Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-244/2021 26.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “8321 manat borc, 636,04 manat faiz borcu, 100 manat hüquqi yardım xərci və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən cəmiyyət tərəfindən müxtəlif adda ümumi dəyəri 54980 manat olan yeyinti məhsulları cavabdehə satılmış, cavabdeh 46659 manat pul ödəməklə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə 8321 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcu elektron qaimələr və elektron vergi hesab-fakturaları, eyni zamanda maliyyə arayışı ilə öz təsdiqini tapır. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, cavabdehlə mobil telefonla əlaqə saxlanılaraq məhkəmə mübahisəsi ilə bağlı məlumat verilmiş, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə elektron poçt vasitəsilə 06.05.2021-ci il tarixdə bildiriş göndərilmişdir. Eyni zamanda cavabdeh elektron məhkəmə informasiya sistemində elektron kabinet yaratmasına baxmayaraq 10 gün müddətində əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, elektron qaimələr, elektron vergi hesab-fakturaları, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı müqavilə mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cəmiyyət tərəfindən müxtəlif adda yeyinti məhsulları cavabdehə satılmış və cavabdeh məhsulların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında yaranan münasibətlər alqı-satqı ilə bağlı yarandığından hazırki mübahisəyə alqısatqıya dair normalar tətbiq edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1ci və 2-ci bəndləri, 449.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən cəmiyyət tərəfindən müxtəlif adda ümumi dəyəri 54980 manat olan yeyinti məhsulları cavabdehə satılmış, cavabdeh 46659 manat pul ödəməklə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə 8321 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcu elektron qaimələr və elektron vergi hesab-fakturaları, eyni zamanda maliyyə arayışı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 8321 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 636,04 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, faizin miqdarı və hesablanması tərəflər arasında bağlanmış yazılı müqavilə ilə müəyyən olunur ki, hazırki iş üzrə tərəflər arasında faiz hesablanması üçün yazılı müqavilə, yəni faiz ödənilməsi ilə bağlı qarşılıqlı razılaşma mövcud deyil. Bundan əlavə iddiaçı ödənişi gecikdirilmiş borc məbləğinə gecikdirilmiş vaxt üçün faiz tələb etsə də, tərəflər arasında müqavilə mövcud olmadığından borcun hansı tarixədək qaytarılmalı olması, hansı tarixdən gecikdirilmiş borc hesab edilməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən faiz borcunun tutularaq ödənilməsi hissəsində iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı 100 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etsə də, hüquqi yardımla bağlı 100 manat xərc çəkməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Hüquqi yardımla bağlı məhkəməyə sənəd təqdim edilmədiyindən məhkəmə hesab edir ki, 100 manat hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində də iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8321 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı “İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-244/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-244/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver