Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-281/2025 22.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdeh qarşı “Changan Qiyuan АО6 (Plug-in Hibrid) minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus texniki pasport və həmin avtomobilə məxsus açar cavabdehdən alınaraq İddiaçı MMM qaytarılması və Cavabdeh 1285.62 əsas borc, 1169.56 faiz borcu, 415.48 manat cərimə borcu və 48,71 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2919,37 manat pulun İddiaçı MMM-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMM ilə Cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixdə 516 saylı “Daxili lizinq müqavilə”sinə əsasən “Lizinq alan” -nın sifarişi ilə «Changan Qiyuan АО6 (Plug-in Hibrid) minik» markalı avtomobil 31500 manat məbləğinə İddiaçı MMM -nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 3) əsasən Cavabdeh illik 22 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 1 203 manat, ümumilikdə isə 43 308 manat məbləğində pulu İddiaçı MMM -nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə 900 manat məbləğində olmuşdur. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməledilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 4.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş İzinq ödənişlərini ödəməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə N°3) müəyyən edilir. Müqavilənin 4.3-cü bəndinə əsasən, lizinq ödənişlərinə (Lizinq Obyektinin dəyəri, Lizinq verənin mükafatı, tərəflər arasında razılaşdırılmış əlavə məsrəflər və s.) daxildir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 13.9-cu bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik. 0.3 % hesanlanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 15.1.4.-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Daxili lizinq müqaviləsinin 16.1 -ci bəndinə əsasən, lizinq alan bu müqavilənin 4.1, 5.1, 5.2, 5.4, 5.6, 7.2, 8.1, 9.2, 10.4, 17.1 -ci bəndlərini və ya tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublikasının qanunvericiliyini və ya bu müqavilənin digər bəndlərini pozduqda, lizinq verənin tələbi ilə lizinq obyektini lizinq verənin sahibliyinə mübahisəsiz qaydada qaytarmalıdır. Lizinq müqaviləsinin 16.2-ci bəndinə əsasən, lizinq alan lizinq obyektinin qaytarılması barədə lizinq verənin tələbini aldıqda, lizinq verənin seçiminə görə lizinq obyektini onun faktiki yerləşdiyi yerdə lizinq verənin nümayəndəsinə vermək yolu ilə qaytarmalı və ya tələbialdıqdan sonra 3 (üç) təqvim günü ərzində lizinq verənin tələbində göstərdiyi ünvana çatdırmalıdır. Lizinq alan lizinq ödənişi ilə bağlı ikiaydır yuxarıda qeyd edilmiş cədvələ uyğun olaraq lizinq ödənişlərinietməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-cimaddəsinə əsasən, lizinq verən müəyyən əşyanımüqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Cavabdehə ödənişin edilməsi ilə bağlı bildiriş və pretenziya məktubları göndərilmişdir. Lizinq ödənişləri ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı nəzərlərinə çatdırılmışdır. Lizinq ödənişləri bu vaxta qədər ödənilməmişdir. Cavabdehin hazırda lizinq müqaviləsinə əsasən 1285.62 manat əsas borc, 1169.56 faiz borcu, 415.48 manat cərimə borcu vardır.
3. İddiaçı MMM xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiyaları Sistemi vasitəsi ilə məhkəməyə iddia həcmnin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək bildirilmişdir ki, Şəki Kommersiya Məhkəməsində Cavabdeh barəsində pulun tutulması və “Changan Qiyuan АО6 (Plugin Hibrid)” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə aid texniki pasport və açarın qaytarılması tələbi üzrə iddiaya baxılır. Lakin, hal-hazırda qeyd olunan avtomobilə aid texniki pasport və açarların yenisini əldə etdikləri üçün iddianın bu hissədən imtina edirlər və iddia tələbinin həcmini azaldaraq, texniki pasportun və açarların qaytarılması tələbinin iddia ərizəsindən çıxarılmasını xahiş edirlər.
II. Tərəflərin mövqeləri:
4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, avtomobili alanda 10400 manat ilkin ödəniş edib. Sonra işləri zəiflədiyi üçün 9 gün ödəniş edə bilmədi. Şəhərin mərkəzində 2 mülki geyimli şəxs onu saxlayıb, onu avtomobildən zorla düşürüb, ona fiziki güc tətbiq edərək maşını əlindən alıblar. Sonra Polis orqanına müraciət edib. İddiaçı tərəfdən nümayəndələri gəldilər və bildirdilər ki, onlar dediyi qədər ödəniş etsə maşını ona verəcəklər. Ona şəxsi kart verirlər ki, ödənişi ora etsin. O da bucür ödəniş razı deyildir. Bank hesabları versələr ödəniş edə bilər, ödənişin kimin hesabına ödənilməsi barədə məlumatı yoxdur.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, lizinq verən İddiaçı MMM ilə cavabdeh lizinq alan Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmentinə əsasən lizinq verən İddiaçı MMM dəyəri 31500 manat təşkil edən minik avtomobilini 36 ay müddətində lizinq alan Cavabdeh istifadəsinə və sahibliyinə verməyi, Cavabdeh öz növbəsində həmin avtomobildən istifadə etməklə bu müqaviləyə əlavədə göstərilən müddətdə qrafik üzrə dəyərini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13.9-cu bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 % hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfindən imza və möhürləri ilə təsdiq edilməklə bağlanmış və etibarsız olmamışdır.
9. Şirvan Lizinq” MMM tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsinə əlavə olaraq bağlanmış 3 nömrəli əlavəyə əsasən müqaviləyə uyğun olaraq lizinq predmentinin 36 ay müddətində lizinqə verilməsi öz əksini tapmış, aylıq lizinq ödənişi isə hər ay 1203 manat müəyyən edilmişdir. Həmin əlavə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
10. İddiaçı MMM tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsinə əlavə olaraq bağlanmış 1 nömrəli Əlavədə müqaviləyə uyğun olaraq lizinq predmenti olan “Changan Qiyuan A06 (pug-in Hibrid) minik markalı avtomobilin adı, qiyməti və texniki göstəriciləri əks olunmuşdur. Həmin əlavədə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır.
11. Nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, lizinq predmenti olan ** YE *** “Changan Qiyuan A06 (pug-in Hibrid) minik markalı avtomobil İddiaçı MMM-nin xüsusi mülkiyyətindədir.
12. İddiaçı MMM-nin təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsi əsasında iddiaçı tərəfə müvafiq xx.xx.2024-cü il tarixdə qrafik üzrə 1204 manat məbləğində ödəniş edilmiş və yerdə qalan aylar üzrə ödəniş edilməmiş və nəticədə cavabdehin iddiaçıya 1285,62 manat əsas, 1169,56 manat faiz, 415,48 manat cərimə borcu yaranmışdır.
13. İddiaçı MMM tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1- ci maddəsinə əsasən Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.3-cü maddəsinə əsasən Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
Vl. Məhkəmənin mövqeyi:
15. Məhkəmə qeyd edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir.
16. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinq verən İddiaçı MMM ilə cavabdeh lizinq alan Cavabdeh arasında xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti olan ** YE *** “Changan Qiyuan A06 (pug-in Hibrid) minik markalı avtomobil cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya gecikdirilmiş əsas, faiz və cərimə borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia əsas və faiz borcun tələb edilməsi hissəsində əsaslıdır və cavabdehdən xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsi üzrə 1285.62 manat əsas və 1169.56 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 13.9-cu bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 % hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.
18. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir.
19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli 516 nömrəli daxili lizinq müqaviləsi üzrə 64,28 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.
20. Bundan başqa, məhkəmə qeyd edir ki, iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 48,71 manat dövlət rüsumunun iddianın təmin edilən hissəsinə münasibətdə 45,19 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
21. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.
Vİl. Nəticə:
22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 516 nömrəli müqavilə əsasında 1285.62 manat əsas borc, 1169.56 faiz borcu, 64,28 manat cərimə borcu olmaqla cəmi 2519,46 manat məbləğində pul və ödənilmiş 45,19 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMM-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi İddiaçı MMM-nə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova