Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-252/2025 13.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17 may 2022-ci il tarixli 07/052022 saylı alqı-satqı müqaviləsinə əsasən 13965 manat əsas borc və gecikdirməyə görə 2000 manat dəbbə pulu olmaqla, cəmi 15965 manat pulun, həmçinin hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 300 manat və iddianın verilməsi üçün ödənilmiş 139 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeharasında 17 may 2022-ci il tarixli 07/052022 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, Satıcı müvafiq Əlavələrdə (Qiymət razılaşma protokolunda) göstərilmiş malları (bitki mühafizə vasitələrini) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə malları qəbul edib həmin müqavilə ilə razılaşdırılmış məbləği Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan Alqı-satqı müqaviləsinə əsasən, 17 may 2022-ci il tarixdən 08 avqust 2022-ci il tarixədək olan müddət ərzində İddiaçı MMC tərəfindən cavabdehə ümumilikdə 17990 manat dəyərində mal (bitki mühafizə vasitələri) tədarük edilmişdir. Lakin, cavabdeh müqavilə öhdəliklərini vaxtında və lazımınca icra etməmişdir. Belə ki, ümumilikdə dəyəri 17990 manat təşkil etmiş malların məbləğindən cəmi 4025 manat ödəniş aparılmış, 13965 manat qalıq borc isə bu vaxtadək ödənilməmişdir. Dəfələrlə şifahi və yazılıxəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməmişdir. Şifahi və yazılı xəbərdarlıqlardan əlavə, borcun ödənilməsi barədə cavabdehə Azərbaycan Respublikası MPM-in 150.2-ci maddəsinin tələblərinə əsasən elektron qaydada vergi kargüzarlığı vasitəsilə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş və elektron poçtunaçatdırılmışdır. Tərəflər arasında bağlanmış Alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən, Alıcı malların qiymətinin ödənilməsində yol verdiyi hər gecikmə gününə görə gecikdirilən məbləğin 0,1% (səfər tam onda bir) məbləğində dəbbə pulunun ödənilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı MMC ilə “Verdiktum” Vəkil bürosu arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, hüquqi yardımın göstərilməsi üçün büroya300 manat, iddianın verilməsi üçün isə 139 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, Cavabdeh13965 manat əsas borc, Alqısatqı müqaviləsinin 4.3-cü bəndinə əsasən 2000 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün vəkil bürosuna ödənilmiş 300 manat və iddianın verilməsi üçün 139 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. II. Tərəflərin mövqeləri:
3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, satıcı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 17/052022 nömrəli “Alqı-satqı müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı alıcının sifariş verdiyi malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə üzrə hər bir sifariş müqaviləyə əlavə şəklində hər iki tərəfdən imza və möhürlə rəsmiləşdirilən alış sifarişi ilə edilir və hər bir sifariş üzrə malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq qiymət razılşadırılma protokolunda müəyyənləşdirilir. 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1 % həcmində satıcıya dəbbə pulu ödəyir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən öz imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.
7. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 17/052022 nömrəli “Alqı-Satqı Müqaviləsi”-nə 1 saylı əlavə olaraq imzalanan xx.xx.2022-ci il tarixli və 2 saylı əlavə olaraq imzalanan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokolunda görünür ki, iddiaçını müqavilə üzrə cavabdehə satmalı olduğu malların adları, çeşidi və qiyməti öz əksini tapmışıdır.
8. İş materiallarında olan 0025AX22A nömrəli xx.xx.2022-ci il tarixli “məhsul və xidmətlərin təhvil təslim aktı”na əsasən iddiaçı tərəfindən cavabdehə 8050 manat dəyərində, 0052AX22A nömrəli xx.xx.2022-ci il tarixli “məhsul və xidmətlərin təhvil təslim aktı”na əsasən 9100 manat dəyərində, 0073AX22A nömrəli xx.xx.2022-ci il tarixli “məhsul və xidmətlərin təhvil təslim aktına” əsasən isə 3200 manat dəyərində məhsul təhvil verilmişdir.
9. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanan 433386 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə 8050 manat, 100371 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə 9100 manat, 123412 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə isə 3200 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməli pul məbləğləri öz əksini tapmışıdır.
10. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanan 287459 nömrəli xx.xx.2022-ci il tarixli “Malların qaytarılması barədə” elektron qaimə-fakturadan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli 17/052022 nömrəli “Alqı-Satqı Müqaviləsi” üzrə ona verilən 2360 manat dəyərində mallar İddiaçı MMC-yə təhvil verilmişdir.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 331848719/412026410 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC-nin bank hesabına Cavabdeh tərəfindən 4025 manat məbləğində pul köçürülmüşdür.
12. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli EM-2014VK-19511/24 nömrəli “hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, İddiaçı MMC-yə “Verdiktum” vəkil bürosunun vəkili tərəfindən hüquqi yardım göstərilməsi barədə razılığa gəlinmiş və həmin hüquqi yardımın dəyəri 300 manat müəyyən edilmişdir.
14. İş materiallarında olan 144349 nömrəli qəbzdən görünür ki, “Verdiktum” vəkil bürosunun “523915*5106” nömrəli kart hesabına iddiaçı tərəfdən 300 manat məbləğində pul köçürülmüşdür.
V. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
VI. Məhkəmənin mövqeyi:
16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 13965 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan təhvil təslim aktları və digər sənədlərlə öz təsdiqini tapmışdır.
18. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəində əsaslıdır və xx.xx.2022-ci il tarixli 17/052022 nömrəli “Alqı-Satqı Müqaviləsi” üzrə 13965 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.3-cü bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində satıcıya dəbbə pulu ödəyir.
20. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
21. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli 17/052022 nömrəli “Alqı-Satqı Müqaviləsi” üzrə 698,25 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
22. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi hüquqi yardımla bağlı ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsində təmin edilməlidir.
23. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
24. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 300 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
25. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 139 manat dövlət rüsumu iddianın təmin edilən hissəsinə münasibətdə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.
26. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməldir.
Vİl. Nəticə:
27. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 07/052022 nömrəli müqavilə üzrə 13965 əsas manat borc, 698,25 manat cərimə borcu, hüquqi xidmətə görə vəkil bürosuna ödənilmiş 300 manat pul və ödənilmiş 133,99 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova