Məhkəmə qərarları › İş №e-2-2(117)-249/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-249/2021

07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-249/2021 07.05.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “5990,79 manat borc və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Ağsu rayonu Ərəbsarvan kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə hər hektardan 40 ton olmaqla 80 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam veriliibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 02.11.2018-ci il tarixdə İddiaçı MMC ilə Zamin arasında bağlanmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 5532,25 manat, avans üzrə 2763 manat olmaqla cəmi 8295,25 manat məbləğində xərc çəkmiş, cavabdeh tərəfindən 2304,46 manat dəyərində məhsul (çuğundur) təhvil vermiş və nəticədə cavabdehin 5990,79 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən onun 5990,79 manat borcu yaranmışdır. Cavabdeh elektron poçt vasitəsilə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, 4 ha ərazidə deyil, 10 ha ərazidə çuğundur əkmişdir ki, bunuda AŞİB-nin aqronomu və digər nümayəndələri görmüş və bilmişlər. O, AŞİB-nə 30 ton çuğundur toplayıb vermişdir. Çuğundur məhsulunun becərilmə dövründə AŞİB-nin nümayəndələri gəlib baxmış, məhsulun yaxşı olduğunu bildirmişlər. Daha sonra isə yığım dövründə zavod dayanmış, hava isti olduğundan və digər səbəblərdən məhsul çürüyüb batmışdır. AŞİB-nin aqronomu və nümayəndələri də vəziyyəti görmüşlər. Yəni çuğunduru tam təhvil verə bilməməsi onun təqsiri ucbatından baş verməmişdir. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuların ünvanları üzrə 22.04.2021-ci il tarixdə məhkəmə bildirişi təqdim olunmuş, Cavabdeh etirazını məhkəməyə təqdim etsə də, digər cavabdeh Zamin 10 gün müddətində əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xidmət və satınalma müqaviləsi, zaminlik müqaviləsi, elektron qaimələr, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Ağsu rayonu Ərəbsarvan kəndi ərazisində yerləşən 2 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 40 ton olmaqla 80 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam veriliibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 5532,25 manat, avans üzrə 2763 manat olmaqla cəmi 8295,25 manat məbləğində xərc çəkmiş, cavabdeh tərəfindən 2304,46 manat dəyərində məhsul (çuğundur) təhvil vermiş və nəticədə cavabdehin 5990,79 manat borc Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddianın borcun Zamin da əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədə olması göstərilmişdir. İddiaçı” MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən cavabdeh öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində onun verilməsinin müddəti göstərilmədiyindən hazırki münasibətlərə 477.0.4-cü maddəsinin ikinci cümləsi şamil edilməli və iddia tələbinə zamindən pulun tuulması hissəsində rədd edilməlidir. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən iddiaçı zaminlik müqaviləsinə istinadən zamindən pul tələb edə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi borc məbləğinə münasibətdə təmin edildiyindən və iddiaçı 30 manat dövlət rüsumunun ödənilməsini tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh olan əsas borclu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5990,79 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar