Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-266/2024 04.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 1545,4 manat əsas borc, 309,8 manat penya və 39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən 1545,4 manat əsas borc, 309,8 manat penya və 39 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə ödənilməmiş 1545,4 manat əsas borcu yaranmışdır. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə 256A/23 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, hazırki müqavilə tərəflər arasında imzalanaraq təsdiqləndiyi, hüquqi şəxs olduqda möhürləndiyi andan etibarən qüvvəyə minir. 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərtib olunmuş qaimə-fakturalar, elektronqaimələr, qiymət razılaşma protokolları və əlavələr müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. 2.4-cü bəndinə əsasən, alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqdim günü müddətinə “Faktura” üzrə göstərilən ümumi məbləği nağdsız qaydada və tam şəkildə Satıcının xeyrinə ödəməlidir. 2.5-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 faizi həcmində penya ödəyir. İş materiallarına əalvə edilmiş elektron qaimələrlə sübut olunur ki, xx.xx.2023-cü il tarixdə 694,40 manat, xx.xx.2023-cü il tarixdə 335 manat, xx.xx.2023-cü il tarixdə 128 manat, xx.xx.2023-cü il tarixdə isə 388 manat məbləğində olmaqla, ümumilikdə 1545,4 manat məbləğində məhsul təhvil verilmiş və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabde xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı cavabdeh əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə alkoqollu və alkoqolsuz içki məhsullarının alqı-satqı müqaviləsi bağlanmışdır. 1-ci bəndinə əsasən, hazırki müqavilə tərəflər arasında imzalanaraq təsdiqləndiyi, hüquqi şəxs olduqda möhürləndiyi andan etibarən qüvvəyə minir. 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə tərtib olunmuş qaimə-fakturalar, elektronqaimələr, qiymət razılaşma protokolları və əlavələr müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. 2.4-cü bəndinə əsasən, alıcıya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqdim günü müddətinə “Faktura” üzrə göstərilən ümumi məbləğ\i nağdsız qaydada və tam şəkildə Satıcının xeyrinə ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 256A/23 nömrəli alqı-satqı müqaviləsinin icra olunduğu dövr ərzində Cavabdeh həmin tarixə 1545,4 manat əsas və 309,8 manat penya olmaqla, ümumilikdə 1855,2 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş elektron qaimələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə 694,40 manat, xx.xx.2023-cü il tarixdə 335 manat, xx.xx.2023-cü il tarixdə 128 manat, xx.xx.2023-cü il tarixdə isə 388 manat məbləğində məhsul təhvil verilmiş və cavabdeh tərəfindən elektron qaimələr elektron imza ilə təsdiq edilməklə fiziki imza ilə də imzalanaraq təsdiqlənmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Ona görə də həmin elektron qaimələr təhvil-təslim aktlarına bərabər tutularaq əsas sübut qismində qəbul edilməlidir. Cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 1545,4 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “309,8 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən, müqavilənin 2.4-cü bəndinin tələbləri pozulduqda ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,5 faizi həcmində penya ödəyir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 75 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənildiyindən və iddia əsas məbləğə nisbətən tam təmin edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1545,4 manat borc, 75 manat cərimə borcu və 38 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov