Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-252/2021 14.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi X6, cavabdehlər Cavabdeh və X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə cavabdeh və ya “xxxx”MMC) cavabdehlər Cavabdeh və X4 qarşı “cavabdehlərdən müştərək qaydada 17431,17 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: “xxxx”MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində xxxx-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər madditexniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, xxxx isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Eyni zamanda 02.11.2018-ci il tarixdə “xxxx”MMC ilə Zamin arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 211.19.36.020 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1.2-ci bəndində göstərilən şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi xxxx qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə 13809,50 manat, avans üzrə 7040 manat olmaqla cəmi 20 849,5 manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, cəmiyyətə 3418,33 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 17431,17 manat ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliyini yerinə yetirmədiyindən onun 17431,17 manat borcu yaranmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək 17431,17 manat məbləğində borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş etdi. Qəbələ rayonu üzrə onun təmsil etdiyi hüquqi şəxsin əkin sahələrininin vəziyyətinə mütəmadi nəzarət edən aqronomları olmuş, onlardan biri də şəxs Elçin Baxışov olmuş və həmin şəxs iddiaçının rəsmi “xxxx” MMC-nin rəsmi işçisi olmaqla oradan əmək haqqı almışdır. O əlavə olaraq bildirdi ki, cavabdeh şəkər çuğunduru əkilmiş torpaq sahəsinin təxminən 3 hektara yaxın hissəsində çuğundur məhsulu toplanmış, həmin hissənin dəyəri hesablanmış və elektron qaiməyə formasında elektron qaydada sənədləşdirilmişdir. Qeyd edilən 3 hektardan əlavə qalan torpaq sahəsində şəkər çuğunduru müvafiq keyfiyyət standartlarına və müqavilə şərtlərinə cavab vermədiyi üçün yığılmamış, lakin bununla bağlı təqdim edəcək sübutu yoxdur. Qeyd edilən şəkər çuğundurunu qalan torpaq sahəsindən yığılmamasının dəqiq səbəbləri ona məlum deyildir. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdilər ki, Qəbələ rayonu Zirik kəndində 20 ha torpaq sahəsinə şəkər çuğunduru əkmişlər. Həmin sahənin şum, mala, səpin, toxunm və gübrə səpini işlərini İmişli şəkər zavodu, daş təmizləmə işlərini kənd camaatı görmüşdür. Şəkər zavodu ilə razılaşmaya əsasən sahədən çuğunduru zavodun xüsusi kombaynı toplamalı idi. Həmin kombayn sahəyə gəlmiş, 3 ha torpaq sahəsini topladıqdan sonra kombayının sürücüsü və iddiaçının yerli aqronomu Elçin Baxışov iddiaçının işçisi olan X12 rayonunda 80 ha sahədə şəkər çuğundurunu topladıqdan sonra bir həftəyədək gəlib çuğunduru sahədən yığacaqlarını bildirmişdir. Xeyli müddət həmin sahəni qorumuş, lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq kombayn gəlməmiş, açıq sahədə mal-qaranın tapdağı altında qalan sahə İmişli şəkər zavodunun təqsiri zavodundan məhv olmuşdur. Eyni zamanda, Qəbələ qeyd edilən şəkər çuğundurunu toplayan texnika olmadığından həmçinin müqaviləyə görə bu işləri iddiaçı həyata keçirməli olduğundan yalnız iddiaçının yerli nümayəndələrinə müraciət etmişdir. Həmin sahəyə çəkilən 13 800 manat xərc və 9 aylıq zəhmət hədər getmişdir.Bundan əlavə təxminən 18 hektar torpaq sahəsində yetişdirilmiş şəkər çuğundurunun iddiaçı tərəfindən yığılmaması barədə 08.12.2019-cu il tarixdə akt tərtib etmiş, lakin hər hansı orqana şikayət etməmişdir. Hesab etmiş ki, iddiaçı şəkər çuğunduru məhsulunun torpaqdan yığılmaması ilə bağlı təqsirini başa düşmüşdür. İddiaçı məhkəməyə müraciət etdikdən sonra müvafiq dövlət orqanlarına müraciət etmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X5 iddia tələbini qəbul etməyərək özündən əvvəlki cavabdehin izahatını təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı təşkilatla o da müqavilə bağlayıb şəkər çuğunduru məhsulu əkmiş, hazırkı iş üzrə zamin olması səbəbindən satdığı şəkər çuğundurunun dəyəri hazırkı vaxta kimi ona ödənilməmişdir. O, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Xidmət və satınalma müqaviləsi, zaminlik müqaviləsi, elektron qaimələr, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, “xxxx”MMC ilə Cavabdeh arasında bağlanmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə əsasən istehsalçı/əkinçi Cavabdeh istifadəsində olan Qəbələ rayonu ərazisində yerləşən 20 ha torpaq sahəsində xxxx-in aqroservis xidmətləri, aqrotexniki məsləhətləri, o cümlədən toxum, gübrə, bitkinin mühafizəsi (pestisidlər) və digər maddi-texniki vasitələri ilə hər hektardan 35 tondan az olmamaqla 700 ton şəkər çuğunduru bitkisini intensiv yolla becərməyi və əldə edilmiş məhsulun hamısını bu Müqavilənin 1 saylı əlavəsində müəyyən edilmiş şərtlərlə, qiymətlə və qaydada 2019-cu ilin dekabr ayının sonunadək təhvil verməyi, xxxx isə istehsalçı/əkinçinin təhvil verdiyi məhsulun dəyərindən onun sahəsində görülən işlərin dəyərini (hər hektar üçün 1234 manat vəsait xərclənmişdir) çıxdıqdan sonra qalan məbləği əgər istehsalçı/əkinçinin digər müqavilə üzrə zaminliyinə xitam verilibsə cari hesab kitabçasını təhvil verdikdən sonra 20 gün ərzində istehsalçı/əkinçinin bank hesabına köçürmə ilə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək satılan mal və xidmət üzrə müqavilə üzrə 13809,50 manat, avans üzrə 7040 manat olmaqla cəmi 20 849,5 manat məbləğində xərc çəkmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, cəmiyyətə 3418,33 manat məbləğində şəkər çuğunduru təhvil vermiş, 17431,17 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə tərəflərin təqdim etdikdləri sübutlar əsasında müəyyən edir ki, iddiaçı müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində cavabdehlərdən 17431,17 manat məbləğində vəsaitin ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçı “xxxx”MMC tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində bunun baş verdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə bu halın araşdırılmasını zəruri hesab etmişdir. Belə ki, Qəbələ rayonu Zirik kəndində 08.12.2019-cu ildə Cavabdeh, İmişli Şəkər İBnin bölgə aqronomu X7, Zamin, X8 və X1 iştirakı və imzaları ilə tərtib edilərək imzalanmış Aktdan görünür ki, Qəbələ rayonu Zirik kəndində 20 ha torpaq sahəsinə şəkər çuğunduru əkilmiş, həmin sahənin şum, mala, səpin, toxunm və gübrə səpini işlərini İmişli şəkər zavodu, daş təmizləmə işlərini kənd camaatı görmüşdür. Şəkər zavodu ilə razılaşmaya əsasən sahədən çuğunduru zavodun xüsusi kombaynı toplamalı idi. Həmin kombayn sahəyə gəlmiş, 3 ha torpaq sahəsini topladıqdan sonra kombayının sürücüsü və iddiaçının yerli aqronomy Elçin Baxışov iddiaçının işçisi olan X12 rayonunda 80 ha sahədə şəkər çuğundurunu topladıqdan sonra bir həftəyədək gəlib çuğunduru sahədən yığacaqlarını bildirmişdir. Xeyli müddət həmin sahəni qorumuş, lakin 15 gündən artıq vaxt keçməsinə baxmayaraq kombayn gəlməmiş, açıq sahədə mal-qaranın tapdağı altında qalan sahə İmişli şəkər zavodunun təqsiri zavodundan məhv olmuşdur. İddiaçı “xxxx”MMC tərəfindən təqdim edilmiş 29.11.2019-cu il tarixli 204895 nömrəli qaimədən müəyyən edilir ki, “xxxx” MMC-yə məxsus texnika vasitəsilə Cavabdeh məxsus torpaq sahəsindən şəkər çuğundurunun qazılıb torpaqdan çıxarılması hər hektar 30 manat dəyərində müəyyən edilməklə cəmi ödənilən məbləğ 64 manat olmaqla cavabdehə məxsus (təxminən 2 hektar 20 sot torpaq sahəsindən) şəkər çuğundurunun çıxarılması təmin edilmişdir. Tərəflər arasında bağlanmış 02.11.2018-c il tarixli müqavilə, həmin müqavilənin 1 və 2 saylı əlavələrinin tələblərindən müəyyən edilir ki, iddiaçı təşkilat Cavabdeh şəkər çuğunduru əkmək üçün təqdim etdiyi torpaq sahəsinə baxış keçirir, torpaq shaəsinin təsərrüfat imkanlarını (münbitlik, suvarılma, məhsul vermə və sair) nəzərdən keçirib rəy verir. İddiaçının müsbət rəyindən sonra iddiaçı təşkilatın təqdim etdiyi toxum, texnika və xidmətlər əsasında torpaq sahəsinə şəkər çuğunduru əkilir, məhsul yetişdikdən sonra isə iddiaçı təşkilatın müvafiq texnikası əsasında həmin məhsul yığılır. Yığılmış məhsula iddiaçı təşkilat tərəfindən çəkilmiş bütün xərclər çıxıldıqdan sonra qalan məhsulun dəyəri cavabdehə ödənilir. Qeyd edilən müddəalar Müqavilənin preambulasında, 2.2-ci, 3-cü, 4-cü bəndlərində qeyd edilmiş, həmçinin Müqavilənin 1 saylı Əlavəsinin 6-cı bəndində şəkər çuğunduru yarpağının biçilməsi tam olaraq iddiaçı təşkilatın Təlimatı əsasında həyata keçirilməlidir. Qeyd edilən 1 saylı Əlavənin 11-17-ci bəndlərində məhsulun torplanması ciddi texnoloji proses olaraq iddiaçı təşkilatın tam nəzarəti əsasında həyata keçirilməsi qeyd edilir. Müqavilənin 2 saylı Əlavəsinin 19-cu bəndində isə şəkər çuğundurunun torpaqdan qazılıb çıxarılmasının qiyməti (1 hektar üçün 150 manat) dəqiq müəyyən edilmiş və tərəflərin öhdəlikləri olaraq qeyd edilən müqavilənin tərkib hissəsi kimi müəyyən edilmişdir. Məhkəmə bütün tərəflər arasında razılaşdırılmış öhdəliklərdən çıxış edərək qeyd edir ki, şəkər çığınduru məhsulunun torpaq sahəsindən qazılıb çıxarılmasının texniki təminatı iddiaçı “xxxx”MMC tərəfindən təmin edilməli olması, həmin məhsulun iddiaçının müəyyən etdiyi məntəqəyə daşınması və sonda bütün xərclər çıxıldıqdan sonra cavabdehə çıxarılmış məhsulun dəyərinin cavabdehə ödənilməsi iddiaçı təşkilatın vəzifəsi olaraq müəyyən edilir. Lakin, iddiaçı təşkilat üzərinə düşən öhdəlikləri tam icra etməyərək özünün təqdim etdiyi 29.11.2019-cu il tarixli qaimə əsasında 20 hektar torpaq shəsindən yalnız təxminən 2 hektar hissəsindən şəkər çuğunduru məhsulunun yığımını həyata keçirmiş, iddiaçı təşkilatın yerli nümayəndəsi olan aqronom Elçin Baxışovun iştirakı ilə tərtib edilmiş 08.12.2019-cu ildə müvafiq imzlarla təsdiq edilmiş aktla müəyyən edilir ki, 3 hektar sahədən şəkər çuğunduru yığıldıqdan sonra Samux rayonunda 80 hektar torpaq sahəsindən şəkər çuğundurunu yığmaq üçün müvafiq texnika getmiş, lakin cavabdehə məxsus torpaq sahəsindən həmin məhsulu yığmamışdır. Həmin aktın tərtib edilməsində imzası ilə iştirak edən X7 “xxxx”MMC-nin bölgə arqonomu olması işin mübahisələndirilməyən halıdır. Bu fakt sənədlərlə və tərəflərin izahatları ilə təsdiq edilir. Bunun əksini təsdiq edən faktları iddiaçı təşkilatın nümayəndəsi əsaslandıra bilməmiş, yalnız şəkər çuğundurunun müvafiq şəkərlilik faizinin aşağı olması ilə əlaqələndirmişdir. Bu arqument isə əsassızdır, çünki təxminən 2 hektar sahəsdən yığılan şəkər çuğndurunun şəkərlilik faizinin aşağı olması mövcud olmamış iddiaçı həmin çuğundur məhsulunu qəbul etmiş, yalnız yerdən yığılmayan məhsulun keyfiyyətinin aşağı olmasını mübahisələndirmişdir. Bununla bağlı hər hansı bir labaratoriya analizinin nəticəsi və ya akt məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan spnra mətndə MPM): 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənləri araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən təqdim edilmiş 08.12.2019-cu il tarixli akt şübhə altına alına bilməz, çünki həmin fakt iddiaçının nümayəndəsinin ifadəsi və təqdim etdiyi qaimə və digər sənədlərlə, həmçinin 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinə 1 və 2 saylı Əlavələrlə də təsdiqlənir. Məhkəmə iddia tələbinin qeyd edilən normalar və tərəflərin razılaşmasının tələblərinə istinad edərək əsassız olması qənaətindədir. İddia tələbi Cavabdeh münasibətdə əsassız olduğundan, digər cavabdeh olan zamin X4 münasibətdə də əsassızdır. Çünki təmin edilmiş əsas öhdəlik üzrə tələbin əsassızlığı sübuta yetirilir. Məhkəmə iddia tələbinin zaminə yönələn hissəsinə münasibətdə qanunvericiliyin digər tələblərinin də qeyd edilməsini zəruri hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 12 ay müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsi tərəfləri öz öhdəliklərini yerinə yetirməkdən azad etmir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərəflərin öz üzərinə götürdüyü öhdəliklər vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Eyni zamanda iddianın borcun Zamin əsas borclu ilə birlikdə tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsi üzrə istehsalçı/əkinçi xxxx qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədə olması göstərilmişdir. İddiaçı MMC ilə Zamin arasında bağlanmış 02.11.2018-ci il tarixli 211.19.36.006 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndinin tələbinə əsasən cavabdeh öz öhdəliklərini 2019-cu ilin dekabr ayınadək icra etməyi öhdəsinə götürmüşdür ki, əsas öhdəliyin icra müddəti məhz 2019-cu ilin dekabr ayı olmuşdur. Zaminlik müqaviləsi qeyri-müəyyən müddətdən asılı edilməsi tərəflərin müqavilə azadlığı və müqavilə tərəflərinin bərabərliyi prinsipllərinə ziddir. Bu səbəbdən zaminlik müqaviləsinin müddəti tərəflər arasında bağlanmış 22.11.2018-ci il tarixli 211.19.36.020 nömrəli şəkər çuğunduru məhsulu istehsalının stimullaşdırılması üzrə xidmət və satınalma müqaviləsinin 2.1-ci bəndində müəyyən edilən müqavilənin qüvvədə olma müddətindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində onun verilməsinin müddəti göstərilmədiyindən hazırki münasibətlərə 477.0.4-cü maddəsinin ikinci cümləsi şamil edilməli və iddia tələbinə zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə öhdəliyin icrası müddəti 2019-cu ilin dekabr ayı kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət 2020-ci ilin dekabr ayında bitmiş, iddiaçı isə məhkəməyə 12.04.2021ci il tarixdə müraciət etmişdir. Qanunvericiliyin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün qanunla müəyyən edilmiş kəsici müddət ötdüyündən və artıq qanunvericiliyin tələbi baxımından zaminliyə xitam verildiyindən iddiaçı zaminlik müqaviləsinə istinadən zaminlərdən pul tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi bütövlükdə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı “cavabdehlərdən müştərək qaydada 17431,17 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov.
Məhkəmə qərarları › İş №e-2-2(117)-252/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-252/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver