Məhkəmə qərarları › İş №e-2-2(117)-274/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-274/2024

15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-274/2024 15.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “3000 manat borc və 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07/02692 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd SR-2065 markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə 2 ay müddətinə texnikadan istifadəyə görə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmeti xx.xx.2023-cü il tarixli aktla saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, 6500 manat məbləğində olan öhdəliyindən 3500 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal iddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyət ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6500 manat öhdəlikdən 3500 manat ödəniş edilmişdir. Cavabdehin Cəmiyyətə hazırda 3000 manat borcu vardır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada məhkəmə bildirişi və sənədləri “köçüb” qeydi ilə məhkəmə qaytarılmışdır. Məhkəmə sənədləri cavabbdehə təqdim olunması üçün xx.xx.2024-cü il tarixdə Ağsu rayonu Padarqışlar kənd İnzibati Əriazi dairəsinə təqdim olunmasına və xx.xx.2024-cü il tarixdə cavabdehin vergi orqanında olan elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Lizinq müqaviləsi, Maliyyə arayışı, Akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 07/02692 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə verilməsi barədə müqaviləyə əsasən 1 ədəd SR-2065 markalı taxılyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərtilə cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə 2 ay müddətinə texnikadan istifadəyə görə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. Lizinq predmeti xx.xx.2023-cü il tarixli aktla saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, 6500 manat məbləğində olan öhdəliyindən 3500 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal iddiaçının iş materiallarına əlavə etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışı ilə təsdiq olunduğundan məhkəmə hesab edir ki, 3000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 50 manat təşkil edir. İddia tələbi təmin edildiyindən cavabdehdən iddianın qiymətinə uyğun olaraq 50 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. Eyni zamanda iddiaçı tərəfindən 70 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 70 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat borc və 70 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar