Məhkəmə qərarları › İş №e-2-2(117)-25/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-25/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-25/2021 11.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh “Ak Sanayi və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil3 Firuddun oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Ak Sanayi və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “77 736 manat məbləğində maddi zərər, 100 000 manat əldən çıxmış fayda və 50 000 mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 227 766 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (alıcı) ilə cavabdeh “Ak Sanayi və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) arasında xx.xx.2015-ci il tarixli müqavilə bağlanmış, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə 4000 ədəd Yalova (Chandler ve-petro-fernor-franquette) qoz şitilini alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə predmetini qəbul edib qarşılığında 56 000 ABŞ dolları (ilkin ödəniş 30000 ABŞ dolları, mal təhvil verildikdən sonra isə 26000 ABŞ dollarını ödəməyi) məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh “Ak Sanayi və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçilərin əmək haqları və digər məcburi dövlət ödənişlərinin təmin edilməsi üçün nəzərdə tutulmuş vəsait istisna olmaqla bank hesabındakı 227766 manat həddində pul vəsaitlərinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2015-ci il tarixdə cavabdeh “Cavabdeh" MMC ilə aralarında ümumi dəyəri 56.000 ABŞ dolları məbləğində olan müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh tərəf 4000 (dörd min) ədəd “Chandler ve-petrofernor-franquette” sortuna aid qoz şitilini təhvil verməyi öhdəsinə götürmüş, həmin qoz şitilləri üçün əraziyə suvarma sistemlərinin qurulması da cavabdehlə razılaşdırılmışdır. Bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmişdir. Bununla yanaşı, əldə olunmuş şifahi razılıq əsasında cavabdeh müqavilədə nəzərdə tutulmuş sortda daha 600 ədəd qoz şitilini göstərilən qiymətə ona satmış və dəyəri olan 8400 ABŞ dolları məbləğində pul da cavabdehə ödənilmişdir. Bağlanmış müqavilənin 4.3-cü bəndində müqavilə üzrə satıcı təhvil verdiyi malın 95%-nə zəmanət vermişdir. Beləliklə, cavabdehin təmin etdiyi qoz şitilləri ilə Oğuz rayonun Muxas kəndində istifadəsində olan torpaq sahəsində qoz bağı salmış, müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirdikdən sonra isə cavabdehin təhvil verdiyi qoz şitilləri və cavabdeh tərəfindən quraşdırılmış suvarma sistemi ilə sulanan ağacların bar verməməsi və keyfiyyətsiz olması cavabdehin öz öhdəliklərini düzgün yerinə yetirməməsi barədə şübhə yaratmışdır. Belə ki, qoz ağaclarının məhsuldarlığı olduqca aşağı olmuş və bu vəziyyət artıq onu mütəxəssislərə müraciət etməyə məcbur etmişdir. xx.xx.2020-ci il tarixdə Oğuz Dövlət X1 nümayəndələri Muxas kəndində yerləşən torpaq sahəsinə baxış keçirmiş, baxış zamanı müəyyən edilmişdir ki, ümumilikdə 4600 ədəd 5 illik qoz ağaclarından 3410 ədədinin müqavilədə müəyyən edilmiş “çentner”, 1100 ədədinin “Adi qoz” (“az məhsuldar” və 90 ədədinin isə “Cır” sortları olduğu müəyyən edildi. Həmçinin, baxış zamanı suvarma sisteminin də keyfiyyətsiz materiallardan hazırlandığı və suvarma tələblərinə cavab vermədiyi baxışı həyata keçirən mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Ayrılıqda qoz şitillərin gətirilməsi və suvarma sisteminin quraşdırılması üçün cavabdehə 64.400 ABŞ dolları, suvarma sisteminin avadanlıqları və gübrə kimi digər ehtiyaclar üçün 38880 ABŞ dolları və yenidən suvarma sistemi üçün 2700 ABŞ dolları xərc çəkilmişdir. Bu isə ümumilikdə 105.980 (yüz beş min doqquz yüz səksən) ABŞ dollarlıq bir investisiya deməkdir. Lakin bu qədər maddi vəsaitin qoyulduğu bir işdə cavabdeh tərəf həm malların 25%-dən artıq hissəsini keyfiyyətsiz sortda təhvil vermiş, həm də yararsız suvarma sistemi və təchizatı quraraq bütün qoz ağaclarının məhsuldarlığını aşağı salmışdır. “xxxx” MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən həmin şirkətə damlama suvarma sistemlərini təchiz etməyin qarşılığında 46.201 (qırx altı min iki yüz bir) manat məbləğində ödəniş edilmişdir. Bu isə tamamilə öz öhdəliklərini düzgün icra etməyən Cavabdeh MMC-nin təqsirinə görə olmuşdur. Cavabdeh tərəfin quraşdırdığı suvarma sistemi yararlı və keyfiyyətli olsaydı onlar tərəfindən külli miqdarda ödəniş edilərək yenidən suvarma sistemi quraşdırılmazdı. Odur ki, iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil3 məhkəmə iclasında iddia tələbinə qarşı etirazını bildirərək qeyd etdi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıya 4000 (dörd min) ədəd “Chandler ve-petro-fernor-franquette” sortuna aid qoz şitilini təhvil verməyi iddiaçı isə bunun müqabilində 56 000 ( əlli altı min) ABŞ dolları pul vəsaitini cavabdehə ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin pozulmasını əsas gətirərək ondan 77736 (yetmiş yeddi min yeddi yüz otuz altı) manat məbləğində maddi zərərin, 100 000 (yüz min) manat əldən çıxmış faydanın, 50000 (əlli min) manat məbləğində mənəvi zərərin və 30 ( otuz) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 227.766 (iki yüz iyirmi yeddi min yeddi yüz altmış altı) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı tərəfindən hazırkı mübahisə üzrə iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2015-ci il tarixli müqavilə, arayış, gömrük bəyannaməsi, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin normalarına görə tərəflərin müqavilə azadlığı vardır və qanunvericiliyin normalarına zidd olmamaq şərti ilə istənilən məzmunda müqavilə bağlaya və şərtlərini sərbəst müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmış, satıcı müqavilədə razılaşdırılmış şərtlərlə 4000 ədəd Yalova (Chandler ve-petro-fernor-franquette) qoz şitilini alıcının mülkiyyətinə verməyi, alıcı isə müqavilə predmetini qəbul edib qarşılığında 56 000 ABŞ dolları (ilkin ödəniş 30 000 ABŞ dolları, məhsul təhvil verildikdən sonra isə 26000 ABŞ dolları) məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda müqavilədə birbaşa göstəriş olmasa da müqavilənin 4.4-cü bəndində mallar təhvil alındıqdan sonra sulama şərtlərinə riayət edilməyəcəyi və malın korlanacağı təqdirdə alıcının məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin, müqavilənin icrası ilə bağlı tərəflər arasında ödənişin edilməsi ilə bağlı sənədlə (“Malzeme talep fişi” sənədi) də sübut olunur ki, tərəflər Damlama sulama sisteminin quraşdırılması barədə razılığa gəlmiş, iddiaçı tərəfindən bunun qarşılığında 25 000 AZN məbləğində pul ödənilmişdir. Tərəflər də izahatlarında təsdiq edirlər ki, həmin münasibətlər qoz şitillərinin verilməsi ilə eyni vaxtda yaranmışdır. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında qarışıq tipli müqavilə münasibətləri mövcuddur. Bu səbəbdən qeyd edilən müqavilənin məzmununa uyğun olaraq hazırkı münasibətlərə alqı-satqı və podrat münasibətlərindən əmələ gələn mübahisə yaranmışdır. Mülki Məcəllə: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 11 iyun tarixli Qərarı). Məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, tərəflər 4000 ədəd qoz şitilinin təhvil verilməsini və buna görə ödənişin həyata keçirilməsini, eyni zamanda sulama sisteminin quraşdırılması faktını təsdiq edirlər. Bunlar işin mübahisə edilməyən hallarıdır. İddiaçının mübahisələndirildiyi məsələ öhdəliklərin lazımı səviyyədə icra edilməməsidir ki, bununla bağlı iddiaçı iddia edir ki, təhvil alınan qoz şitilləri 5 illik olduğundan təhvil alınan anda onun hansı növ qoz şitili olduğunu müəyyən etmək mümkün olmamışdır. 2016-2017ci illərdə məhsul yığımı zamanı qoz ağaclarının lazımi qədər məhsul verməməsindən sonra cavabdeh tərəfindən düzgün növdə və sortda qoz ağaclarının verilmədiyindən xəbərdar olmuşdur. Bununla bağlı iddiaçı tərəfin müraciəti əsasında ekspertiza keçirilmiş və müəyyən edilmişdir ki, 1190 ədəd qoz ağacının müqavilədə nəzərdə tutulmuş “Chandler” sorlu qoz ağacı deyil, adi və cır qoz ağacı olması olmasına görə, eyni zamanda suvarma sistemi lazımı keyfiyyətdə olmadığına görə çəkilən xərcləri nəzərə alaraq, iddiaçıya 77 736,72 manat maddi ziyan dəymişdir. Məhkəmə iddiaçının məhkəmə iclasında irəli sürdüyü həmin arqumentlərə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.2-ci bəndinə əsasən, satıcı bu müqavilə imzalandığı andan etibarən 30 gün ərzində qoz şitilini təhvil verməlidir. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, malın kontrol edilməsi 1 il ərzində satıcıya aiddir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri və xx.xx.2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə 4000 ədəd qoz şitili dövlət sərhədindən gömrük postundan Azərbaycan Respublikasına keçirilmişdir. 2016-cı ilin yanvar ayında təhvil verilən qoz şitilləri ən geci həmin ilin yanvar-fevral aylarında əkilməli və suvarma sistemi qurulmalı idi. Satıcı tərəfindən malların 1 il ərzində kontrol edilməsi müddətini nəzərə alsaq belə, ən geci 2017-ci ilin fevral ayında qoz şitilinin sortundakı yanlışlıqlar müəyyən edilməli və lazımi tədbirlər iddiaçı tərəfindən görülməli idi. Cavabdehin nümayəndəsinin qeyd edilən məhsulların təhvil verilməsinin gecikməsi (2017-ci ildə təhvil verilməsi) ilə bağlı arqumentləri hər hansı bir sübuta əsaslanmadığı üçün məhkəmə tərəfindən əsaslı qəbul edilə bilməz. Belə ki, alınmış qoz ağaclarının dəyəri və suvarma sisteminin çəkilməsi xərclərinin ödənilməsi ilə bağlı tərəflər arasında bağlanmış müqavilə şərtlərində və ödəniş qəbzlərində qeyd edilən pul məbləğlərinin müvafiq müqavilə ən azı 2015-ci ilin dekabr ayının 29-da və 2016-cı ilin yanvar ayında tam ödənilməsi nəzərdə tutulmuşdur. Suvarma sistemindəki qüsurların isə daha tez müəyyən edilməsi mümkün idi. Belə ki, təhvil verilən qoz ağacları cır sort olsa belə iddiaçı tərəfindən illərlə həmin sulama sistemindən istifadə edilməklə suvarılma həyata keçirilmişdir. Mülki Məcəllənin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 589.2-ci maddəsinə əsasən, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürə bilər. Göstərilən normalar onu ehtiva edir ki, məhsul təhvil verilən vaxt həmin məhsulun lazımi keyfiyyətə cavab verməsi ilə bağlı sübutlar tələb edilməli idi və ya tərəflərin təşəbbüsü ilə həmin məhsulların analizi aparılmaqla müvafiq sertifikatı alınmalı idi. Bu barədə iddiaçının cavabdehə qarşı ötən müddət ərzində hər hansı bir pretenziyasının olması ilə bağlı iddiaçı tərəf hər hansı bir sübut təqdim etməmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsinə bunlar təklif edilmiş iddiaçının nümayəndəsi cavabdehin ünvanının ona məlum olmaması ilə əlaqələndirmişdir. Qanunvericilikdə isə alıcı olaraq hazırkı iş üzrə iddiaçı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində Mülki Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan hüquqlardan istifadə edə biərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında hazırkı müqavilə münasibətləri üzrə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etsə də, məhkəmə ilkin olaraq tərəflərin hüquq və qanuni mənafelərinin təmin edilməsi baxımından müqavilə münasibətləri üzrə qanunvericilikdə müəyyən edilən qısaldılmış müddətlərin (kəsici müddətlərin) ötürülməsi məsələsinə hüquqi qiymət verdikdən sonra tərəfin iddia müddəti barədə ərizəsinə hüquqi qiymət verməlidir. Belə ki, hazırkı müqavilə münasibətləri üzrə qanunvericilikdə nəzərdə tutulan kəsici müddətlərin keçməsi müəyyən edilmişdir. Belə ki, iddia müddəti hazırkı müqavilə münasibətləri üzrə öhdəliyin icra vaxtının çatdığı vaxtdan 3 il müddət müəyyən edildiyi təqdirdə kəsici müddət kimi müvafiq olaraq keyfiyyətsiz məhsul üzrə həmin məhsulun təhvil verildiyi vaxtdan 2 il və podrat işləri üzrə həmin işin təhvil verilməsindən 1 il müddət müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış müavilədə isə keyfiyyətsiz məhsula dair satıcının məsuliyyət daşıma müddəti müəyyən edilməmiş və tərəflər arasında həmin qoz ağaclarının məhsul verməyəcəyi və ya az məhsul verəcəyi halında satıcının məsuliyyət daşıyacağı ilə bağlı hər hansı bir məsuliyyət müəyyən edilməmişdir. Məhkəmə də hazırkı mübahisənin həll edilməsinə tərəflər arasında bağlanmış müqavilənin müddəaları nəzərə alınmaqla qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət vermişdir. Məhkəmə iddia tələbinin 100 000 manat əldən çıxmış fayda, 50 000 manat mənəvi zərər tələbi ilə bağlı hissələrinə münasibətdə qeyd edir ki, hazırkı tələblərin asılı olduğu əsas tələb yəni cavabdehin təqsirli hərəkəti nəticəsində keyfiyyətsiz meyvə ağaclarının təhvil verilməsi barədə iddiasının rədd edilməsi nəticəsinə gəlindiyindən iddia tələbinin göstərilən hissələrdə də rədd edilməsi qanuni və əsaslıdır. Məhkəmə qanunvericilik normalarını işin faktiki halları ilə birlikdə araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı tərəflər arasında mövcud olmuş hər iki növ müqavilə münasibətləri üzrə qanunvericiliklə müəyyən edilmiş kəsici müddətləri ötürdüyündən, iddia rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddiaçı cavabdeh “Ak Sanayi və Ticarət” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “77736 manat məbləğində maddi zərər, 100 000 manat əldən çıxmış fayda, 50 000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 227 766 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (manat) dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar