Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-267/2020 21.10.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı və ya İddiaçı MMC) Cavabdeh (bundan sonra mətndə cavabdeh və ya Cavabdeh) qarşı “2250 manat əsas borcun, əsas borcun illik 5 faizi miqdarında 225 manat əldən çıxmış faydaya görə pul məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2250 manat əsas borcun, əsas borcun illik 5 faizi miqdarında 225 manat əldən çıxmış faydaya görə pul məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə “X3” MMC (indiki adı İddiaçı MMC) arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib razılaşdırılmış qiymətdə və müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdə tərəflər arasında imzalanmış “Üzləşdirmə aktı”na əsasən Cavabdeh müəssisəyə 4800 manat borcunun olduğu müəyyən edilmiş, lakin 2250 manat icra olunmamış borc öhdəliyi qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM)185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cəmiyyətin nizamnaməsi, xx.xx.2017-ci il tarixli üzləşdirmə aktı, xx.xx.2019-cu il tarixli maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında verdiyi izahatlarında xx.xx.2017-ci il tarixdə tərəflər arasında “Üzləşdirmə aktı” tərtib edildiyini və həmin aktın iddiaçının nümayəndəsi M.Quliyev və Cavabdeh tərəfindən imzalandığını əsas gətirərək hazırda cavabdehin 2250 manat borcunun olduğunu iddia edir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahatında tərəflər arasında müqavilə münasibətlərinin movcudluğunu təsdiqləsə də, xx.xx.2017-ci il tarixli “Üzləşdirmə aktı”nda qeyd edilən imzanın ona aid olmadığını bildirmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və xx.xx.2020-ci il tarixli 4/704 ekspert rəyi ilə qeyd edilən “Üzləşdirmə aktı”ndakı imzanın Cavabdeh aid olmadığı təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567, 600). Beləliklə, məhkəmə işin faktiki hallarını iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış münasibətlər mövcud olsa da, yazılı bağlanmış müqavilə məhkəməyə təqdim edilmədiyindən cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin olduğunu və onun icra müddətini müəyyənləşdirmək mümkün deyildir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə tərtib edilmiş və cavabdehin 4800 manat borcunun olmasının təsdiq edilməsi barədə üzləşmə aktında qeyd edilən imza cavabdehə aid olmadığından, cavabdeh həmin aktın məzmununa görə məsuliyyət daşımır. Bundan başqa, 225 manat məbləğində pulun əldən çıxmış fayda kimi cavabdehdən tutularaq ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 21.2, 443.1, 443.2). Göründüyü kimi, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmasaydı adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər başa düşülür. Lakin iddiaçı tərəfindən bu kimi halların mövcudluğu sübut olunmur. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları və cavabdehin etirazlarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatın tərəfləri üzərində iddia tələbini sübut etmək, qarşı tərəfin isə etirazlarının əsaslarını sübut etmək vəzifələri müəyyən etmiş, həmin məhkəmənin həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə ekspert rəyini digər sübutlarla birlikdə hüquqi qiymət verib belə qənaətə gəlir ki, ekspert rəyi iddiaçı tərəfindən təqdim edilmiş digər sübutlarla istisna edilə bilmədiyindən məhkəmə tərəfindən həmin rəyin sübut olaraq qəbul edilməsi və qiymətləndirilməsi əsaslıdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tələbində haqlı olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli, eyni zamanda iddiaçıdan ekspertiza tədqiqatıın dəyəri tutulmalıdır. Nəticəvi hissə: İddiaçı Cavabdeh qarşı “2250 manat əsas borcun, əsas borcun illik 5 faizi miqdarında 225 manat əldən çıxmış faydaya görə pul məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 140 (bir yüz qırx) manat ekspertiza xərci İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-267/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-267/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver