prosesində Oğuz rayon Yemişənli kənd sakini olan traktorçular X8 və X1, Oğuz rayon Padar kənd sakinləri fəhlələr X3 və X4, toxum və gübrəni torpaq sahəsinə daşıyan X9 da iştirak etmişlər. Onlar da cavabdeh tərəfindən səpin prosesinin tam şəkildə aqrotexniki qaydalara uyğun aparılmasını təsdiq edə bilərlər. İddiaçı ilə aralarında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən sifarişçi (iddiaçı) icraçını (onu) toxumla və gübrə ilə təmin etməlidir. Bu formal olaraq yerinə yetirilmiş olsa da, ona təhvil verilən toxumda heç bir bitiş olmaması həmin toxumun lazımi keyfiyyətdə olmadığını təsdiq edir. Müqavilənin 6.5-ci bəndinə əsasən sifarişçi əkinlərin sığorta haqqını ödəyərək sığortalamalı olduğu halda bunu etməmişdir. Əgər bunu etmiş olsaydı, dəymiş ziyanı sığorta şirkəti ödəməli olardı. İddiaçı ilə aralarında bağlanmış müqavilədə səpilmiş toxum bitmədiyi halda icraçının sifarişçi qarşısında məsulliyət daşıyacağı halı nəzərdə tutulmamışdır. Hesab edir ki, iddiaçıya ziyan dəymiş olsa belə, həmin ziyanın yaranmasında onun günahı olmadığından maddi ziyan məbləğini sifarişçinin ondan tələb etməsi əsassızdır. Aralarında bağlanmış müqavilənin 5.7-ci bəndində qeyd edilir ki, soya paxlası texnoloji xəritəyə uyğun olaraq 1-10 aprel tarixləri arasında səpilməlidir. Müqavilə isə 12 may 2022-ci il tarixdə bağlanmışdır. 13 may 2022-ci il tarixdə toxum və gübrələr verilmişdir. Soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddəti iddiaçı tərəfindən pozulmuşdur. Hesab edir ki, müqavilənin 5.7-ci bəndi iddiaçı tərəfindən pozulduğuna görə dəymiş ziyanın icraçıdan tələb edilməsi əsassızdır. xx.xx.2022-ci il tarixdə aqronomlar ikinci dəfə əkin üçün soya səpilmiş sahəyə baxış keçiriblər. xx.xx.2022 il tarixdə tərtib edilmiş aqrotexniki hesabatda sahədə bitişin yaxşı olduğu göstərilir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş xəbərdarlıq məktubunda isə əkinin həyata keçirilmədiyi göstərilir. Sifarişçi əkin yerini sığortalamalı olduğu halda bunu etməmiş, müqavilənin 6.5-ci bəndinin tələblərini pozmuşdur. Qeyd edilən əsaslara görə iddiaçı “X17” MMC-nin Cavabdeh 9938 manat borc məbləği və 100 manat mediasiya xərci tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müqavilənin 5.7-ci bəndinə əsasən soya bitkisi 01-10 aprel tarixlərində əkilməli idi. Lakin onlar toxumu verdikdə aprel ayının 20-si idi və müddət keçmişdi. Müqavilə səpindən sonra bağlanmışdır. Ümumilikdə 500 kq soya toxumu, 6727 manat dəyərində gübrə və 5400 manat məbləğində avans verilmişdir. Əkin apardıqdan sonra ümumiyyətlə bitiş olmamışdır. Bunun məsuliyyəti isə sifarişçinin üzərindədir. İddiaçı tərəfindən onlara verilmiş gübrələrin bir qismini bitiş olmadığı üçün qaytarmışlar. Bu barədə sübutları məhkəməyə təqdim etmişlər. Hesab edirlər ki, iddia tələbi əsassızdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Malların qəbul təhvil aktları, Ödəniş tapşırıqları, Elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Əvvəla məhkəmə onu qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alqı-satqı müqaviləsi olmuşdur. Eyni zamanda müqavilə etibarsız olmamış və tərəflərin həqiqi məqsədlərinə yönələrək həqiqi hüquqi nəticələr yaratmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, “X16” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 056-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Padar kəndi ərazisində 9 ha sahədə soya paxlası əkininin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsidir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 27 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.3-cü bəndi üzrə icraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblər”ə cavab verməlidir. 2.1-ci bəndi üzrə keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 27000 manat təşkil edir. 2.2-ci bəndi üzrə məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən edilir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər, 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4050 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 1350 manat məbləğində avans, Gp seriyalı 36 nömrəli malların təhvil-qəbul aktı ilə dəyəri 2497,50 manat olan 1350 kq. amofos, dəyəri 1752,30 manat olan 1350 kq. nitra amofos, dəyəri 1080 manat olan 900 kq. amonium nitrat, dəyəri 441,62 manat olan 920 kq. karbomit, dəyəri 2375 manat olan 625 kq. toxum olmaqla ümumi dəyəri 8146,42 manatlıq toxum, gübrə və s. cavabdehə təhvil verilmiş, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 8146,42 manat dəyərində toxum, gübrə, dərman vasitələrinə dair elektron qaimə verilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan alınmış dərman və toxumdan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli “mal və marerialın anbara qaytarılması” haqqında 96 və 118 nömrəli sənədlərlə dəyəri 475 manat olan 125 kq. toxum, dəyəri 1017,50 manat olan 550 kq. amofos, dəyəri 973,5 manat olan 750 kq. nitra amofos, dəyəri 422,42 maat olan 880 kq. karbamit, dəyəri 720 manat olan 600 kq. ammonium nitrat olmaqla ümumi dəyəri 3608,42 manat dəyərində materialları iddiaçının anbarına qaytarılmış və qaytarma sənədi tərəflərin imzası ilə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən geri qaytarılmış ümumi dəyəri 3608,42 manat olan gübrə və toxumlara dair iddiaçıya xx.xx.2022-ci il tarixli 477233 və 472978 nömrəli elektron qaimələr verilmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır. Elektron qaimələrə münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmiş və onların bir hisəssi cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı tərəfindən 5400 manat məbləğində avansın, 8146,42 manat dəyərində gübrə və s. avadanlığın verilməsi və cavabdeh tərəfindən 3608,42 manat dəyərində toxum və gübrənin iddiaçıya qaytarılması işin mübahisələndirilməyən halıdır. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı, iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl etməməsi, toxumun keyfiyyətsiz olması, iddiaçı tərəfindən məhsulun sığortalanmaması, səpinin vaxtında aparılmamasından ibarətdir ki, cavabdeh bu əsaslara görə iddia tələbini qəbul etmir. Məhkəmə cavabdehin toxumun keyfiyyətsizliyi razlaşmayaraq qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi xxxx MMC-nin sifarişi əsasında xx.xx.2022-ci il tarixdə T.C X18 X5 X11 X7 Müdürlüyü tərəfindən keçirilmiş müayinə nəticəsində 25000 kq. soya toxumuna Sertifikalı 1 Tohumluq Sertifikası verilmişdir. xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən “X16” MMC xxxx MMC-dən vahidin dəyəri 3,8 manat olan 76000 manat dəyərində 20000 kq. “ADEL” soya toxumunu satın almışdır. Göründüyü kimi, iddiaçı müqaviləyə əsasən əldə etdiyi soya toxumuna dair uyğunluq sertifakatı verilmişdir və buda onu deməyə əsas verir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş soya toxumu keyfiyyətsiz olmamışdır. Bunu əksini təsdiq edəcək sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim ediməmişdir. Bundan başqa cavabdehin etiraz ərizəsində istinad etdiyi məhsulun iddiaçı tərəfindən sığortalanmaması ilə bağlı isə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir. Belə olan halda cavabdehin bu dəlili də əsassızdır. Bunlardan başqa cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 5.7-ci bəndinə istinad edərək qeyd edir ki, soya paxlası texnoloji xəritəyə uyğun olaraq 1-10 aprel tarixləri arasında səpilməlidir. Müqavilə isə 12 may 2022-ci il tarixdə bağlanmışdır. 13 may 2022-ci il tarixdə toxum və gübrələr verilmişdir. Soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddəti iddiaçı tərəfindən pozulmuşdur. Cavabdehin bu etiraz dəlilləri ilə razılaşmayan məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5-ci bəndi icraçı olan cavabdehin hüquq və vəfələrinə aid olan bölmədir. Müqavilənin 5.7-ci bəndində tərəflər razılaşmışlar ki, texnoliji xəritəyə uyğun olaraq yerinə yetiriləcək aqrotexniki tədbirlər barədə icraçı olan cavabdeh şifarişci olan iddiaçını 10 təqvim günü əvvəldən məlumatlandırmalıdır. Göründüyü kimi, cavabdehin istinad etdiyi müqavilənin 5.7-ci bəndi onun istinad etdiyi kimi səpinin 1-10 aprel tarixlərində aparılmalı olmasına dair müddəları əks etdirməməklə yanaşı cavabdehin üzərinə götürdüyü məlumatlandırmaya dair vəzifələrinə aiddir ki, cavabdehin etirazının bu dəlili də əsassızdır. Eyni zamanda məhkəmə cavabdehin lazımı aqrotexniki ximdətlərin tərəfindən edildiyini, məhsulun bitməməsində onun təqsirinin olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsində iddiaçının vəzifəsi toxum, gübrə, və s. cavabdehi təmin etməyi, cavabdeh isə işlərin yerinə yetirlməsi nəticəsində ona avans şəkildə verilmiş pulun, toxun və gübrənin əvəzini soya paxlası ilə qaytarmağı öhdələrinə götürmüşlər. Tərəflər arasında bağlanmış müqavilədə soya paxlasının bitməməsi və ya cavabdehin təqsirindən baş verməmiş halla bağlı onun üzərinə götürdüyü öhdəliyin icrasından imtina etməsinin əsasları müəyyən edilməmişdir. Beləliklə şərh olunanlara asasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri iddiaçı tərəfindən yerinə yetirilərək cavabdehə avans şəklində 5400 manat pul, 8146,42 manatlıq toxum, gübrə və s. verilmiş, cavabdeh tərəfindən 3608,42 manat dəyərində təhvil aldığı toxum, gübrə və s. iddiaçıya qaytarılmasına baxmayaraq 9938 manat məbləğində borcunun əvəzi olaraq soya paxlasını iddiaçıya təhvil verməyərək müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən iddia tələbi təmin olunmalı və cavabdehdən 9938 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (9938 manat) ödənilməli dövlət rüsumu 119,38 manat olmalıdır ki, iddia təmin edildiyindən ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin xərci cavabdehdən tələb etdiyindən 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 056-S nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 9938 manat borc və 100 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 119,38 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar