Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-287/2024 18.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “cavabdeh X1 8643,02 manat borcun, 900 manat ilik beş faizin, 500 manat vəkil pulu və 121 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM/2022/130 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, sonuncu isə öz növbəsində hazırki müqavilədə göstərilən şərtlər əsasında məhsulu qəbul edib, dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən malın təhvili və qəbulu tərəflərin nümayəndələrinin iştirakı ilə aparılır. 3.1-ci bəndinə əsasən məhsulun satış qiyməti satıcı tərəfindən təqdim olunmuş elektron qaimə ilə müəyyən edilir. 3.3-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim edilmiş məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərtilə nisyə satışı nəzərdə tutula bilər. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli, 652256 nömrəli elektron qaimə ilə dəyəri 4104 manat, xx.xx.2021-ci il tarixli, 027090 nömrəli elektron qaimə ilə dəyəri 4536 manat və xx.xx.2021-ci il tarixli, 652280 nömrəli elektron qaimə ilə ümumi dəyəri 4536 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək 8643,02 manat məbləği ödəməmişdir. xx.xx.2024-cü il tarixə olan maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə 2000 manat və xx.xx.2021-ci il tarixdə 2533 manat ödəniş edilmişdir. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və tərəflərin izmaları ilə təsdiq edilmiş birgə üzləşmə aktı ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında SM/2021/203 saylı, xx.xx.2021- ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi Alıcıya satmağı, Alıcı isə öz növbəsində sementi qəbul edib dəyərini Satıcıya ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3-cü bəndinə əsasən məhsulun satış qiyməti Satıcı tərəfindən təqdim olunmuş elektron qaimə müəyyən edir (3.1.). Alıcı hazırki Müqavilə üzrə Məhsulun dəyərinin ödənilməsini Satıcının bank hesabına köçürmə yolu ilə nəğdsiz qaydada həyata keçirir (3.2.). Satıcı tərəfindən Alıcıya təqdim olunan məhsulların 20 ( iyirmi) təqvim günü müddətindən gec olmamaq şərti ilə tərəflərin qarşılıqlı razılığına əsasən nisyə satışı nəzərdə tutula bilər (3.3.)... Hazırda iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirmir. Belə ki, xx.xx.2022-ci il tarixli X4 əsasən Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8.643,02 manat borcu olduğunu etiraf edərək təsdiq etmişdir. Həmin borcdan cavabdeh bu günə kimi heç bir ödəniş etməmiş və hər dəfə müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən boyun qaçırmışdır. Sonuncu dəfə cavabdehə xəbərdarlıq məktubu göndərilərkən onunla borcunun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə telefonla əlaqə saxlanılmış və o, bildirmişdir ki, növbəti həftə sonuna kimi (xx.xx.2024) ödəniş olunacaq, lakin bu günə kimi borclu tərəfindən iddiaçının hesabına hər hansı ödəniş həyata keçirilməyib. Göründüyü kimi, iddiaçının borcun qaytarılması ilə bağlı səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, hazırki tələb dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında sementin alğı-satqısına dair müqavilə imzalanmışdır. İddiaçı tərəf üzərinə düşən ohdəliyi yerinə yetirmişdir. Belə ki, sementi cavabdehə təhvil vermişdir. Cavabdeh isə pulun bir hissəsini ödəmiş geri qalanını isə ödəməmişdir. Tərəflər arasında üzləşmə aktı vardır. Borcunu etiraf edir. Hal-hazırda 8643,02 manat borcu qalmışdır. Müxtəlif bəhanələrlə ödəməkdən yayınır. Mülki Məcəllənin 445.7-ci maddənin tələblərinə əsasən də 900 manat ödəniş tələb edirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı tərəfdən 1 maşın 16 palet, 400 markalı, 1 maşın 16 palet, 300 markalı sement almışdır. 1 palet 40 kisədir. 1 kisə 40 kilodur. Əvvəl depozit olaraq 2 maşın ona sement verilmişdir. Sonra verilən sementin pulunu nəğd şəkildə almışlar. Araya pamdemiya düşmüş, sonra da özü xəstələndiyi üçün ödəniş edə bilməmişdir. Ümumilikdə 8643,02 manat borcu vardır. Borcunu qəbul edir. Aylara bölünərsə hissə-hissə ödəniş edə bilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alğı-satqı müqaviləsi, elektron qaimələr, üzləşmə aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə tələb olunan 8643,02 manat əsas borc məbləğinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin ediləmilidr. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi satıcı İddiaçı QSC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SM/2022/130 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı pərakəndə satış üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin istehsalı olan sementi alıcıya satmağı, sonuncu isə öz növbəsində hazırki müqavilədə göstərilən şərtlər əsasında məhsulu qəbul edib, dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək elektron qaimələrdə adı göstərilən 13176 manat dəyərində malları alıcıya təhvil vermiş, alıcı isə müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 8643,02 manat borcu qalmışdır. İddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə fakturalara münasibətdə isə məhkəmə onu qeyd edir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni qarşılıqlı üzləşmə aktı, maliyyə arayışı və cavabdehin izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğısatqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdehin qeyd edilən məbləğdə borcunun olması xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və tərəflərin izmaları ilə təsdiq edilmiş birgə üzləşmə aktı və cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə ilə öz təsdiqini tağdığından məhkəmə hesab edir ki, 8643,02 manat borc məbləği cavabdehdən tutulmalıdır. İddia tələbinin “illik 5 %-lə hesablanmış 900 manat faiz məbləğinin tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən satıcı tərəfindən alıcıya təqdim edilmiş məhsulların 20 təqvim günü müddətindən gec olmamaq şərtilə nisyə satışı nəzərdə tutula bilər. İddiaçı tərəfindən malların təhviltəsliminə dair sübut məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq tərəflər arasında borca dair tərtib edilmiş üzləşmə aktını cavabdeh imzalamaqla borcunun olmasını etiraf etmişdir. Həmin vaxtdan sonra da öhdəlik cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Bu səbəbdən məhkəmə tərəflər arasında tərtib edilmiş üzləşmə aktının tərtib edildiyi tarixə istinad edərək hesab edir ki, həmin aktın tərtib edildiyi xx.xx.2022-ci il tarixdən məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixə olan 22 ay üçün illik 5%-lə ödənilməli faiz məbləği 792,22 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi illik 5 %-lə hesablanmış faiz məbləği (8643,02 * 5% = 432,15 manat – 1 il üçün, 432,15 / 12 ay = 36,01 manat 1 aylıq faiz, 36,01 x 22 ay = 792,22 manat) 792,22 manat təşkil edir. Bu səbəbdən 792,22 manat illik 5 % məbləği kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsinə münasibətdə onu qeyd edir ki, Azərbaycan Respublikası Vəkillər X2 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Məhkəmə iddiaçının məhkəmə iclasında vəkillə təmsil olunmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 500 manat deyil, 300 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 115,43 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği dəyişmədiyindən ödənilməmiş 115,43 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 121 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 121 manat məbləğdən cavabdeh tərəfindən iddianın qiymətinə uyğun ödənilməli 115,43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 5,57 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8643.02 manat əsas borc, 792.22 manat illik 5%-lə hesablanmış faiz borcu, 300 manat hüquqi yardımla bağlı xərc və 115,43 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 5,57 manat dövlət rüsumu İddiaçı QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-287/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-287/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver