Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-258/2024 30.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 228610 manat pul məbləği və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AGR 046/21 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən sifarişçi satış xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada satış xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı ilə müəyyənləşdirilir. 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan satış xidməti 1 il müddətində həyata keçirilməlidir. xx.xx.2024-cü il tarixli arayışdan cavabdehə 1 kq-nın dəyəri 1,25 manat olan Ammofos NP12-52/Rusiya/ApatitPhosagro/1000kq, 1 kq-nın dəyəri 0,64 manat olan Ammonium nitrat-Minudobreniya-Rusiya/Rusiya/2000kq, 1 kq-nın dəyəri 0,50 manat olan Karbamid /Azərbaycan/Socar/1000kq, 1 kq-nın dəyəri 0,83 manat olan Nitroammofoska (NPK 16-16-16)/Rusiya/Eurochem/1000kq, 1 kq-nın dəyəri 1,20 manat olan Nitroammofoska (NPK 16-16-16)/Minudobreniya/Rusiya/1000kq adda mallar verilmişdir. Cavabdehin, iddiaçının direktorunun adına verilmiş izahatından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təhvil verilmiş gübrə mallarının ümumi dəyəri 250029,47 manat təşkil etmiş, 20 ton gübrə cavabdeh tərəfindən iddiaçının anbarına təhvil vermişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş 20 ton gübrə çıxıldıqdan sonra arayışda adları göstərilən malların cəmi çəkisi 225983,8 kq olmaqla cavabdehə təhvil verilmiş gübrələrin dəyəri 228610 manat təşkil edir. İddiaçı öhdəliklərini yerinə yetirərək gübrə mallarını cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı gübrələrin dəyərinə görə 228610 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli iltizamla İddiaçı MMC-yə 228610 manat borcu qaldığını etiraf etmiş və borcun ödənilmədiyi təqdirdə məhkəmə və digər orqanlarda ona qarşı qaldırılacaq iddialara görə tam məsuliyyət daşıyacağını bəyan etmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə satış xidmətlərinin göstərilməsi haqqında 046/21 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh İddiaçı MMC-dən satış üçün nəzərdə tutulan malları təhvil alaraq, onların satışını həyata keçirməli idi. Müqaviləyə uyğun olaraq, ona müxtəlif dövrlərdə, müxtəlif adda və çeşiddə gübrələr - mallar təhvil verilmişdir. Cavabdeh təhvil aldığı malların dəyərinin tam olaraq vaxtında İddiaçı MMC-ə ödənilməsi üçün məsuliyyət daşısa da, təhvil aldığı malların dəyərindən – 228.610 manat pul məbləğini bu günə kimi ödəməmişdir. Həmin pulun ödənilməsi ilə bağlı ona dəfələrlə həm şifahi, həm də rəsmi müraciət edilməsinə baxmayaraq, pulun ödənilməsi təmin edilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, gübrəni təhvil almışdır. Sonra aldığı gübrənin bir hissəsi geri qaytarılmışdır. 20000 manata yaxın borc qalmışdır. Əvəzində 23000 manata yaxın pul ödənilmişdir. İzahat onun tərəfindən yazılmışdır. Orda 580 min kq gübrəni təhvil aldığı göstərilmiş, lakin satılmadığına görə o, gübrələrin çox hissəsini qaytarmışdır. Bölgə müdiri orda olmadığından, təhvil təslim aktı isə iddiaçıda olduğundan, o, təhvil təslim aktı yaza bilmədiyindən yaza bilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfdən cavabdehə 580 min kq gübrə təhvil verilmişdir. Cavabdeh borcunun olmasına dair yazılı izahatda vermişdir. Maliyyə arayışı və üzləşmə aktlarıda mövcuddur ki, cavabdehin iddiaçı tərəfə 228610 manat borcunun olduğu aydın görünür. İzahatında göstərdiyi 20 tonu onlar borcundan çıxmışlar və tələb etmirlər. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatı uyğun izahat verərək əlavə olaraq bildirmişdr ki, asan imzada texniki çətinlik yarandığı üçün sübutu təqdim edə bilməmişdir. Aktı ona bölgə müdiri İsmayıl iclasdan sonra vemişdir və aktı əsli ondadır. O, Qədir Məəmmədovu tanımır. İddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: satış xidmətlərinin göstərilməsi haqqında müqavilə, arayış, maliyyə arayışı, izahat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AGR 046/21 nömrəli satış xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən arayışda adları göstərilən çəkisi 225983,8 kq olan, 228610 manat dəyərində malları cavabdehə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçının haqlı olaraq verilmiş malların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli izahatı və xx.xx.2022-ci il tarixli iltizamla İddiaçı MMC-dən malları təhvil aldığını və 228610 manat borcu qaldığını etiraf etmişdir. Bundan başqa məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatında malların təhvil-təslim aktı olduğunu və həmin aktın iddiaçıda olduğunu iddia etsə də, bunu təsdiq edəcək sübutu məhəməyə təqdim etməmişdir. Məhkəmə tərəflər arasındakı müqavilə üzrə razılaşdırılmış həcmdə gübrə satılması və bu halın arayış, maliyyə arayışı, iltizam və cavabdehin izahatı ilə təsdiqini tapmasını, eyni zamanda cavabdehin həmin gübrə məhsullarını qəbul etdiyi və iddiaçının tələb etdiyi 228610 manat pulu borclu qaldığını etiraf etməsini nəzərə alaraq hesab edir ki, borc etiraf edildiyindən iddiaçı tələbində haqlıdır və 228610 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh təhvil aldığı gübrələri iddiaçının anbarına təhvil verdiyini iddia etsə də bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmiş, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında aktın mövcud olmadığını bildirmişdi. Lakin hazırki məhkəmə iclasında məhkəməyə kserosurət şəklində və kağız daşıyıcıda akt təqdim etsə də, aktının əslinin bölgə müdirində olmasını bildirmiş və hansı səbəbdən sübutu işin məhkəmə baxışına hazırlanması yekunlaşana qədər təqdim edə bilməməsini əsaslandıra bilməmişdir. Halbuki, cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında təhviltəslim aktının yazılmadığını bildirmişdir. Sübut kağız daşıyıcıda kserosurət şəklində təqdim edildiyindən, habelə sübutun vaxtında verilməməsinin səbəbləri əsaslandırlmadığından həmin akt sübut qismində qəbul edilməmiş və məhkəmə iclasında elektron kabinet vasiəsi ilə təqdim edilmədiyindən cavabdehə qaytarılmışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 518,61 manat olmalıdır. İddiaçı tərəfindən 519 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən iddianın qiymətinə uyğun 518,61 manat dövlət rüsumu cavdbehdən tutularaq iddiçıaya ödənilməli, artıq ödənilmiş 0,39 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 228610 manat məbləğində pul və 518,61 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Artıq ödənilmiş 0,39 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-258/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-258/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver