Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-257/2020 05.08.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Namiq oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxx” X1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakıilə, İddiaçı “xxxxxxxxxxxxxxx” X1 (bundan sonra mətndə iddiaçı və ya “xxxxxxxxxxxxxxx” MMC) Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya Cavabdeh) qarşı “cavabdehdən 3968 manat əsas borcla birlikdə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 33331,2 manat və qanunvericiliyinin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5% əsasən 22776,32 manat, 30 manat dövlət rüsumunun və 500 manat ödənişli hüquqi xidmətdən istifadə xərclərinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxxxxxxxxxxxxx” MMC Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən 3968 manat əsas borcla birlikdə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 33331,2 manat və qanunvericiliyinin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5% əsasən 22776,32 manat, 30 manat dövlət rüsumunun və 500 manat ödənişli hüquqi xidmətdən istifadə xərclərinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2017-ci il tarixli 06/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan “Qiymət razılaşması”nda göstərilmiş çeşiddə elektrik avadanlıqları və məişət texnikasını alıcıya təhvil verməyi, alıcı isə həmin məhsulları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən müqavilə üzrə borcu yaranmışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru X2 cavabdeh arasında “Üzləşmə aktı” imzalanmış və 3856,10 AZN və 513 ABŞ dolları məbləğində borcunun olduğu təsdiqlənmişdir. Cavabdeh tərəfindən borcun xarici valyutada olan hissəsi ilə bağlı ödənişlər edilmiş və xarici valyutanın ödənilməmiş hissəsi 3856,10 manat hissəsi ilə birləşdirilərək mövcud borc məbləği 3968 manat məbləğində müəyyən edilmişdir. Həmçinin bildirdi ki, AR MM-nin 445 və 449-cu maddələrinə əsaslanaraq cavabdeh iddiaçının pul vəsaitinin qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmasına görə borcun ödənilməsi illik bank uçot faiz dərəcəsi xx.xx.2020-ci il tarixə 7/25% olmaqla 33331,2 AZN (3968x0,60 faiz x14 ay) və pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə qanunvericiliklə nəzərdə tutulan illik 5%-ə əsasən 22776,2 (3968x0,41%(aylıq faiz)x14ay) məbləğində faiz hesablanmışdır. Odur ki, 3968 manat əsas borcun və həmin borcla bərabər məbləğinin ödənilməsini gecikdirdiyinə görə 33331,2 manat və qanunvericiliyin tələbinə əsasən nəzərdə tutulan illik 5% olmaqla hesablanan 22776,32 manat məbləğin, 30 manat dövlət rüsumunun və 500 manat ödənişli hüquqi xidmətdən istifadə xərclərinin tutulmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında borcunu etiraf edərək bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 06/17 nömrəli alqı-satqı müqaviləsinə əsasən 3968 manat borcu mövcuddur. Lakin satıcıdan aldığı məhsulları kreditlə və nisyə formasında çoxsaylı vətəndaşlara satmışdır və vətəndaşlar tərəfindən ödənişlər edilmədiyindən iflas etmiş və iddiaçıdan aldığı məhsulların məbləğini ödəyə bilməmişdir. Hal-hazırda pandemiya ilə əlaqədar işləmədiyindən borcun ödənilməsini həyata keçirə bilmir. Odur ki, borcun ödənilməsinə möhlət verilməsini məhkəmədən xahiş etdi. İddiaçı 3968 manat məbləğində borcun etiraf etməsinə dair ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2017-ci il tarixli 06/17 nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2019-cu il tarixli üzləşmə aktı, dövlət rüsumunun ödənilməsi barədə qəbz və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2017-ci il tarixli 06/17 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin müddəti xx.xx.2017-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilə üzrə cavabdehin aldığı avadanlıqlara görə ödənilməmiş 3968 manat borcu qalmışdır. Cavabdeh iddia tələbinin 3968 manat pul məbləği hissəsini qəbul etməsinə baxmayaraq, borcunu müqavilədə nəzərdə tutulan müddətdə qaytarmamış, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Odur ki, iddiaçı həmin borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567). Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 220.4-cü maddəsi). İddia tələbinin “pul vəsaitinin qanunsuz saxlanılmasına və onu ödəməkdən boyun qaçırmasına görə hesablanmış 33331,2 AZN tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərarına əsasən, Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya olan borcunun qaytarılmamasının “qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama” kimi hərəkətlərlə ifadə edilməsi sübut edilmir, cavabdeh iddiaçıya olan borcunu qaytarmasını nisyə verdiyi malların dəyərini ala bilməməsi ilə əlaqələndirmiş, iddiaçı tərəf isə bunun əksini sübuta yetirə bilməmişdir. Ona görə də cavabdehin iddiaçının pul vəsaitinin bilərəkdən qanunsuz saxlanılması və onu ödəməkdən boyun qaçırması təsdiq edilmir. Bu səbəbdən iddiaçının cavabdehin pul vəsaitini qanunsuz saxlaması nəticəsində bank uçot faizi dərəcəsi ilə pul tələb etməsi qanuni hesab edilə bilməz və iddia tələbi həmin hissədə əsassızdır. İddia tələbinin “pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə qanunvericiliyinin müvafiq tələbinə uyğun olaraq nəzərdə tutulan illik 5% əsasən 22776,32 AZN faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. MM-nin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə xx.xx.2017-ci il tarixdə başa çatdığından, tutulmalı olan əsas borca münasibətdə illik 5% hesablanan faiz borcu həmin tarixdən hazırkı vaxta qədər dövrü əhatə edir. Ona görə də 3968 manat məbləğə münasibətdə iki il altı ay müddət üçün illik 5 % hesablanmaqla cavabdehdən borcun ödənilməsini gecikdirdiyinə görə 496 manat faiz borcu tutulması qanuni və ədalətli hesab edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, iddiaçının tələb etdiyi ödənişli hüquqi xidmətdən istifadə xərci olaraq 500 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, işin konkret hallarını və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla cavabdehdən 150 manat vəkilin göstərdiyi yardıma görə pul tutularaq iddiaçıya ödənilməsi daha ağlabatan hesab edilməlidir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 2,23 manat dövlət rüsumu cavabdehdən tutularaq “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilməli, 27,77 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-yə aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 3968 manat əsas borc, 496 manat faiz borcu, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc və 2,23 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 27,77 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxxxxxx” ASC-yə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-257/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-257/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver