Məhkəmə qərarları › İş №e-2-2(117)-273/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-273/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-273/2025 27.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Dadaşov Bəşir Mustafa oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S92/22 saylı Təchizat Müqaviləsi əsasında 1967.70 manat əsas, 4135.9 manat dəbbə pulu və 81 manat ödənilən dövlət rüsumu olmaqla cəmi 6184.63 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X2 Company” MMC ilə cavabdeh arasında S92/22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X2 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalarıəsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla 1967.70 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni "xxxx" MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 6-cı maddəsinin tələbinə görə “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəma qaydasında həll olunur. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Alıcı “Təchizat” müqaviləsi üzrə ödəniş öhdəliklərini yerinə yetirməyərək həm müqavilənin, həmdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan normalarını pozmuşdur. Müqavilənin tərəflərin məsuliyyətini nəzərdə tutan 5-ci maddəsinin 1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. 4.2.-ci bəndə əsasən hesabatların vaxtında təqdim edilmədiyi halda “Alıcı” razılaşır ki, “Satıcı” təhvil verilmiş bütün “Mal”lara görə peniya hesablayır. Hesabatlar 4.2-ci bənddə göstərilən müddətdə təqdim edilmədikdə, “Alıcı” Razılaşır ki, “Satıcı” bütün çatdırılmış “Mal”ın dəyərinə görə cərimələri hesablayır və onu satılmış hesab edir. Cərimənin ödənilməsi“Alıcı”nı bu “Müqavilə” üzrə öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Həm mövcud qanunvericiliyin, həm də tərəflərin razılaşdıqları şərtləri özündə əks etdirən müqavilənin digər maddələri nəzərə alınmaqla elektron qaiməyə əsasən 1967.70 manat cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. Tərəflər arasında bağlanan təchizat müqaviləsinin 6.1-ci maddəsinə əsasən hazırkı “Müqavilə”nin icrasından yaranan “Tərəflər” arasında bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məhkəmə qaydasında həll olunur. Aramızda bağlanılan Təchizat Müqaviləsinin 5.1-ci bəndinə əsasən “Alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Satıcı”ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbinin müdafiə edir. Cavabdehə müxtəlif mallar verilib. Lakin bir qisminin ödənişi olunmayıb. Hazırki iddiada həmin qalıq borcu tələb edirlər.

4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, təchizatçı İddiaçı MMC ilə cavabdeh alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli S92/22 nömrəli “Təchizat Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən təchizatçı alıcının sifariş verdiyi malları sipirtli məhsulları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.1ci bəndinə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3 % dəbbə pulu (cərimə) ödəyir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1661 nömrəli, xx.xx.2023-cü il tarixli 1413 nömrəli, xx.xx.2023-cü il tarixli 786 nömrəli, xx.xx.2023-cü il tarixli 741 nömrəli, xx.xx.2022-ci il tarixli 100 nömrəli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh iddiaçı tərəfindən 18 % ƏDV daxil olmaqla cəmi 3595,62 manat dəyərində mal təhvil verilmişdir. Həmin akt iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.

8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 899 nömrəli üzləşmə aktında cavabdehin iddiaçıya 3595,62 manat məbləğində borcunun olduğu və həmin borcdan qismən ödəniş edildiyi və 3429,46 manat borcun qaldığı öz əksini tapmışdır. Həmin akt iddiaçı tərəfindən imzalanmış, cavabdeh tərəfindən isə həmin aktda “Cavabdeh ödənişimi təmsilçi Şaiq Məmmədov 1828,60 manat mal götürüb, ancaq borcumdan çıxılmayıb xx.xx.2024-cü il şirkətin təhlükəsizlik xidmətinin işçiləri yerdə qalan malları sayıb götürdülər sənəd üzrə xahiş edirəm borcumu dəqiqləşdirəsiniz” qeyd olunmaqla imzalanmışdır.

9. İş materiallarında cavabdeh tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli “satış üçün təqdim olunan malların geri qaytarılması haqqında” aktda cavabdeh tərəfindən iddiaçı şirkətə 1461,92 manat dəyərində mal qaytarıldığı öz əksini tapmış, həmin akt iddiaçı şirkətin nümayəndəsi və cavabdeh tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 393 nömrəli, xx.xx.2024-cü il tarixli 394 nömrəli, xx.xx.2024-cü il tarixli 395 nömrəli, xx.xx.2024-cü il tarixli 396 nömrəli malların təhvil qəbul aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçı şirkətə ümumilikdə 1461,92 manat dəyərində mal geri qaytarılmışdır.

11. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilən 300993 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə 116,16 manat, 381511 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədə 304,68 manat, 975315 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədə 406,02 manat, 144176 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədə 2641,26 manat, 144219 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədə 127,50 manat dəyərində verilmiş məhsullara görə cavabdehin iddiaçıya olan borcu öz əksini tapmışdır.

12. İş materiallarında olan 430131 nömrəli xx.xx.2023-cü il tarixli kassa mədaxil orderində 50 manat, 347186 nömrəli xx.xx.2023-cü il tarixli kassa mədaxil orderində 116,16 manat məbləğində cavabdeh tərəfindən iddiaçıya ödəniş edildiyi öz əksini tapmışdır.

13. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş 05/25 nömrəli xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehn İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli S92/22 nömrəli “Təchizat Müqaviləsi”-nə əsasən 166,16 manat borcu ödəmiş, 1461,76 manat dəyərində mal şirkətə qaytarılmış, yerdə ödənilməmiş 1967,70 manat əsas borcu və müqavilədə irəli gələn 4135,9 manat cərimə borcu qalmışdır.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

VI. Məhkəmənin mövqeyi:

15. Məhkəmə qeyd edir ki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış təchizat müqaviləsindən irəli gəlir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə təchizat müqaviləsi adlanmasına baxmayaraq, müqavilənin məzmunundan və tərəflər arasında olan hüquq münasibətinin xarakteristikasından görünür ki, tərəflər arasında məhz alqı-satqı münasibətləri olmuşdur. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə baxan mahiyyəti üzrə baxan zaman alqı-satqı hüquq münasibətlərinin müvafiq normalarını tətbiq etməlidir.

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni 3995,62 manat dəyərində malı cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan təhvil-təslim aktında öz təsdiqini tapmışdır. Cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş və bir qism malları geri qaytarmış, borcun 1967,70 manat hissəsi isə ödənilməmiş qalmışdır. Bu hal isə iş materiallarında olan üzləşmə aktı, digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz növbəsində bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.

18. Cavabdeh tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim edilən akta münasibətdə məhkəmə qeyd edir ki, aktda Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə müəyyən malların Yusif Quliyevə təhvil verilməsi qeyd olunsa da, həmin məhsulların dəyəri, miqdarı göstərilməmiş, həmçinin həmin akt iddiaçı şirkətə məxsus möhürlə təsdiqlənməmiş. Nəticə etibarilə qeyd olunan aktın həqiqətən də Y.Quliyev tərəfindən imzalandığını müəyyən etmək mümkün olmamışdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

20. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2022-ci il tarixli S92/22 nömrəli “Təchizat Müqaviləsi”-nə əsasən 1967,70 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Məhkəmə təchizat müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən alıcı tərəfindən bu müqavilənin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda alıcı təchizatçıya hər gecikən gün üçün 0,3 % dəbbə pulu (cərimə) ödəyir.

22. Məhkəmə hesab edir ki, iddia 4135,9 manat dəbbə pulunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.

23. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli S92/22 nömrəli “Təchizat Müqaviləsi”nə əsasən 98,30 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

24. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 40,66 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

25. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməldir.

Vİl. Nəticə:

26. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarilxli S92/22 saylı müqavilə üzrə 1967,70 manat məbləğində əsas bоrc və 98,30 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2066 manat məbləğində pul və ödənilmiş 40,66 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar