Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-267/2024 29.03.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “645 manat borc, 129 manat penya və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 247-A/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC rəsmi distribüteri olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə ona faktura təqdim olunduğu gündən etibarən nağdsız qaydada 30 təqvim günü müddətinə faktura üzrə göstərilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. 3.2.1-ci bəndinə əsasən alıcı tərəfindən sifariş edimiş malların satıcı tərəfindən təhvil verilməsi tərəflər arasında müvafiq qaydada imzalanacaq təhvil-təsim aktı (qaimə-faktura) əsasında həyata keçiriləcək. 4.2.4cü bəndinə əsasən alıcı tərəfindən təhvil alınan mal(lar)ın dəyərini bu müqavilənin 2.-ci bəndində müəyyən edilmiş müddətdə ödənilmədikdə hər gecikdirilmiş gün üçün mal(lar)ın dəyərinin ödənilməmiş qalığının 0,2 %-i həcmində penya ödəyir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli O118-988 nömrəli satış fakturası ilə 63,60 manat dəyərində 1 ədəd 0,5 litrlik “Erdinger”, xx.xx.2022-ci il tarixli O118-2235 nömrəli satış fakturası ilə 175 manat dəyərində 1 çəllək 15 litrlik “Blanche” və 235 manat dəyərində 1 çəllək 20,5 litrlik “Erdinger Weisse”, xx.xx.2022-ci il tarixli O118-2618 nömrəli satış fakturası ilə 235 manat dəyərində 1 çəllək 20,5 litrlik “Erdinger Weisse” adda mal cavabdehə verilmişdir. xx.xx.2024-cü il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin qeyd edilən tarixə 645 manat əsas borcu qalmış və ona 129 manat penya hesablanmışdır. Satıcı dəyəri 235 manat və 410 manat olmaqla ümumilikdə 645 manat dəyərində mallara dair alıcıya 450471 və 450009 nömrəli elektron qaimələri təqdim etmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcu yaranmışdır. Belə ki, müqavilənin 2.1-ci bəndinə görə “ALİCİ”-ya faktura təqdim olunan gündən hesablanmaqla, 30 təqvim günü müddətində faktura üzrə göstərilən ümumi məbləğ nağdsız qaydada və tam şəkildə “SATİCİ”-nın xeyrinə ödənilməlidir . “Müqavilə”-nin 4.2.4.-cü bəndinin tələbləri pozulduqda, ödənişlərin hər gecikdirilmiş günü üçün dəyərinin ödənilməmiş qalığının 0,2 % faiz həcmində penya ödəyir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 450471 və 450009 nömrəli elektron qaimələrdən görünür ki, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 645 manat borcu yaranmış və həmin borcun 10 gün müddətində ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh həmin məktubu xx.xx.2023-cü il tarixdə alsa da, borcu ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə göndərilmiş məhkəmə bildirişinin xx.xx.2024-cü il tarixdə ünvanı üzrə təqdim olunmasına baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Satış fakturaları, Elektron qaimələr, Maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 247-A/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC rəsmi distribüteri olduğu və özünün idxal etdiyi suları, şirələri, spirtli, spirtsiz içkilər və s. məhsulları alıcının sifarişi nəzərə alınmaqla, qaimə-faktura əsasında alıcıya satmağı, alıcı isə ona faktura təqdim olunduğu gündən etibarən nağdsız qaydada 30 təqvim günü müddətinə faktura üzrə göstərilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş satış fakturalarından göründüyü kimi cavabdehə müxtəlif adda və dəyərdə mallar verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni satış fakturaları və maliyə arayışı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mallar təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək malları cavabdehə təhvil vermiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən ödənilməmiş 645 manat əsas borcu qalmış və borcun ödənilməsini gecikdirdiyindən müqavilənin 4.2.4cü bəndinə uyğun sonuncuya 129 manat penya hesablanmışdır. Malların cavabdehə təhvil verilməsi və cavabdehin 645 manat məbləğində ödənilməmiş borcunun olması satış fakturaları, elektron qaimələr və maliyyə arayışı ilə öz təsdiqini tapır. Bu səbəbdən də məhkəmə hesab edr ki, 645 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 129 manat penya məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir..... 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.... Məhkəmə hesab edir ki, əsas borcun məbləğinə münasibətdə dəbbə pulu yüksək hesablanmışdır. Bu səbəbdən də 129 manat penya deyil, əsas borcun 5 faizi həddində 32 manat penya məbləği cavabdehdən tutumalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə belə dövlət rüsumunun məbləği 30 manat təşkil etdiyindən, iddia cəriməyə münasibətdə məhkəmənin səlahiyyətinə uyğun azaldıldığından və iddiaçı ödədiyi dövlət rüsumunu cavabdehdən tələb etdiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 645 manat borc, 32 manat penya və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-267/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-267/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver