Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-249/2025 20.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə qaytarılmayan 30 ədəd dondurucuların ümumi dəyərinin iki mislini, yəni 31 000 manat məbləğində pul vəsaitinin və əlavə olaraq ödənilmiş məhkəmə rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (əvvəlki"xxxx" MMC) və Cavabdeh arasında bağlanmış “29” mart 2021-ci il tarixli, 405/**********/21 saylı “Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilə bağlamışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 30 ədəd dondurucu avadanlığı əvəzsiz istifadəyə verilmişdir. Bu günkü günə qədər həmin dondurucuların geri qaytarılması təmin edilməmiş və göstərilən səylər nəticə verməmişdir. Qeyd edilən “Soyuducu avadanlıqlarının əvəzsiz istifadəyə verilməsi haqqında” Müqavilənin 1.3. bəndinə əsasən -“İstifadəçi” “İstifadəyə verən”-dən Əmlakı qəbul edir və “İstifadəyə verən”-ə məxsus məhsulların dondurulmasını təmin etməyi üzərinə götürür və hazırkı Müqavilənin dayandırılmasından və ya xitamından sonra “İstifadəyə verən”-ə Əmlakı təbii köhnəlmə nəzərə alınmaqla aldığı vəziyyətdə qaytarmağı üzərinə götürür. Həmin Müqavilənin 3.2. bəndinə müvafiq olaraq - “İstifadəyə verən”-ə qaytarılan Əmlak “İstifadəçi” tərəfindən təhvil alınmış vəziyyətdə, təbii köhnəlmə nəzərə alınmaqla qaytarılmalıdır. “İstifadəçi” tərəfindən Əmlaka zərər dəyən zaman, belə zərərin əvəziaşağıdakı qaydada ödənilir: 3.2.1. Əmlakın itirilməsi/məhv edilməsi – itirilmiş/məhv edilmiş Əmlakın dəyərinin 2 misli məbləğdə. Həmin Müqavilənin 3.5. bəndinə müvafiq olaraq -Əmlakın vaxtında qaytarılmamasına, eləcə də Əmlakın təmir xərcinin və yaxud itirilmiş/məhv edilmiş dəyərinin vaxtında ödənilməməsinə görə, “İstifadəçi”-yə daxil olmuş tələb əsasında hazırkı Müqavilə ilə təhvil verilmiş Əmlakın dəyərinin 1% (bir faiz) həcmində cəriməni, gecikdirilmiş hər təqvim gününə görə “İstifadəyə verən”-ə ödəyir. Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini “İstifadəyə verən”-ə ödəyir. Həmin Müqavilənin 5.2. bəndinə müvafiq olaraq - Tərəflər arasında bu Müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunacaqdır. Qarşılıqlı razılıqla həlledilə bilməyən mübahisələr Azərbaycan Respublikasının məhkəmələri tərəfindən öz həllini tapacaqdır. Məsələnin sülh yolu ilə həll edilməsi məqsədilə tərəfimizdən cavabdehə cəriməsiz olaraq həmin dondurucuların qaytarılmasının həyəta keçirilməsi barədə dəfələrlə danışıqlar aparılsa da və yazılı xəbərdarlıqlar edilsə də (sonuncu yazılı xəbərdarlıq (Pretenziya) xx.xx.2024 tarixində təqdim edilmişdir), dondurucular geri qaytarılmamışdır. Həmin Müqavilənin 3.5. bəndinə müvafiq olaraq - ...Əmlakın “İstifadəçi” tərəfindən “İstifadəyə verən”-ə qaytarılması 15 (on beş) təqvim günündən artıq müddətə gecikdirilərsə, Əmlak itirilmiş/məhv edilmiş hesab edilir və “İstifadəçi” onun dəyərinin 2 mislini“İstifadəyə verən”-ə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 732.-ci maddəsinin tələbinə görə, Əvəzsiz istifadə Müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsizi cra etməlidirlər. Həmin Məcəllənin 734.1.-ci maddəsinin tələbinə görə, Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləriçəkməlidir. Həmin Məcəllənin 735.-ci maddəsinin tələbinə görə, Kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan Müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. Həmin Məcəllənin 736.1.-ci maddəsinin tələbinə görə, Kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı Müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. Beləliklə qeyd edildiyi kimi, cavabdehlə bağlanmış müqavilədə göstərilən öhdəliklər onun tərəfindən kobud şəkildə pozulmuş və icra edilməmişdir. Nəzərə alınsa ki, qaytarılmayan 30 ədəd dondurucuların ümumi dəyəri (20*500+10*550=15500) 15500 manat təkil edir və həmin Müqavilənin 1.3. bəndinin tələblərinə əsasən, cərimə tətbiq etmədən, 30 ədəd dondurucuların dəyərinin 2 misli 31000 (otuz bir min) manat təşkil edir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Cavabdeh soyuducuları götürsə də özündə saxlamamış, müxtəlif mağazalara paylamışdır. Cavabdeh əvvəllər Milla Dairy MMC-də işləmiş, xx.xx.2018-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. O, işdən çıxdıqdan sonra ona sənədlərə imza çəkməsini deyiblər. Şəxsin hüquqi savadı olmadığından hansı sənədlərə imza çəkdiyini bilməyib. Milla Dairy MMC-yə soyuducular hansı formada daxil olması və çıxması haqqında məlumat yoxdur. Elçinin nə vaxt təhvil aldığı barədə bilmirlər. Əgər avadanlıqlar qiymətləndirilirsə soyuducuların şəkli olmalıdır. Hesab edir ki, iddia əsassızdır və təmin edilməməsini məhkəmədən xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İş materiallarında olan 2 saylı Ərazi Vergilər İdarəsitərəfindən verilmiş Çıxarışdan görünür ki, İddiaçı MMC-nin əvvəlki adı "xxxx" MMC olmuşdur.
7. İddiaçı “istifadəyə verən” İddiaçı MMC ilə cavabdeh “istifadəçi” Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “istifadəyə verən” İddiaçı MMC satışını təşkil etdiyi məhsulları saxlamaq məqsədi ilə müqaviləyə əlavədə göstərilən soyuducu avadanlıqları “istifadəçi” Cavabdeh əvəzsiz istifadəsinə verməyi, Cavabdeh isə öz növbəsində həmin soyuduculardan istifadə təbii köhnəlmə xərci nəzərə alınmaqla aldığı vəziyətdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən təqdim edilmiş əmlak üçün istifadə haqqı tələb edilmir. 3.2-ci bəndinə əsasən “istifadəçi” ona verilən əmlakın itirildiyi və ya məhv edildiyi təqdirdə həmin əmlakların dəyərinin iki mislini “istifadəyə verən”-ə ödəyir. Qeyd olunan müqavilə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
8. İş materiallarında xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli “soyuducu avadanlıqların əvəzsiz istifadəyə verilməsi haqqında” müqaviləyə xx.xx.2021-ci il tarixli əlavənin 1-ci bəndinə əsasən “istifadəyə verən” İddiaçı MMC müqavilənin predmentinə uyğun və xüsusiyyətləri qeyd edilən 30 ədəd soyuducunu “istifadəçi” Cavabdeh müqavilə şərtlərinə uyğun təhvil verir, “istifadəçi” isə təhvil alır və müqavilənin şərtlərinə uyğun istifadə edir. Qeyd olunan əlavədə 20 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri 550 manat, 10 ədəd “Uğur” markalı UDD 400 SCEB nömrəli soyuducu avadanlığın birinin dəyəri isə 500 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.
9. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin MB-15/1272 nömrəli, 18 oktyabr 2022-ci il tarixli iddiaçı şirkətə məxsus torpaq sahəsi, tikili, digər əsas vəsaitlərin qiymətləndirilməsi barədə Hesabatda iddiaçıya məxsus cavabdehə verilən soyuducuların hər birinin qiymətləndirilməsi aparılmış, 1 ədəd soyuducunun dəyəri 328,93 manat müəyyən edilmişdir.
10. İddiaçı tərəfindən təqdim edilmiş Gömrük bəyannamələrindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2017-ci ildə 96 ədəd, xx.xx.2017-ci ildə 40 ədəd, 25.052017-ci ildə 84 ədəd, xx.xx.2017-ci ildə 90 ədəd “Uğur” markalı UDD 500 SCEB nömrəli soyuducu avadanlıqlar Türkiyədən idxal edilmişdir. 11.”Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2014-cü ildə işə qəbul edilmiş, onun əmək müqaviləsinə xx.xx.2017-ci ildə xitam verilmişdir.
12. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə verilən dondurucuları geri qaytarılması tələb edilmiş, əks təqdirdə həmin dondurucuların dəyərinin iki mislini cavabdehdən tələb olunacaqı barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 733.1-ci maddəsinə əsasən əvəzsiz istifadəyə verilən əşyanı kirayəyə verən kirayəçi qarşısında yalnız qəsdən və ya kobud ehtiyatsızlıq üzündən törədilmiş əməllər və ya qüsurlar üçün məsuliyyət daşıyır. 733.2-ci maddəsinə əsasən əgər kirayəyə verən üçüncü şəxslərin hər hansı hüquqlarının və ya iddialarının olduğunu və ya əvəzsiz istifadəyə verilmiş əşyanın hər hansı qüsurunu qəsdən gizlədirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini kirayəçiyə ödəməyə borcludur. 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 735-ci maddəsinə əsasən kirayəçinin əvəzsiz istifadəyə götürdüyü əşyadan müqavilədə göstəriləndən savayı, başqa təyinatla istifadə etməsinə icazə verilmir. Kirayəyə verənin icazəsi olmadan onun həmin əşyanı üçüncü şəxslərin istifadəsinə vermək hüququ yoxdur. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. 736.3-cü maddəsinə əsasən əgər kirayə müddəti müəyyənləşdirilməyibsə, yaxud əvəzsiz istifadə məqsədlərinə əsasən onu müəyyənləşdirmək mümkün deyildirsə, kirayəyə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. 736.4-cü maddəsinə əsasən əgər kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı üçüncü şəxslərin istifadəsinə verirsə, şübhə halında kirayəyə verən əşyanın qaytarılmasını üçüncü şəxslərdən də istənilən vaxt tələb edə bilər. 737-ci maddəsinə Kirayəyə verən əvəzsiz istifadə müqaviləsini, əvvələn, əvəzsiz istifadəyə verdiyi əşyaya gözlənilməz hallar nəticəsində ehtiyac duyduqda, ikincisi, kirayəçi əşyadan müqavilənin şərtlərini pozmaqla istifadə etdikdə, o cümlədən əşyanı üçüncü şəxslərin istifadəsinə verdikdə və ya kirayəçinin kifayət qədər vicdanlı olmaması üzündən əşya mühüm təhlükəyə məruz qaldıqda və üçüncüsü, kirayəçinin öldüyü halda vaxtından əvvəl ləğv edə bilər. VI. Məhkəmənin mövqeyi:
14. Məhkəmə qeyd edir ki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
15. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya əvəzsiz istifadə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, iddiaçı aralarında bağlanan xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli müqaviləyə əsasən 1 il müddətinə 30 ədəd soyuducu avadanlığı cavabdehin əvəzsiz istifadəsinə vermişdir. Bu hal iş materiallarında olan xx.xx.2021-ci il tarixli müqaviləyə əlavə olaraq imzalanan təhvil-təslim aktında öz təsdiqini tapmışdır. Cavabdeh isə müqaviləyə əsasən 30 ədəd soyuducu avadanlığı iddiaçıya istifadə etdikdən sonra geri təhvil verməmiş və bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda cavabdeh öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə müqavilə şərtlərini pozmuşdur.
16. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf iddia tələbinə etiraz etdiyi halları təsdiqləyəcək sübutları məhkəməyə tədqim etməmişdir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
18. Beləliklə, qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və xx.xx.2021-ci il tarixli 405/**********/21 nömrəli müqavilə üzrə iddiaçıya qaytarılmayan 30 ədəd dondurucu (soyuducu) avadanlıqların dəyərinin iki misli olan 31000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 183 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
20. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməldir.
Vİl. Nəticə:
21. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 ədəd dondurucu avadanlıqların dəyərinin iki misli olan 31000 manat pul və ödənilmiş 183 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova