Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-266/2023 24.06.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “45878,39 manat borcun, 206 manat mediasiya xərci və 32 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı “X4” MMC (VÖEN **********) ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030119/GDF/ST/003 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda qeyd olunan çəkidə və qiymətlə iri buynuzlu heyvanları alıcıya satmağı, alıcı isə alınan malların ümumi miqdarının təhvil verildikdən sonra 30 gün müddətində dəyərinin 100 %-ni ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.2-ci bəndinə əsasən təchiz olunmuş mallarda qüsurlar aşkar edildikdə, yaxud malların keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə alıcının qüsuru aşkar etdiyi tarixdən ən geci 10 təqvim günü ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu təsdiq edilmiş və həmin protokolda erkək dana, çıxdaş inək və ət (məcburi/kəsim) hər kq-nın qiymətləri razılaşdırılmışdır. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş nəticədə 45878,39 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcunun olması xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2020xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, habelə satış qaimə fakturaları ilə öz təsdiqini tapır. Üzləşmə aktları tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ********** VÖEN üzrə hüquqi şəxsin adı İddiaçı MMC-yə dəyişdirilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı MMC ilə (keçmiş adı ilə “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti) cavabdeh arasında 01 mart 2019-cu il tarixli 030119/GDF/ST/003 saylı heyvanların satışına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən satıcı malları alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən və müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, alıcı hazırki müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə qiymətini satıcıya malların təhviltəslimindən sonra 30 (otuz) təqvim günü ərzində ödəmək öhdəliyi götürür. Tərəflər arasında müqavilə müansibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 83542,50 manat olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 56892,01 manat hissəsi ödənilmiş, ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən ən son ödəniş xx.xx.2020-ci il tarixində həyata keçirilmiş və həmin tarixdən bu günədək hər hansı ödəniş edilməmişdir. İş materiallarında cavabdeh tərəfindən imzalanmış və qəbul edilmiş üzləşmə aktları var və bu aktlarda borcun olduğu cavabdeh tərəfindən etiraf edilir. Bundan başqa ötən məhkəmə iclasında cavabdeh tərəfdən məhkəməyə yararsız mal ətlərinin foto-şəkilləri sübut kimi təqdim edilmişdir. Bu şəkillərin həqiqətən də iddiaçıdan təhvil alındığını sübut edən heçnə yoxdur. Bu səbəbdən bu sübutları əsassız hesab edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı MMC-dən malları təhvil almışdır. Lakin malların bir hissəsi xəstə və yarasız idi. Həmin malları iddiaçıya geri qaytarmışdır. Sağlam aldığı bütün malların pulunu ödəmişdir. Onlar əvvələr iddiaçı ilə şifahi razılaşmış, lakin sonradan müqavilə bağlamışlar. Pandemiya vaxtı işləməmişdir. X1 onunla şərik olmuş və borcu olan 49697,39 manatın yarısını 24850 manatı ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı o İddiaçı MMC-də izahat da verib. Üzləşmə aktlarındakı və müqavilədəki imzaların hamısı ona məxsusdur. Lakin iddiaçı tərəf onu aldadaraq bu işləri həyata keçirmişdir. Malları qəbul edən zaman ödənişi nağd qaydada ödəyir, ancaq çox vaxt üzərində pul olmadığından malları alıb, satdıqdan sonra pulunu ödəyirdi. İmzaladığı üzləşmə aktlarını Zarağan kəndində İddiaçı MMC-nin mühafizə rəisinin yanında imzalamışdır. Mühafizənin rəisi bura qol cək demiş və oda imzalamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qiymətlərin razılaşma protokolu, üzləşmə aktları, satış qaimə fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, satıcı “X4” MMC (VÖEN **********) ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030119/GDF/ST/003 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda qeyd olunan çəkidə və qiymətlə iri buynuzlu heyvanları alıcıya satmağı, alıcı isə alınan malların ümumi miqdarının təhvil verildikdən sonra 30 gün müddətində dəyərinin 100 %-ni ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş nəticədə 45878,39 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, habelə satış qaimə fakturaları ilə öz təsdiqini tapır. Üzləşmə aktları tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq edilmişdir. Cavabdehin məhz 45878,39 manat borcunun olmasını təsdiq edən üzləşmə aktına cavabdeh tərəfindən “qalıq borcla razıyam” qeydi yazılmaqla təsdiq edilmişdir ki, belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi kimi bilmədən deyil, borc məbləği ilə razılaşaraq üzləşmə aktını təsdiq etmişdir. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş fotoşəkillərə və fotoşəkillərdən də göründüyü kimi, iddiaçı tərəfindən onlara keyfiyyətsiz, ölmüş heyvan əti satılmasına dair etiraz dəlillərinə münasibətdə onu qeyd edir ki, əvvəla fotoşəkillər həmin ətlərin məhz iddiaçı tərəfindən onlara satılmasını, hətta ümumiyyətlə cavabdehin obyektində onlar tərəfindən çəkilib-çəkilməməsini sübut etmədiyindən məhkəmə tərəfindən sübut qismində qəbul edilmir. Bundan başqa iddiaçı tərəfindən onlara keyfiyyətsiz, ölmüş heyvan əti satılmasına dair etiraz dəlillərinə münasibətdə əlavə olaraq məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən təchiz olunmuş mallarda qüsurlar aşkar edildikdə, yaxud malların keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə alıcının qüsuru aşkar etdiyi tarixdən ən geci 10 təqvim günü ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir. Göründüyü kimi, müqavilə şərtlərinə əsasən əgər cavabdeh ona keyfiyyətsiz, ölmüş heyvan əti satılmışdırsa əvvəla həmin məhsullar müqavilə şərtlərinə uyğun olmadığından qəbul etməyə bilərdi. Qəbul etmişdirsə bu zaman müqavilə ilə müəyyən edilmiş qaydada 10 gün müddətində etiraz göndərə bilərdi ki, bu halı təsdiq edən etiraz və ya onun göndərilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin etiraz dəlili əsassızdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 227,63 manat olmalıdır ki, iddiaçı tərəfindən dövlət büdcəsinə 32 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən ödənilməli olan 227,63 manat dövlət rüsumunun 32 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya, qalan 195,63 manat hissəsi dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 206 manat mediasiya xərci ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 206 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: İddia təmin edilsin. Cavabdeh 45878,39 manat borc, 206 manat mediasiya xərci və 32 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilməmiş 195,63 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-266/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-266/2023
24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver