Məhkəmə qərarları › İş №e-2-2(117)-264/2020

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-264/2020

29.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-264/2020 29.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “5020 manat əsas borc, 1683,45 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “5020 manat əsas borc, 1683,45 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilmədiyindən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması iddiaçı tərəfindən təmin edilmədiyindən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli olan sənədlərin dairəsi dəqiq müəyyən edilmişdir. Qeyd olunan maddənin 4-cü və 7-ci bəndinin tələbinə əsasən iddiaçı kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair və cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatın və iddia ərizəsinin cavabdehə çatdırılmasına dair sənədləri iş materiallarına əlavə etməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə pretenziya qaydasına riayət edilməsi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəfə çatdırılmalı olması barədə qanunvericiliyin tələbləri formal xarakter daşımır. Çatdırılma və ya təqdim olunma dedikdə, həmin sənədlərin rəsmi olaraq qarşı tərəfə verilməsi kimi başa düşülür. Belə təqdim olunmada qanunvericiliyin güddüyü əsas məqsəd qarşı tərəfin ona qarşı qaldırılmış iddiadan əvvəlcədən məlumatlı olması, müdafiəsini təşkil etməsinə imkan yaradılması və iddiaçının tələbinin hüquqi əsasını təşkil edən sənədlərlə məhkəmə iclasınadək tanış olmasıdır. İddiaçı tərəf hazırki mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı cavabdehə müraciət etməsinə dair məlumatı, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə qoşma kimi pretenziya məktubunu iddia ərizəsinə əlavə etsə də, həmin məktubun çatdırılması barədə sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iş materiallarında cavabdehin rəsmi qeydə alındığı ünvan olaraq ünvan 1 qeyd edilmişdir. İddiaçı isə iddia ərizəsi və sənədlərin ünvan 2 a ünvanına göndərmiş, lakin həmin sənədlərin çatdırılması barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı ASC-nin Cavabdeh qarşı “5020 manat əsas borc, 1683,45 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar