Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-284/2020 02.09.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “62578 manat əsas borc, 9436,41 manat cərimə borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018ci il tarixli 1241-GL/15 nömrəli və xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli lizinq müqavilələrinə əsasən cavabdeh kənd təsərrüfatı texnikalarını lizinqə götürmüş, müqavilələrə uyğun cavabdeh tərəfindən ilkin ödəniş edilmiş, qalan məbləği isə müqavilələrə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onun 62578,01 manat əsas borcu qalmışdır ki, cavabdehə həmin məbləğə 9436,41 manat cərimə hesablamışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “X1” MMCarasında bağlanmış xx.xx.2018-ci il tarixli 1241-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən 17346 manat məbləğində və xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli lizinq müqaviləsinə əsasən 606351 manat məbləğində kənd təsərrüfatı texnikaları üçün cəmiyyətin hesabına ilkin ödəniş etmiş, qalan məbləğə ödəniş qrafiki tərtib olunmuşdur. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış lizinq müqavilələri, ödəniş qrafikləri, maliyyə arayışı və digər sənədlər toplusu daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı lizinq müqaviləsi üzrə razılaşdırılmış qaydada avadanlıqları cavabdehə lizinqə vermiş, lizinq alan ilkin ödəniş etdikdən sonra qalan məbləği ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh xx.xx.2018-ci il tarixli 1241-GL/15 nömrəli və xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımıca yerinə yetirməmiş və iddiaçıya hazıradək 62578,01 manat məbləğində borcu yaranmışdır. Bundan başqa, məhkəmə 9436,41 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh lizinq predmetindən istifadə haqqını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinin 2.2.18-ci bəndinə əsasən, lizinq alan müqavilə şərtlərinə əməl etmədikdə, o cümlədən qrafik üzrə ödənişi iki dəfədən artıq aparmadıqda lizinq verən müqavilənin 5.2-ci bəndində göstərilən hərəkətləri edir. Müqavilənin 5.2-5.5-ci bəndləri isə müqavilə şərtlərinin pozulması nəticəsində yazılı xəbərdarlıq edilməsini, lizinq obyektinin geri qaytarılmasını, ödənilmiş pulun saxlanılmasını, dəymiş zərərin tələb edilməsini, cərimənin ödənilməsini və məhkəməyə müraciət olunmasına dair müddəaları özündə əks etdirir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilə şərtləri iddiaçı tərəfindən yerinə yetirilməyərək qrafik üzrə ödənişin iki dəfədən artıq aparılmamasından sonra üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbədə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 9436,41 manat deyil, 500 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə onu da qeyd edir ki, cavabdehin vəkili xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı tərəfindən kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli 1241-GL/15 nömrəli müqavilənin 1.4-cü bəndində qeyd edilən kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədilə yaradılmış Xüsusi Komissiyanın protokolunun məhkəməyə təqdim olunmadığını bildirmişdir. Buna münasibətdə məhkəmə qeyd edir ki, adı qeyd olunan xx.xx.2018-ci il tarixli 1241-GL/15 nömrəli müqavilə, güzəşt müqaviləsidir. Müqavilənin 1.1-ci bəndində qeyd olunduğu kimi lizinqə verilmiş əmlakın dəyərindən cavabdehə 40 faiz güzəşt edilməsini, güzşət tətbiq olunduqdan sonra əmlakın lizinq şərtlərini, ödəmə qaydasını və digər müqavilə şərtləri özündə əks etdirir. Cavabdehin vəkilinin istinad etdiyi müqavilənin 1.4-cü bəndində qeyd edilmiş Xüsusi Komissiyanın protokolu isə cavabdehə güzəştin tətbiq edilməsi mümkünlüyünü özündə əks etdirən kənd təsərrüfatı texnikasına güzəşt tətbiq edilməsi məqsədi ilə yaradılmış Xüsusi Komisiyanın rəyidir ki, həmin protokolun mübahisənin həllinə hər hansı təsiri yoxdur. Belə ki, həmin müqavilə ilə cavabdehə lizinqə verilmiş əmlakın dəyərinə 40 faiz güzəşt tətbiq edilmiş və hazırkı mübahisə güzəşt tətbiq edildikdən sonra tərəflər arasında bağlanmış lizinq müqaviləsinin tələblərinə, götürülmüş öhdəliklərə cavabdeh tərəfindən əməl edilməməsi ilə bağlıdır. Hazırda lizinqə götürülmüş əmlakın dəyərinə tətbiq edilmiş 40 faiz güzəştin düzgün tətbiq edilməməsi ilə bağlı mübahisə mövcud olmadığından məhkəmə hesab edir ki, cavabdeh tərəfin istinad etdiyi sənədlərin hazırkı mübahisənin həllinə təsiri yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 26,11 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 3,89 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 62578 manat əsas borc, 500 manat cərimə borcu və 26,28 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 3,72 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-284/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-284/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver