Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-25/2023 18.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “19042,36 manat əsas borc, 3000 manat zərər, 200 manat mediasiya xərci, iş üzrə ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş 360 manat xidmət haqqının cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “19042,36 manat əsas borc, 3000 manat zərər, 200 manat mediasiya xərci, iş üzrə ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş 360 manat xidmət haqqının cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə barışıq sazişi və ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli barışıq razılaşmasının təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli barışıq razılaşmasının təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materialları araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişinin şərtləri təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı və cavabdehin nümayəndələrinin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq razılaşmasını məhkəməyə təqdim etmiş, razılaşmanın təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə xx.xx.2023-cü il tarixli barışıq sazişini (razılaşmasını) araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişi tərəflərin imzaları ilə təsdiq edildiyindən və tərəflərin buna səlahiyyəti olduğundan, habelə qanuna zidd olmadığından və tərəflərin qanunla qorunan mənafelərini pozmadığından barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin (razılaşmasının) aşağıdakı şərtləri təsdiq edilsin:
1. Cavabdeh 19042,36 manat alınmış malların dəyəri, 3000 manat vurulmuş zərər olmaqla ümumilikdə 22042,36 manat məbləğində borcun hissə-hissə tələbkara (İddiaçı MMC) ödənilməsini, tələbkar isə iddia tələblərindən imtina etməsini öhdəsinə götürür.
2. Cavabdeh ilkin olaraq 7042,36 manat məbləğində ödənişi xx.xx.2023-cü il tarixədək həyata keçirir.
3. Qalan 12042,36 manat məbləği isə 2023-cü ilin fevral ayında 4000 manat, mart ayında 4042,36 manat, aprel ayında 4000 manat olmaqla alınmış malların dəyərini hər ayın 15-dən gec olmamaq şərtilə tələbkara ödəyir. May ayında 2200 manat dəymiş zərəri ödəyir.
4. Bu müqavilə üzrə həyata keçirilən ödənişlər və aparılan hesabatlar Azərbaycan Respublikasının qanunvericiliyini tələblərinə uyğun şəkildə aparılır.
5. Ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Ümumilikdə 16137,60 manat alınmış malların əsas məbləği bank cari hesabına, 2904,76 manat ƏDV hesabına ödənilir, qalan 3000 manat vurulmuş zərər məbləğindən isə barışıq razılaşmasına əsasən 800 manatından imtina edilir və 2200 manat yuxarıda qeyd olunan şərtlərə əsasən bank cari hesabına ödənilir. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “19042,36 manat əsas borc, 3000 manat zərər, 200 manat mediasiya xərci, iş üzrə ödənilmiş dövlət rüsumu və vəkilə ödənilmiş 360 manat xidmət haqqının cavabdehdən tutulması” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Rüfət Məcidov