Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-286/2025 10.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı MMC-nin nümayndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “40941.25 manat ödənilməmiş borcun, öhdəliyin icrasının gecikdirilməsinə görə ödənilməli olan 4094.10 manat cərimə borcu olmaqla, ümumilikdə 45035.35 manat pul vəsaitinin və ödənilmiş 226 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC Cavabdeh qarşı “40941.25 manat ödənilməmiş borcun, öhdəliyin icrasının gecikdirilməsinə görə ödənilməli olan 4094.10 manat cərimə borcu olmaqla, ümumilikdə 45035.35 manat pul vəsaitinin və ödənilmiş 226 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1998-ci ildən etibarən qida və qeyri-qida istehlak məhsullarının istehsalı və satışını həyata keçirən müəssisə kimi bazarda üstün mövqe tutmuşdur. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri icra olunmadığından iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Tərəflər arasında bağlanmış 17 dekabr 2023-cü il tarixli, 670 nömrəli alqı-satqı (göndərmə) müqaviləsinə əsasən satıcı qida və qeyri-qida istehlak mallarını alıcıya göndərməyi, alıcı isə həmin malı qəbul edib bu müqaviləyə edilmiş yazılı əlavələrlə müəyyən edilmiş qiymətlərlə və qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı ona çatdırılmış malların qiymətini bu müqaviləyə 1 saylı əlavədə, yaxud tərəflərin yazılı razılaşmasında və ya satıcının müvafiq invoysunda (hesab fakturasında) müəyyən edilmiş qaydada ödəyir. Müqavilənin 5.2-ci bəndinə əsasən alıcının ödənişi etmək vəzifəsi pulun satıcının bank hesabına və ya xəzinəsinə daxil olduğu andan icra edilmiş sayılır. Müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlər satıcının təqdim etdiyi elektron qaiməyə əsasən həyata keçirilir. Ödəniş malın göndərilməsi tarixindən etibarən 21 təqvim günü ərzində köçürmə yolu ilə icra edilməlidir. Müqavilənin 5.5-ci maddəsinə əsasən tərəflər ayda 1 dəfədən az olmayaraq qarşılıqlı öhdəliklərinin üzləşdirilməsini həyata keçirməklə müvafiq üzləşdirmə aktını imzalayırlar. Müqavilənin 12.2-ci bəndinə əsasən mallara görə ödənişin gecikdirilməsi halında alıcı ödənişin hər gecikdirilmiş gününə görə satıcıya ödənişi gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə ödəyir. Lakin istənilən halda bu bənd üzrə müəyyən edilmiş cərimələrin ümumi məbləği ödənişi gecikdirilmiş məbləğin 10 faizindən çox ola bilməz. İddia ərizəsinə əlavə olunmuş 13 mart 2024-cü il tarixli, 242552 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya əsasən iddiaçı tərəfindən cavabdehə göndərilən və əvəzi ödənilməmiş malların ümumi məbləği 40941,25 manatdır. Tərəflər arasında bağlanılmış 08 mart 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən həmin borc təsdiqlənir. Eyni zamanda cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi müqavilənin 12.2-ci bəndinin, habelə AR Mülki Prosesual Məcəlləsinin 462.1-ci maddəsinin tələblərinə əsasən cavabdehdən iddiaçının lehinə cərimə məbləğlərinin tutulmalı olmasını şərtləndirir ki, həmin cərimə məbləğinin miqdarı müqavilə qiymətinin 10%-nə uyğun olaraq 4049,1 təşkil edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 386.1-ci, 425.1-ci, 442-ci, 443.1-ci, 462.1-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-286/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehin iclasların təxirə salınmasına çalışmasının tək səbəbi vaxt qazanmaq istəməsidir. Tərəflər arasında bağlanılmış qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin iddiaçıya 40 941,25 manat borcu vardır. Cavabdeh müqavilənin 12.2-ci bəndinə və Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən 10% olmaqla cərimə borcu da ödəməlidir. Qanunvericiliyin tələbinə uyğun olaraq, pretenziya və iddia ərizəsinin surəti cavabdehə göndərilmişdir. Lakin cavabdeh hər hansı bir münasibət göstərməmiş və öhdəliklərindən boyun qaçırmışdır. Məhkəməyə iş üzrə kifayət qədər sübut təqdim etdiklərini düşünərək işin yekunlaşdırılmasını və iddia tələbinin təmin edilməsini xahiş edir.
6. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəməyə e-mail vasitəsilə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı - İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
V. Sübutların tədqiqi:
10. İşdə olan İddiaçı MMC (satıcı) və Cavabdeh (alıcı) arasında bağlanmış 17 dekabr 2023-cü il tarixli 670 nömrəli alqı-satqı (göndərmə) müqaviləsinin 1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı qida və qeyri-qida istehlak mallarını alıcıya göndərməyi, alıcı isə həmin malı (malları) qəbul edib bu müqaviləyə edilmiş yazılı əlavələrdə müəyyən edilmiş qiymətlərlə və qaydada satıcıya ödəməyi öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən, alıcı ona çatdırılmış malların qiymətini bu müqaviləyə 1 saylı əlavədə, yaxud tərəflərin yazılı razılaşmasında və ya satıcının müvafiq invoysunda (hesab fakturasında) müəyyən edilmiş qaydada ödəyir. 5.2-ci bəndinə əsasən, alıcının ödənişi etmək vəzifəsi pulun satıcının bank hesabına və ya xəzinəsinə daxil olduğu andan icra edilmiş sayılır. 5.3-cü bəndinə əsasən, ödənişlər satıcının təqdim etdiyi elektron qaiməyə əsasən həyata keçirilir. Ödəniş malın göndərilməsi tarixindən etibarən 21 təqvim günü ərzində köçürmə yolu ilə icra edilməlidir. 5.5-ci bəndinə əsasən, tərəflər ayda 1 dəfədən az olmayaraq qarşılıqlı öhdəliklərinin üzləşdirilməsini həyata keçirməklə müvafiq üzləşdirmə aktını imzalayırlar. 12.2-ci bəndinə əsasən, mallara görə ödənişin gecikdirilməsi halında alıcı ödənişin hər gecikdirilmiş gününə görə satıcıya ödənişi gecikdirilmiş məbləğin 0.1 faiz miqdarında cərimə ödəyir. Lakin, istənilən halda bu bənd üzrə müəyyən edilmiş cərimənin cəmi miqdarı ödənişi gecikdirilmiş məbləğin 10 faizindən çox ola bilməz.
11. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş üzləşmə aktından göründüyü kimi cavabdehin iddiaçıya 40 940,22 manat borcunun mövcud olduğu müəyyən edilmiş və həmin aktın doğruluğu hər iki tərəfin imzaları ilə təsdiqlənmişdir.
12. xx.xx.2024-cü il tarixli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 40 941,25 manat məbləğində məhsul verilməsi ilə bağlı elektron qaydada qaimə göndərilmişdir.
13. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2025-ci il tarixli 3-16-16/2-4/767/2025 nömrəli, 29 sentyabr 2025-ci il tarixli 3-16-16/2-4/1321/2025 nömrəli və 11 fevral 2026-cı il tarixli 3-16-16-4/2-1709/2025 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatlardan göründüyü kimi cavabdeh tərəfindən əlavə sərbəst imza nümunələrinin təqdim olunması barədə vəsatət təmin edilmədiyindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
Vİ. Məhkəmənin mövqeyi:
14. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
15. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
16. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
17. Məhkəmə işin araşdırılması zamanı tərəflər arasında alqı-satqı müqaviləsindən yaranmış mübahisənin mövcud olmasını müəyyən etmiş və mübahisəni hazırkı qətnamə ilə həll etmişdir.
18. İşin müəyyən olunmuş halları və iş materialları, habelə iddiaçı tərəfin nümayəndəsinin izahatı ilə iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malların verilməsi, bu barədə cavabdehə elektron qaydada elektron qaimə-fakturanın göndərilməsi və tərəflər arasında borcun mövcudluğu barədə üzləşmə aktının imzalanması müəyyən edilir. Cavabdeh tərəf isə öz növbəsində həmin müqavilənin və üzləşmə aktının onun tərəfindən imzalanmadığını bildirərək işi mübahisələndirmişdir. Məhkəmə tərəfindən qeyd edilən halın aydınlaşdırılması üçün xx.xx.2025-ci il tarixli e-2-2(117)-286/2025 nömrəli qərardad ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın həyata keçirilməsi üçün cavabdehin əlavə sərbəst imza nümunələrinin təqdim olunması barədə vəsatət verilmiş, məhkəmə vəsatətin icrası ilə bağlı cavabdehə sonuncu dəfə 20 may 2025-ci il tarixdə məktub ünvanlanmış, lakin cavabdeh tərəfindən tələb edilən materiallar təqdim edilmədiyindən, ekspertizanın həyata keçirilməsi mümkün olmamış və bu səbəbdən ekspert rəyinin verilməsindən imtina edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilənin və üzləşmə aktının onun tərəfindən imzalanmadığı bildirilsə də, məhkəməxətşünaslıq ekspertizasının aparılması üçün lazımi olan hərəkətlər icra edilməmişdir.
19. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından, habelə iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, iddiaçı və cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mallar verilmiş, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış üzləşmə aktında cavabdeh iddiaçıya 40 940,22 manat məbləğində borcunun olduğunu qəbul etmiş, xx.xx.2024-cü il tarixdə cavabdehə elektron qaydada 40 941,25 manat məbləğində borcunun olması barədə elektron qaimə-faktura göndərilmişdir. Elektron qaimə-fakturalar sadəcə öz-özlüyündə malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini və cavabdehin borcunun qalmasını sübut etməsə də, müqavilənin şərtləri və üzləşmə aktı ilə qarşılıqlı təhlil edildikdə cavabdehin iddiaçıya 40 941,25 manat dəyərində borcunun qaldığı təsdiq olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
21. Göründüyü kimi, cavabdeh aldığı malların dəyərini tam şəkildə ödəmədiyindən onun hazırkı tarixə ödənilməmiş 40 941,25 manat borcunun qaldığı öz təsdiqini tapır.
22. Bundan əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi ilə cavabdehdən 4094.10 manat məbləğində dəbbə pulunun tutulmasını tələb edir ki, iddia bu hissədə qismən təmin edilməli və cavabdehdən tələb edilən əsas borcun 5%-i həcmində, yəni 2047.1 manat məbləğində dəbbə pulunun tutulması ədalətli və ağlabatandır.
23. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)...
24. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
25. Hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə iddia tələbinin əksini təsdiq edən hər hansısa sübut təqdim etməmiş və ona ünvanlanmış məktuba münasibət bildirməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
26. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehdən 40 941,25 manat əsas borc və 2047.1 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
27. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (225.11 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən buna mütənasib olaraq 214.88 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Vİİİ Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 40941.25 manat borc, 2047.1 manat cərimə borcu olmaqla, cəmi 42 988.35 manat pul və və 214.88 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov