Məhkəmə qərarları › İş №e-2-2(117)-265/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-265/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-265/2023 13.04.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “25225 manat əsas borcun, 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 170911/11-1- 329 nömrəli alqı satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin 25225 manat ödənilməmiş borcu qalmış və tərəflər xx.xx.2022-ci il tarixli 002/2022 nömrəli saziş bağlamaqla həmin borcun xx.xx.2022-ci il tarixədək hissə-hissə ödənilməsi barədə razılığa gəlmişlər. Saziş tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə 25225 manat ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubu göndərilmiş, buna baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış alğı-satqı müqavilələri əsasında iddiaçı tərəfindən ümumilikdə 299009,72 manat dəyərində mal və materiallar cavabdehə satılmış, bunun müqabilində cavabdeh tərəfindən 273784,44 manat ödəniş olunmuşdur. Müqavilələr üzrə cavabdehin iddiaçıya 25225,28 manat ödənilməmiş borcu qalmışdır. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 mart 2022-ci il tarixində 002/2022 nömrəli Saziş imzalanmış, cavabdeh tərəfindən ödənilməmiş 25225 manat borc etiraf edilmiş, tərəflər borcun qrafik üzrə ödənilməsi barədə razılığa gəlmişdirlər. Sazişin 4-cü bəndinə əsasən, cavabdeh 2022-ci ilin mart ayından 2022-ci ilin sentyabr ayına qədər hər ay 4204,16 manat məbləğində ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Lakin bu günədək cavabdeh Saziş üzrə öhdəsinə götürdüyü borcdan heç bir ödəniş etməmişdir. İddia ərizəsinə əlavə olunan müvafiq təsdiqedici sənədlərdən də göründüyü kimi, cavabdeh saziş üzrə üzərinə düşən öhdəlikləri vaxtlıvaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin, bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdehə borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Həmçinin, borcun qaytarılması məqsədi ilə yazılmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun əvvəlcə kağız daşıyıcıda daha sonra isə xx.xx.2022-ci il tarixində elektron informasiya sistemi vasitəsilə cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh bu günə kimi borc məbləğini iddiaçıya qaytarmamış və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə elektron kabineti vasitəsi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış saziş, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600-cu maddəsinin 1-ci və 3-cü bəndləri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli 170911/11-1-329 nömrəli alqı satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin 25225 manat ödənilməmiş borcu qalmış və tərəflər xx.xx.2022-ci il tarixli 002/2022 nömrəli saziş bağlamaqla həmin borcun xx.xx.2022-ci il tarixədək hissəhissə ödənilməsi barədə razılığa gəlmişlər. Saziş tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli 170911/11-1-329 nömrəli alqı satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin 25225 manat ödənilməmiş borcunun olması işin mübahisələndirilməyən halıdır. Belə ki, cavabdeh qeyd olunan məbləğdə borcunun olmasın etiraf etməklə həmin borcun hissə-hissə ödənilməsi barədə iddiaçı ilə saziş bağlamışdır. Buna baxmayaraq 25225 manat borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, 25225 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 165,68 manat olmalıdır ki, iddia tələbi təmin edildiyindən həmin dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 25225 manat borc, 200 manat mediasiya xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Ödənilməmiş 165,68 manat dövlət rüsumu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar