Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-26/2024 21.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “5200,65 manat borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair mübahisəyə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçının iddiasına görə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 0233/2020 nömrəli müqaviləyə əsasən Norm məhsullarının nisyə qaydada alğısatqısı həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı norm məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərinin razılaşdırılmış vaxtda iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Elektorn Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata və mqqaviləyə əsasən müqavilə tərəfi kimi göstərilmiş İddiaçı MMC ********** nömrəli VÖEN-lə fəaliyyət göstərmiş, hazırda ********** nömrəli VÖEN İddiaçı ASC-yə məxsusdur və MMC-nin təşkilatı hüquqi forması ASC-yə dəyişmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli əmtəə-nəqliyyat qaimələri, eləcə də, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr məhkəməyə təqdim edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh 21888,08 manat dəyərində Norm sement məhsulları satılmış, cavabdeh isə cəmi 11687,43 manat pul ödəmiş, qalıq 5200,65 manat isə bu günə kimi ödənilməyərək iddiaçı "xxxx" ASC-yə cəmi 5200,65 manat borcu mövcud olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2023-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Odur ki, hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəməən xahiş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 4/449 nömrəli ekspert rəyindən müəyyən olunur ki, 01 dekabr 2020-ci il tarixli, 0233/2020 nömrəli alğısatqı müqaviləsinin kserosurətinin 3-cü vərəqində “8.2. alıcı” qrafasında olan imza, işin 67ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 68-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 69-cu vərəqində olan xx.xx.2021-ci il tarixli “əmtəə-nəqliyyat qaimə”lərinin kserosurətlərinin aşağı sol hissələrində “müştərinin adı və imzası” yazılarının qarşısında olan imzalar – X1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə email vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Türkiyədə qaraciyər köçürməsi əməliyyatı keçirtdiyinə görə halı get-gedə pisləşmişdir. O, iddiaçıdan heç bir məhsul almamış və heç bir sənədə qol çəkməmişdir. Bununla bağlı ekspetiza mərkəzindən ekspert rəyində bildirilmişdir ki, sənədə çəkilən qol ona məxsus olmamış və ümumiyyətlə bu müqavilə bağlandığı zaman o, Türkmənistan vətəndaşı olmuş və Azərbaycan Respublikasında olmamışdır. Buna baxmayaraq şirkət rəhbəriylə öz səhhətini qorumaq üçün, məhkəmə yollarında qalmamaq üçün 5000 manat verməklə işə xitam veriləcəyi ilə bağlı razılığa gəlmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Müqavilə, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli əmtəə-nəqliyyat qaimələri, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimələr və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. İddiaçının iddiasına görə onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 0233/2020 nömrəli müqaviləyə əsasən Norm məhsullarının nisyə qaydada alğısatqısı həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı norm məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərinin razılaşdırılmış vaxtda iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırılması zamanı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, 01 dekabr 2020-ci il tarixli, 0233/2020 nömrəli alğı-satqı müqaviləsinin kserosurətinin 3-cü vərəqində “8.2. alıcı” qrafasında olan imza, işin 67-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 68-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, 69-cu vərəqində olan xx.xx.2021-ci il tarixli “əmtəənəqliyyat qaimə”lərinin kserosurətlərinin aşağı sol hissələrində “müştərinin adı və imzası” yazılarının qarşısında olan imzalar – X1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra edilmişdir. Qeyd edilən rəydən də göründüyü kimi iddiaçının Cavabdeh ilə bağlandığını iddia etdiyi 01 dekabr 2020-ci il tarixli, 0233/2020 nömrəli alğı-satqı müqaviləsindəki alıcı bölməsinin alt hissəsindəki imza Cavabdeh tərəfindən icra edilməmişdir. Qanunvericiliklə müəyyən olunduğu kimi müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi olmalı və yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Belə olan halda tərəflər arasında istinad olunan müqavilə əsasında hüquq münasibətləri yaranmamış və cavabdehin həmin müqavilə əsasında iddiaçıya borcu mövcud deyildir. Eyni zamanda təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli əmtəənəqliyyat qaimələrindəki imzalar da cavabdehə məxsus olmamışdır. Göründüyü kimi iddiaçının qeyd etdiyi dəyərdə malın cavabdehə təhvil verilməsi də təsdiq olunmur. Həmin qaimələrdəki imza başqa şəxsə aiddir ki, mallar başqa şəxsə verilmiş və həmin qaimələrdə təhvil aldım bölməsinə imza çəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Təqdim edilmiş elektron qaimələrə münasibətdə isə məhkəmə qeyd edir ki, elektron qaimələr özlüyündə malların təhvil verilməsini birbaşa təsdiq etmir və işdə olan əlaqədar sübutlarla birlikdə qiymətləndirilir. Hazırki iş üzrə müqavilə və əmtəə-nəqliyyat qaimələri cavabdeh tərəfindən imzalanmamış və həmin sənədlərdə başqa şəxsin imzası olduğundan hazırki cavabdehlə alğı-satqı münasibətlərinin mövcudluğunun sübutu qismində məhkəmə tərəfindən qəbul edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi iddiaçı tələbini əsaslandıra bilməmiş, cavabdehə həqiqətən mal verilməsini sübut edə bilməmiş, təqdim etdiyi alğı-satqı müqaviləsindəki imza başqa şəxsə aid olsa da, həmin müqavilədən yaranan öhdəliklər üzrə Cavabdeh 5200,65 manat borc tələb etmişdir ki, bunda da haqlı olmamışdır. Cavabdehin tələb olunan məbləğdə borcunun olması təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən, mübahisə predmeti olan 01 dekabr 2020-ci il tarixli, 0233/2020 nömrəli alğı-satqı müqaviləsindəki alıcıya aid imza hazırki cavabdehə aid olmadığından məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ekspertiza xərci olan 124 manat vəsait iddiaçıdan tutularaq müvafiq qaydada ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı 200 manat mediasiya xərci ödəmiş və dövlət rüsumu ödəmədən iddia qaldırmaq imkanı əldə etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (5200,65 manat) ödənilməmiş dövlət rüsumu 120.6 manat təşkil edir ki, iddia tələbi rədd edildiyindən 120.6 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməli, həmçinin 200 manat mediasiya xərci cavabdehdən tutulmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “5200,65 manat borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 120.6 manat dövlət rüsumu İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 124 manat ekspertiza xərci İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142593, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı-X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-26/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-26/2024
21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver