Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-251/2021 14.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı “cavabdehlərdən müştərək qaydada 21528,73 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 15 ha torpaq sahəsində AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 525 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azat etmir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, bu müqavilə ilə yetişdirilməsi nəzərdə tutulmuş kənd təsərrüfsatı bitkisinin məhsulunu Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “dolu”, “sel” və “daşqın” kimi təbii fəlakətlərdən sığorta etdirmək məqsədilə “istehsalçı/əkinçinin sığortaçı ilə bağlamalı olduğu müqavilə üzrə hesablanacaq sığorta haqqının 50%-i istehsalçı/əkinçinin öz vəsaiti hesabına, yerdə qalan 50%-i kənd təsərrüfatı işlərinin stimullaşdırılması məqsədi ilə “AŞİB”in öz vəsaiti hesabına həyata keçiriləcəkdir. Eyni zamanda 22.11.2018-ci il tarixdə İddiaçı MMC ilə Zamin arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 211.19.36.020 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 04.01.2019-cu il tarixli müqaviləyə əsasən 18 ha torpaq sahəsi Qəbələ rayonu Bayramkoxalı bələdiyyəsi tərəfindən 10 ay müddətinə Cavabdeh istifadəsinə verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxdı. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 30754 manat, avans üzrə 11 245,50 manat olmaqla cəmi 41 999,50 manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, cəmiyyətə 20 470,77 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 21528,73 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliyini yerinə yetirmədiyindən onun 21 528,73 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 29.04.2021-ci il tarixdə iddia ərizəsinə etiraz (qarşılıqlı iddia ərizəsi) ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun qanuni istifadəsində olan 33 ha torpaq sahəsindən 8 ha qaysaq olmasına görə aqronom tərəfindən aktlaşdırılaraq yararsız hala düşdüyü sübut olunub. Həmin il quraqlıq olduğuna görə də qalan sahədən az məhsul götürülüb. Lakin günahkar özləridir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 01.06.2021-ci il tarixdə Cavabdeh məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin iddia tələbinə münasibət kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin ərizəni iddiaya rəsmi münasibət kimi qəbul etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xidmət və satınalma müqaviləsi, icarə müqaviləsi, zaminlik müqaviləsi, elektron qaimələr, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 15 ha torpaq sahəsində, əlavə olaraq sonradan 18 hektarla birlikdə AŞİB-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 525 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, AŞİB isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə müqavilə üzrə 30 754 manat, avans üzrə 11 245,50 manat olmaqla cəmi 41 999,50 manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, cəmiyyətə 20 470,77 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 21528,73 manat ödənilməmiş borcu qalmışdır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azat etmir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Həmin müqavilənin 9.2-ci bəndinə əsasən, bu müqavilə ilə yetişdirilməsi nəzərdə tutulmuş kənd təsərrüatı bitkisinin məhsulunu Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada “dolu”, “sel” və “daşqın” kimi təbii fəlakətlərdən sığorta etdirmək məqsədilə “istehsalçı/əkinçinin sığortaçı ilə bağlamalı olduğu müqavilə üzrə hesablanacaq sığorta haqqının 50%-i istehsalçı/əkinçinin öz vəsaiti hesabına, yerdə qalan 50%-i kənd təsərrüfatı işlərinin stimullaşdırılması məqsədi ilə “AŞİB”in öz vəsaiti hesabına həyata keçiriləcəkdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 04.01.2019-cu il tarixli müqaviləyə əsasən 18 ha torpaq sahəsi Qəbələ rayonu Bayramkoxalı bələdiyyəsi tərəfindən 10 ay müddətinə Cavabdeh istifadəsinə verilmiş və həmin sahədə də çuğundur əkini həyata keçirilmişdir. İş materiallarından göründüyü kimi, sonradan cavabeh Cavabdeh 04.01.2019-cu il tarixli ərizəsi əsasında 15 hektardan əlavə edilən 18 hektar torpaq sahəsi ilə birlikdə cavabdeh tərəfindən şəkər çuğunduru əkilən torpaq sahəsi ümumi 33 hektar olmuş və həmin torpaq sahəsinin hər hektarından 35 tondan az olmayaraq məhsul verilməsini cavabdeh öhdəsinə götürmüşdür. Həmin müqavilə 1 il müddətinə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 9.2-ci bəndində fors major hallarda tərəflərin məsuliyyəti məsələsi tənzimlənmiş və göstərilmişdir ki, sığorta etdirmək məqsədilə “istehsalçı/əkinçinin sığortaçı ilə bağlamalı olduğu müqavilə üzrə hesablanacaq sığorta haqqının 50%-i istehsalçı/əkinçinin öz vəsaiti hesabına, yerdə qalan 50%-i kənd təsərrüfatı işlərinin stimullaşdırılması məqsədi ilə “AŞİB”in öz vəsaiti hesabına həyata keçiriləcəkdir. Cavabdehin etirazlarını nəzərdən keçirib məhkəmə müəyyən etdi ki, cavabeh müqavilənin 9.2-ci bəndində qeyd edilən qaydada müvafiq sığorta ilə bağlı hər hansı bir tədbir görməmiş, məhkəməyə etdiyi müraciətində həmin ərazinin quraq keçməsi, tempraturun yüksək olması səbəbindən məhsul götürə bilməməsi ilə əlaqələndirmişdir. Hazırki vəziyyətdə cavabdeh tərəfindən sığorta edilməsi ilə bağlı heç bir sübut məhəkməyə təqdim edilməmişdir. Müqavilə şərtlərinə görə sığrta ödənişləri tərəflər arasında bərabər bölünmək yolu ilə Cavabdeh həmin əkilən məhsulu sığorta etdirməli idi. Eyni zamanda, iddianın borcun Zamin əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi AŞİB qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədə olması göstərilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən cavabdeh öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Zaminlik müqaviləsi qeyri müəyyən müddətdən asılı edilməsi tərəflərin müqavilə azadlığı və müqavilə tərəflərinin bərabərliyi prinsipllərinə ziddir. Bu səbəbdən zaminlik müqaviləsinin müddəti tərəflər arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndində müəyyən edilən müqavilənin qüvvədə olma müddətindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində onun verilməsinin müddəti göstərilmədiyindən hazırki münasibətlərə 477.0.4-cü maddəsinin ikinci cümləsi şamil edilməli və iddia tələbinə zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmiş, iddiaçı isə məhkəməyə 12.04.2021ci il tarixdə müraciət etmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən iddiaçı zaminlik müqaviləsinə istinadən zaminlərdən pul tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi borc məbləğinə münasibətdə təmin edildiyindən və iddiaçı 30 manat dövlət rüsumunun ödənilməsini tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh olan əsas borclu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 21528,73 (iyirmi bir min beş yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-251/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-251/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver