Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-283/2024 16.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi , İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 130700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair ilk iddiasına, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 55-003051/22 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri Hissə: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 130700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 55- 003051/22 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qarşılıqlı razılaşma əsasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə 130700 manat məbləğində müxtəlif çeşidli mallar satılmışdır. Cavabdeh həmin malları qəbul etmiş, lakin öhdəliklərini lazımi şəkildə yerinə yetirməyərək malların 130700 manat hissəsini ödəməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 55-003051/22 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı, qiyməti əvvəlcədən razılaşdırılmış müxtəlif çeşiddə, adda, miqdarda malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı məhsulu satıcının müvafiq POS terminalından çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə qarşılıqlı qaydada imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 12 ay müddətində qüvvədə qalır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ədəd satış fakturası təqdim olunmuş, həmin sənədlər kserosurət olmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən satılmış heç bir məhsulu o qəbul etməmişdir. Məhsullar qəbul olunarkən çəkilən heç bir imza ona məxsus deyildir. İmzalar şirkətdə mühasib işləyən X2 tərəfindən çəkilmişdir. Müqavilə və təhvil-təslim aktları barədə heç bir məlumatı yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Bundan sonra məhkəmə tərəfindən xəttşünaslıq ekspertizası təyin olunmuş və imza nümunələri ekspertə təqdim olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 4/503 nömrəli ekspert rəyində müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 55-003051/22 saylı alqı-satqı müqaviləsinin 1-3-cü vərəqləri arasındakı imzalar, 4-cü vərəqində “Alıcı bölməsində “CavabdehZ” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Əlavə olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu ilə müqavilənin və müqavilə üzrə bütün satış-fakturalarının əsillərinin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. Lakin İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsi ilə bildirilmişdir ki, arxiv sənədləri 1 il müddətinə saxlanılır. Bu səbəbdən də fakturaların əsilləri məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin cavabdeh tərəfindən imzalanmaması həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Çünki tərəflər arasında müqavilə bağlandıqdan sonrakı dövr ərzində bütün əməliyyatlar rəsmi aparılmış, cavabdehə elektron qaimələr göndərilmiş, o həmin qaimələri qəbul etməklə təsdiqləmişdir. Cavabdeh bütün prosesləri ona məxsus asan imza ilə etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsindən və digər sənədlərdən məlumatı olmamış, sürücü işlədiyi şirkətin mühasibi X2 onun adına VÖEN açmış və sənədlərə onun adında imza çəkmiş, sonradan isə Asan imza almış, sonradan həmin imzanı bağlatmış. İddiaçının şirkətin borcunun olduğunu bildirkdən sonra Pərviz xaricə qaçmışdır. Bütün sənədlər onun adından imzalandığından, borcda onun adına görünür. Köməklik göstərilməsini məhkəmədən xahiş edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: məhkəmə aktları, çıxarış, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 55-003051/22 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı, qiyməti əvvəlcədən razılaşdırılmış müxtəlif çeşiddə, adda, miqdarda malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı məhsulu satıcının müvafiq POS terminalından çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaiməfaktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə qarşılıqlı qaydada imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 12 ay müddətində qüvvədə qalır. İddiaçı tərəfindən iş materialları kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ədəd satış fakturası təqdim olunmuşdur. Məhkəmə satış-fakturalarına münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ədəd satış fakturası təqdim olsunsa da, həmin fakturalarda olan məbləğlər aydın şəkildə göstərilməmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu ilə müqavilənin və müqavilə üzrə bütün satış-fakturalarının əsillərinin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. Lakin İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsi ilə bildirilmişdir ki, arxiv sənədləri 1 il müddətinə saxlanılır. Bu səbəbdən də fakturaların əsilləri məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq satış fakturalarındakı imza Cavabdeh yox, adı və soy adı qeyd edildiyi üçün Qədimov Pərvizə məxsus olduğu grünür. Həmin fakturalarda müəyyən alqı-satqı münasibətlərinin olduğu görünsə də, Cavabdeh proseslərin heç birində iştirak etməmiş və heç bir sənədə şəxsən imza çəkməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi məhkməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən satılmış heç bir məhsulu o qəbul etməmişdir. Məhsullar qəbul olunarkən çəkilən heç bir imza ona məxsus deyildir. İmzalar şirkətdə mühasib işləyən X2 tərəfindən çəkilmişdir. Müqavilə və təhvil-təslim aktları barədə heç bir məlumatı yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim olunmuş ekspert xx.xx.2024-cü il tarixli rəyində müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli 55- 003051/22 saylı alqı-satqı müqaviləsindəki imzalar Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Ekspert rəyindən də göründüyü kimi müqavilədəki imzalar Cavabdeh məxsus deyildir. Buda onu göstərir ki, müqavilə imzalanarkən hər iki tərəfin qarşılıqlı razılığı olmamış, müqaviləyə cavabdehin əvəzindən başqa şəxs imza çəkmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mübahisə predmeti olan müqavilə cavabdeh tərəfindən imzalanmaması nəticsində onun müqavildəki iradə ifadəsini aradan qaldırmış olur. Belə ki, qanunvericiliyin tələbinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. İddiaçı tərəf cavabdehin hazırkı müqavilənin icrası ilə bağlı asan imza vasitəsilə təsdiq edilməklə qarşı tərəfə elektron qaimə göndərilməsi ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilən hal odur ki, pul tələbinin əsası olan müqavilənin cavabdeh tərəfindən imzalanmadığı və bunun nəticəsində də həmin müqavilə üzrə öhdəlikləri götürmə ilə bağlı iradə ifadəsinin olmadığı müəyyən edilir. Elektron-qaimə fakturaların həmin müqavilə üzrə qarşı tərəfə təqdim edilməsi tərəflər arasında etibarlı münasibətin mövcudluğunu təsdiq edə bilməz. Çünki cavabdehin adına formal sənədləşmənin aparılması, hətta onun adına olan asan imzadan istifadə halının başqa şəxs tərəfindən istifadəsi mümkündür və ağlabatandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına əsasən mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin Qərardad qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qqeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Yuxarıdakıları ümumiləşdirərək məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi əsassız olduğundan rədd edilməli, Cavabdeh müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, əsas iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən, tələb edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilməsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 130700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 55-003051/22 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov